19 oktyabr 2026 21:37
105

Avropanın dörd ölkəsində yüzlərlə məktəb partlayış təhlükəsi xəbərdarlığı alıb

Bazar ertəsi Şimali İrlandiya, Şotlandiya, Macarıstan və Serbiyada yüzlərlə məktəbə partlayış təhlükəsi ilə bağlı mesajlar daxil olub.

“İki sahil” AFP-yə istinadən xəbər verir ki, təhsil müəssisələrinin bir hissəsi təxliyə olunub, lakin hüquq-mühafizə orqanları hədələrin yalan ola biləcəyini hesab edir.

Bu ölkələrdə baş verən insidentlərin bir-biri ilə əlaqəli olub-olmadığı hələlik məlum deyil.

Şimali İrlandiya polisi hadisəni araşdırır və hazırkı mərhələdə təhdidləri əsassız sayır.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, 300-ə qədər məktəb eyni elektron məktubu alıb. Analoji mesajlar Böyük Britaniyanın digər məktəblərinə də daxil olub.

Şotlandiya polisi də ölkə üzrə bir sıra məktəblərə təhdidlər daxil olduğunu bildirib.

"Bu mesajlar yalan məlumat kimi qiymətləndirilir. Polis əməkdaşları araşdırma aparır", - hüquq-mühafizə orqanlarının bəyanatında deyilir.

Macarıstanda yerli media redaksiyalarına da eyni məzmunlu elektron məktublar göndərilib. Onların müəllifləri iddia ediblər ki, ölkənin 70-dən çox məktəbində partlayıcı qurğular yerləşdirilib. Bir çox təhsil müəssisələri təxliyə edilsə də, yoxlamalar zamanı bomba aşkarlanmayıb.

"İndiyədək aparılan yoxlamaların nəticələrinə görə, səhər saatlarındakı hədələrin əsassız olduğu məlum olub", - Macarıstanın daxili işlər naziri Qabor Posfay "Facebook"da bildirib.

Qonşu Serbiyada 100-dən çox məktəbə partlayış hədələri daxil olub, bu barədə RTS dövlət telekanalı məlumat yayıb.