16 oktyabr 2026 17:12
184

Vüqar Rəhimzadə: Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır

Bu gün İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən keçən altı illik dövrə nəzər salanda yeni reallıqların fonunda həm Azərbaycanın regionda və dünya siyasətində möhkəmlənən mövqeyini, həm şanlı Qələbəmizin gerçəkliklərinin  dünya gücləri tərəfindən qəbul edilməsini, həm də azad Qarabağımızın və Şərqi Zəngəzurumuzun dirçəlməsini, Böyük Qayıdış Proqramının uğurlu icrasını görməkdən böyük qürur hissi keçiririk.  Şanlı tarixi Zəfərimizdən ötən dövrün mühüm və qürurverici reallıqlarından biri də Prezident İlham Əliyevin  azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı Sərəncamına uyğun olaraq 44 günlük İkinci Qarabağ müharibəsində  qəhrəmanliq salnaməmizə zəfər günləri kimi yazılan tarixlərin qeyd edilməsidir.

Dövlət başçısı İlham Əliyevin həmin Sərəncamına əsasən, 17 oktyabr Füzuli Şəhəri Günüdür. Bu tarix xalqımızın şanlı Zəfər salnaməsinin ən qürurlu səhifələrindən biridir. 2020-ci ilin oktyabrın 17-də rəşadətli Azərbaycan Ordusu Füzuli şəhərini və ətraf kəndlərini Ermənistanın 30 illik işğalından azad edərək tarixi ədaləti bərpa etdi. Bu əlamətdar gün sadəcə bir bayram deyil, həm də gələcək nəsillər üçün mühüm yaddaş və çağırışdır. Azad Füzulinin və digər doğma torpaqlarımızın işğal dövründə məruz qaldıqları görünməmiş vəhşilikləri, vandallığı, tamamilə dağıdılaraq “ruhlar şəhəri”nə çevrilməsini heç vaxt yaddan çıxarmamalıyıq. 30 il  didərgin düşmüş soydaşlarımızın bir an belə ümidini itirmədən, inamla öz doğma yurd-yuvalarına  qayıdacaqları günü gözləməsi xalqımızın əyilməz ruhunun sübutudur. Şəhər günləri canları, qanları ilə tarix yazan şəhidlərimizin əziz xatirəsinin,  qazilərimizin fədakarlığının nə qədər müqəddəs olduğunu bir daha xatırladır. Azərbaycan xalqı yenilməz, məğrur, torpağına, tarixinə sahib çıxan xalq olduğunu sübut etdi.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə mediaya açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, işğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Rayonda mövcud olan abidələr sırasına Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar. Füzuli şəhəri və rayonun böyük hissəsi 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Ermənistanın  silahlı qüvvələri ilə mübarizədə  rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edildi.  Vətən müharibəsi zamanı ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi.

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 17 oktyabr 2020-ci il  tarixində xalqa müraciətində bu müjdəni verdi: “Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir. Son günlər ərzində mən xalqıma xəbər verərək, yeni azad edilmiş kəndlərin adlarını açıqlamışdım. Bu gün də böyük məmnunluq hissi ilə, böyük sevinc hissi ilə azad edilmiş növbəti yaşayış məntəqələrinin adlarını əziz xalqıma çatdırmaq istəyirəm. Bu gün Füzuli rayonunun aşağıdakı yaşayış məntəqələri işğalçılardan azad edilib – Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!”

  Vüqar Rəhimzadə vurğulayıb ki, Prezident İlham Əliyev həmin müraciətində bu çağırışı da etmişdir ki, biz Füzuliyə qayıdacağıq,  bütün kəndləri yenidən quracağıq, abadlaşdıracağıq. O kəndlərə həyat qayıdacaq. Necə ki, vaxtilə Ulu Öndər Heydər Əliyevin  rəhbərliyi ilə Azərbaycan Ordusu Füzuli rayonunun 22 kəndini, o cümlədən Horadiz qəsəbəsini  işğaldan azad edib. İndi baxın, görün necə gözəl məkandır. Horadiz qəsəbəsi çox abad, müasir şəhərə çevrilibdir. İşğaldan azad edilmiş kəndlərdə füzulililər yaşayır. Bu günə qədər işğaldan azad edilmiş kəndlərdə Füzuli əhalisinin təqribən yarısı məskunlaşıbdır. Ancaq bu gün artıq füzulililərin yaşadıqları kəndlər azad edilib və oraya həyat qayıdacaq, onlar qayıdacaqlar, onlar orada yaşayacaqlar, öz əcdadlarının qəbirlərini ziyarət edəcəklər. Orada bərpa olunacaq məscidlərdə azan səsi eşidiləcək. Biz öz şərəfli missiyamızı yerinə yetiririk.

