13 oktyabr 2026 00:00
95

Hicab ajiotajı kimə lazımdır?

XXI əsrdə dünyəvi təhsili süni arqumentlərlə buxovlamaq istəyənlər də tapılır. Ancaq bunlar cəmiyyətin cüzi bir hissəsini təşkil edir. Dünyanın qana çalxandığı indiki zamanda bunların mənasız məsələlərlə baş aparması kimin marağındadır? Heç bir əsas olmadan dünyəvi təhsilə etirazlar nəyə hesablanıb? Bir qrup şəxs cəmiyyəti hara çəkməyə  cəhd edir? Bu yerdə istər-istəməz: “Var idi hər yarağı, çatmırdı saqqal darağı” zərb-məsəlimiz yada düşür.

Tarix boyu həmişə yeniliyin qarşısını almağa çalışanlar olub. Keçən əsrin əvvəllərində mollaxanalardan fərqli dünyəvi məktəblərin açılmasına qarşı duranlar böyük ajiotaj yaratmışdılar. Onlar xarici dillərin tədrisinə, elmlərin əsaslarına, məktəbli uniformasına və müəllimlərin davranışına qarşı çıxırdılar.

Böyük satirik şairimiz Mirzə Ələkbər Sabir, mütəfəkkir dramaturqumuz Cəlil Məmmədquluzadə və başqaları belə gerizəkalıları öldürücü satiraları ilə tənqid və ifşa edirdilər. Cəhalətə qapılmış köhnə fikirli adamlar mədəniyyətin, mütərəqqi təhsilin əleyhinə çıxırdılar. Sabir belələrini bu cür satira atəşinə tuturdu:

Mən dəyişib şiveyi-əcdadımı

Boylə oda salmaram övladımı,

Eyləmərəm dinsiz öz əhfadımı,

At çölə getsin, nə dəbistandı bu,

Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!

Sanki yüz iyirmi il əvvəl tüğyan edən cahillərin davamçıları bu gün meydana çıxıblar. Əllərində heç bir əsas olmadığına baxmayaraq aranı qatmaq niyyətinə düşüblər. Ancaq dediyimiz kimi, əllərində heç bir dəlil yoxdur, çünki ölkəmizdə din və vicdan azadlığı var. Tolerant ölkədə yaşayırıq. Başqa ölkələrdə bizim dini dözümlüyümüzə və multikultural dəyərlərimizə həsəd aparırlar. Heç kəsə necə geyinməyi, hansı dinə inanmağı qadağan edən heç bir rəsmi dövlət sənədi yoxdur. Yəni, araqatanların hay-küyləri sabun köpüyü kimi bir şeydir.

Orta məktəblərdə hicabın qadağan edilməsi ilə bağlı hər hansı qərar olmadığı halda, vahid məktəbli geyimi qaydalarının dini azadlıqlara qarşı addım kimi təqdim edilməsi və bu mövzu ətrafında məqsədyönlü şəkildə, qəsdən ajiotaj yaradılması cəhdləri ciddi suallar doğurur. Təhsil sahəsinə aid məsələlərin süni şəkildə guya dini etiqad azadlığına qarşı kimi təqdim edilməsi tamamilə səhv, yolverilməz və qəbuledilməzdir.  Hicaba qadağa olmadığı halda əsassız hay-küyün qaldırılması, cəmiyyətin kiçik bir zümrəsinin qızışdırılması və təhsil məsələsinin dini qarşıdurma müstəvisinə çəkilməsi təsadüfi hadisə kimi dəyərləndirilə bilməz. Bu, ölkəmizi gözü götürməyənlərin ortaya atdıqları məqsədli bir oyundur. Əsas məsələ odur ki, Azərbaycanın siyasi-iqtisadi uğurları, dünyada orta gücə çevrilməsi bəzi dairələri və bədxahları rahat buraxmır.  Bu, ölkəmizin daha da güclənməsini, dünyada söz sahibi olmasını, müstəqil siyasət həyata keçirməsini qəbil edə bilməyən dairələrin ictimai rəyi lazım olmayan və zərərli məcraya yönəltmək, bəzi insanların dini həssaslıqlarından sui-istifadə etmək və dünyəvi təhsil prinsiplərinə qarşı inamsızlıq yaratmaq cəhdidir. Unutmuruq ki, əvvəllər də əsassız dini məsələlər ortaya atılıb. Lakin həmişə qarşısı alınıb. Bu məsələnin də sadə həlli var.

