20 oktyabr 2026 15:20
154

Zəngilan: işğaldan Zəfərə uzanan tarixi yol

20 oktyabr – Zəngilan şəhəri günüdür. Bu tarix Azərbaycan xalqının yaddaşında yalnız bir şəhərin işğaldan azad edilməsi günü kimi deyil, həm də 27 illik həsrətin, doğma torpağa qayıdış arzusunun və tarixi ədalətin bərpasının rəmzi kimi yaşayır.

Zəngilan Azərbaycanın qədim yaşayış məskənlərindən biri olmaqla zəngin tarixi-mədəni irsə, əlverişli coğrafi mövqeyə və mühüm strateji əhəmiyyətə malikdir. Rayonun ərazisindən Araz, Həkəri, Oxçuçay və Bəsitçay kimi çaylar keçir. Faydalı qazıntılarla zəngin olan Zəngilan həm də kənd təsərrüfatı üçün əlverişli əraziləri ilə seçilib.

Zəngilanın yerləşdiyi Zəngəzur coğrafiyası tarix boyu müxtəlif inzibati-siyasi dəyişikliklərin təsirinə məruz qalıb. XX əsrin əvvəllərində Azərbaycan torpaqlarının parçalanmasına yönəlmiş siyasət nəticəsində Zəngəzurun böyük hissəsi Ermənistana birləşdirilib. Zəngilan, Qubadlı və Laçın isə Azərbaycanın tərkibində qalıb. Lakin sonrakı hadisələr bu ərazilərin də Ermənistanın işğalçılıq siyasətinin hədəfinə çevrilməsinə gətirib çıxarıb.

1993-cü ilin oktyabrında Zəngilan rayonunun işğalı Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biridir. Füzuli və Cəbrayıl rayonlarının işğalından sonra mühasirədə qalan zəngilanlılar 67 gün ərzində doğma torpaqlarını qorumaq üçün qəhrəmancasına müqavimət göstərdilər.
1993-cü il oktyabrın 25-dən 29-dək əhalinin böyük hissəsi son anda Araz çayını keçərək doğma yurdunu tərk etməyə məcbur oldu. Bu hadisə minlərlə insanın məcburi köçkün həyatı yaşamasına səbəb oldu. Zəngilan uğrunda döyüşlərdə 235 nəfərin şəhid və itkin düşməsi xalqımızın ödədiyi ağır bədəl idi.
İşğal illərində Zəngilanın tarixi-mədəni irsinə də ağır zərbə vuruldu. Məscidlər, türbələr, sərdabələr, qədim yaşayış məskənləri və digər tarixi abidələr dağıdıldı, talan edildi və məqsədli şəkildə məhv edildi. Zəngilan şəhərinin XIX əsrə aid tarixi məscidinin işğal dövründə təhqiramiz şəkildə istifadə olunması erməni vandalizminin mahiyyətini nümayiş etdirən faktlardan biridir.
Zəfərə aparan yol
Lakin Azərbaycan xalqının tarixi ədalətə inamı heç vaxt sarsılmadı. 2020-ci ildə başlayan Vətən müharibəsi bu inamı real Zəfərə çevirdi.
Azərbaycan Ordusunun Cəbrayıl istiqamətində əldə etdiyi mühüm hərbi uğurlar Zəngilanın azad edilməsinə yol açdı. 2020-ci il oktyabrın 20-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Zəngilan şəhərinin və rayonun bir sıra kəndlərinin işğaldan azad edildiyini elan etdi.
Zəngilan uğrunda döyüşlər nəticəsində şəhərlə yanaşı, rayonun 4 qəsəbəsi və 49 kəndi azad edildi. Bununla Azərbaycan Ordusu yalnız ərazi bütövlüyünün bərpası istiqamətində mühüm hərbi uğur qazanmadı, həm də Zəngilanın Azərbaycanın strateji xəritəsindəki əhəmiyyətini yenidən ortaya qoydu. Zəngilanın azad olunmasının xüsusi əhəmiyyət daşıyan nəticələrindən biri də Azərbaycan-İran dövlət sərhədinin bərpası oldu. İşğal nəticəsində nəzarətdən çıxmış 132 kilometrlik sərhəd xətti yenidən Azərbaycanın nəzarətinə keçdi.
20 oktyabr – Zəngilanın Zəfər günü

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş şəhərlərin günlərinin təsis edilməsi Zəngilanın da tarixi yaddaşda xüsusi yerini müəyyənləşdirdi. 20 oktyabr Zəngilan şəhəri günü kimi təsbit edildi.
Bu gün Zəngilanın keçmişinə ehtiram, şəhidlərimizin xatirəsinə hörmət və gələcəyinə inamın ifadəsidir.
Zəngilanın tarixi bizə bir daha göstərir ki, torpaqlar işğal oluna bilər, şəhərlər dağıdıla bilər, insanlar yurdlarından didərgin salına bilər, amma xalqın öz tarixinə, torpağına və dövlətinə bağlılığı məhv edilə bilməz.

Zəngilan bu gün işğalın deyil, Zəfərin simvoludur. Onun azadlığı Azərbaycan dövlətinin hərbi-siyasi gücünün, xalq-iqtidar birliyinin və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyinin parlaq nəticələrindən biridir.

Jalə Əliyeva,
Millət vəkili,
Milli Məclisin Ailə,qadın,uşaq məsələləri
komitəsinin sədr müavini