20 oktyabr 2026 08:55
244

Trampın xüsusi elçisi Zelenski ilə görüşmək üçün Norveçə yola düşüb

ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff oktyabrın 20-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək üçün Norveçin paytaxtı Osloya yola düşüb.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ administrasiyasının rəsmisi məlumat verib.

Onun sözlərinə görə, Osloda keçiriləcək danışıqlarda Norveçin Baş naziri Yonas Qar Störe, E4 ölkələrinin, Avropa İttifaqının və NATO-nun nümayəndələrinin iştirakı gözlənilir. Görüşün əsas məqsədi Rusiya ilə danışıqların bərpasına əsas yarada biləcək hərtərəfli sülh təklifi üzərində mövqeləri uzlaşdırmaqdır.

ABŞ rəsmisi bildirib ki, Uitkoff Oslo görüşündən sonra Rusiyaya səfər etməyi və Prezident Vladimir Putinlə görüşərək Ukrayna və Avropa tərəfdaşları ilə məsləhətləşmələr əsasında hazırlanmış təklifləri təqdim etməyi planlaşdırır.

Cared Kuşner səhhəti ilə əlaqədar Oslo görüşünə şəxsən qatılmayacaq, lakin müzakirələrdə videobağlantı vasitəsilə iştirak edəcək.

Rəsminin sözlərinə görə, son bir həftə ərzində ABŞ, Ukrayna və Avropa nümayəndələri sülh təkliflərinin hazırlanması istiqamətində texniki səviyyədə intensiv işləyiblər. Uitkoff və Kuşner bazar günü Zelenski ilə telefon danışığı apararaq əldə olunan irəliləyişi və növbəti addımları müzakirə ediblər.

“Prezident Tramp Ukrayna və Avropa ilə birlikdə hərtərəfli sülh təklifinin hazırlanması üçün intensiv prosesin aparılmasına göstəriş verib. Növbəti addım bu işin Rusiya ilə ciddi danışıqlar üçün əsas olub-olmayacağını müəyyənləşdirməkdir”, – deyə ABŞ rəsmisi vurğulayıb.