Azərbaycan məktəblərində tətbiq olunan geyim qaydaları ölkəmizin daxili işidir və heç bir xarici qüvvənin dini hisslərdən istifadə edərək cəmiyyətimizdə süni qarşıdurma yaratmağa, dünyəvi dövlətçilik prinsiplərimizə müdaxilə etməyə mənəvi və hüquqi haqqı yoxdur. Gəlin dövlətin və məktəbin işinə qarışmayaq, çək-çevir də özü-özünə həll olunsun. Gəlin bədxahlara aramıza soxulmağa imkan verməyək.

Azərbaycanın regionda yaratdığı reallıqları həzm edə bilməyən qüvvələr  adi təhsil qaydalarını dini azadlıqlara qarşı hücum kimi təqdim etməyə cəhdlər edirlər. Əgər məqsəd həqiqətən dini inancları qorumaqdırsa, o zaman mövcud olmayan qadağa üzərindən niyə süni ajiotaj yaratmağa çalşırlar? Desinlər, müqəddəs kitabımız olan “Qurani-Kərim”də hicab haqqında hansı qayda var? Varsa göstərsinlər. Dindən öz məkrli məqsədləri üçün sui-istifadə edən bu adamlar dini kimdən qoruyurlar, məgər ölkəmizdə din və əqidə azadlığı yoxdur?  “Daşın” haradan atıldığı yer təxminən məlumdur. Ancaq kim olur-olsun, Azərbaycan kənar təsirləri rədd edir. Təəccüblüdür ki, bu “dinsevərlər” və ata-babaları sovet dövründə niyə cınqırlarını çıxarmırdılar. Axı, bolşeviklər ateizmi təbliğ edir, allahsızlar komitələri təşkil edir, mollaları və din xadimlərini sorğu-sualsız güllələyir, Quranı, dini ayinləri qadağan edir, məscidləri anbara çevirirdilər. Azərbaycanlıların  müsəlmanların müqəddəs Məkkə, Məşhəd, Kərbəla, Qum ziyarətgahlarına getməsi qəti qadağan idi. İndi haray-həşir salanlar bunları nə tez unudublar?

Qafqaz Müsəlmanları İdarəsinin, Dini Qurumlar üzrə Dövlət Komitəsinin, Azərbaycan İlahiyyat İnstitutunun, məscidlərin və ziyarətgahların fəaliyyət göstərməsi ölkəmizdə dinə və dindarlara hörmətin təzahürüdür. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şuşada və digər işğaldan azad edilmiş rayonlarda məscidlərin yenidən bərpasına, əvvəlkindən də abad vəziyyətə gətirilməsinə və təminatına qayğı ilə yanasırlar. Şuşadakı Aşağı və Yuxarı Gövhər ağa məscidləri külli miqdarda dövlət vəsaiti hesabına bərpa olunaraq dindarların ixtiyarına verilib. Yüksək səviyyəli rəsmi şəxslər məscidləri dəfələrlə ziyarət ediblər. Dyərləndirməyi bacarmayan şəxslərin kor gözləri bunları nə vaxt görəcək? Müdrik Azərbaycan xalqı çox belə yolunu azmışları yerində oturdub.

İslam dini deyir ki, səhv edənlər üçün tövbə qapısı həmişə açıqdır. Buyursunlar.

Vəli İlyasov, “İki sahil”