Bakı Ekspo Mərkəzində keçirilən 6-cı “Rebuild Karabakh” sərgisi çərçivəsində təşkil olunan “Qarabağ Hakatonu 2026” yarışması başa çatıb.
“İki sahil” xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və özəl sektor tərəfdaşlarının dəstəyi ilə keçirilən hakatonun əsas məqsədi işğaldan azad edilmiş ərazilərin inkişafına töhfə verən innovativ həllərin hazırlanması, investisiya imkanlarının təşviqi və aqrar sahədə rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsi olub.
“Şəhərsalma və Memarlıq İli”nə həsr olunan hakatonda 14 ali təhsil müəssisəsini təmsil edən 55 tələbə iştirak edib. 44 saat 44 dəqiqə 44 saniyə davam edən yarışma müddətində tələbələr komanda şəklində çalışaraq Qarabağ iqtisadi rayonunda kənd təsərrüfatı təyinatlı torpaq və təsərrüfat sahələrinə investisiyaların cəlb edilməsini dəstəkləyən rəqəmsal portalın prototipini hazırlayıblar. Təklif olunan həllər investisiya imkanlarının vahid platformada təqdim edilməsi, sahibkarların uyğun təsərrüfat sahələrini seçməsi, elektron müraciətlərin həyata keçirilməsi və müraciətlərin statusunun izlənilməsi kimi funksiyaları əhatə edib.
Hakaton gənclərin innovativ potensialının üzə çıxarılması, proqramlaşdırma və layihələrin hazırlanması üzrə praktiki bacarıqlarının inkişaf etdirilməsi, eləcə də ali təhsil müəssisələri ilə biznes sektoru arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
Yarışmanın yekununda təqdim olunan layihələr qiymətləndirilib və yarışmanın qalibləri təltif edilib. Qərbi Kaspi Universiteti və Bakı Mühəndislik Universitetinin birgə komandası “İnvestArea”, Azərbaycan Dövlət Aqrar Universitetinin “Code 44” komandası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universitetinin birgə komandası “Farad” hər biri 4444 AZN məbləğində, İqtisad Universitetinin “Abadland”, eləcə də Qarabağ Universitetinin “KhanAgro” komandalarının hər biri 2222 AZN məbləğində mükafat alıblar.