Millət vəkili bildirib ki, bu gün azad Füzuli sürətlə bərpa edilir, mərhələli şəkildə sakinlərinə qovuşur. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azad edilmiş ərazilərimizə ilk səfərləri Cəbrayıl və Füzuli rayonlarına, o cümlədən şəhərlərinə oldu. Bu səfərin reallaşdığı 16 noyabr 2020-ci il tarixindən bu günədək dövlət başçısı İlham Əliyev Füzuli rayonuna 25 dəfə səfər edib. Səfərlərin sayı görülən işlərin miqyası barədə aydın təsəvvür yaradır. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü ildə  “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etdi. Dövlət başçısı İlham Əliyevin  xüsusi diqqəti nəticəsində rayonda “Füzuli” yarımstansiyası, Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, həmçinin Köndələnçay su anbarları kompleksi istifadəyə verilib. Füzulidə nəqliyyat infrastrukturunun yaradılması istiqamətində mühüm  layihələr reallaşdırılıb.  Zəfər, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları istifadəyə verilib. Bununla yanaşı, Füzuli Beynəlxalq Hava Limanının açılışı olub. Qısa müddətdə bu hava limanının tikilib istifadəyə verilməsi həm ölkəmizin iqtisadi imkanlarının təqdimatı oldu, həm də bu ərazinin strateji əhəmiyyətini təsdiqlədi.

Vüqar Rəhimzadə qeyd edib ki, 2023-cü il avqustun 18-dən etibarən Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlanıb. İlkin mərhələdə 144 ailə köçürüldü. Həmin ailələr həmin vaxtadək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində çətin şəraitdə yaşayan ailələr idi. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı 2024-cü il yanvarın 24-də Bakı şəhərinin Qaradağ rayonundan Füzuli şəhərinə yola salındı. Ümumilikdə 2026-cı il oktyabrın 1-dək Füzuliyə 827 ailə, 3153 nəfər köçürülüb.

Millət vəkili bildirib ki, hazırda işğaldan azad edilmiş ərazilərimizin, o cümlədən Füzulinin bərpası uğurla həyata keçirilir. Bərpa-quruculuq işləri Türk dünyasının birliyinə də şahidlik edir. Belə ki, Özbəkistan  Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan azad olunmuş Füzulidə Mirzə Uluqbəy adına orta məktəb inşa olunub. 2024-cü il mart ayının  12-də isə Prezident İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak etdilər. İşğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması iki xalq arasında dostluğun rəmzi kimi dəyərləndirilir.

Prezident İlham Əliyev çıxışlarında dost ölkələrin azad Qarabağa və azad Şərqi Zəngəzura hədiyyələrini xüsusi qeyd edir və bunu qardaş dəstəyi kimi dəyərləndirir. Prezident İlham Əliyev 2023-cü ildə  Füzuli Şəhəri Günündə   şəhərə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirmişdir ki, bu gün həm Füzulidə, həm bütün başqa şəhər və kəndlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir və bunu təkcə mən yox, bir çox beynəlxalq ekspertlər qeyd edir. Rahat yaşamaq üçün bütün infrastruktur, şərait var. Bizim bütün şəhərlərimiz, bax, Füzuli kimi olacaq. Çünki Füzulidə  birinci şəhərsalma layihəsini icra edirik.

Bu gün sakinlərinə qovuşan 48 şəhər, kənd və qəsəbələrin  sırasında Füzuli şəhərinin və kəndlərinin də adı var. Artıq 10 şəhər sakinlərini qarşılayaraq sevincli günlərini yaşayır. Artıq Qarabağda və Şərqi Zəngəzurda Böyük Qayıdış Proqramının Birinci mərhələsi bu ilin sonunda başa çatır. Hədəf birinci mərhələ başa çatana qədər 140 min  keçmiş məcburi köçkünün  qayıdışını təmin etməkdir. Artıq bu günədək bu torpaqlarda 100 minə yaxın insan yaşayır, işləyir və təhsil alır. Proses uğurla davam edir.