Günün nəbzi
Bu “özbaşınalıq yarışı”nda udan kimdir, uduzan kim...
Bu gün Bakı şəhəri dünya çapında təkcə qalib, bütövləşmiş müstəqil Azərbaycan Respublikasının paytaxtı funksiyasını yüksək səviyyədə yerinə yetirən gözqamaşdırıcı meqapolis kimi tanınmır. Bakı bu gün həm də demək olar ki, hər həftə mötəbər beynəlxalq ictimai-siyasi, iqtisadi, sosial, mədəniyyət, idman tədbirlərinin və digər qlobal görüşlərin keçirildiyi nadir məkan olaraq dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Biz hələ paytaxtımızın qədimliklə müasirliyin sintezindən yoğrulmuş unikal milli memarlıq və arxitektura nümunələrinin, yaşı minilliklərə söykənən tarixi abidələrinin, Yer kürəsindəki mövcud 11 iqlim qurşağından 9-na sahib olan bölgələrimizin bənzərsiz təbii gözəlliklərinə açılan pəncərə kimi getdikcə daha çox xarici turisti cəlb etdiyini demirik. Təbii ki, bütün bu müsbət keyfiyyətləri və infrasturuktur cəhətdən üstün mövqeyi yerli sakinlərdən və türk qardaşlarımızın təbirincə desək, respublikamızın, “baş kəndi”nə iş, təhsil və digər məqsədlərlə üz tutan insanlardan Bakının yüksək mədəni səviyyəsinə uyğunlaşmağı, əsl şəhər mühitinə xas olan sivil davranış qaydaları sərgiləməyi tələb edir. Bəs, Bakı sakinləri və bölgələrdən şəhərimizə gələn soydaşlarımız bu adidən də adi davranış qaydalarına əməl edirlərmi?..
Təəssüf ki, bu suala müsbət cavab vermək olmur. Ən azından o səbəbdən ki, bu gün paytaxtın əksər ərazilərində, xüsusilə insanların kütləvi şəkildə toplaşdıqları məkanlarda hər addımbaşı ictimai-mədəni davranış qaydalarının pozulması faktları ilə rastlaşmaq mümkündür. Bu baxımdan bəzi metro stansiyalarının giriş-çıxış hissələri və sərnişin avtobuslarının dayanacaqlarında vəziyyət daha dözülməzdir. Qeyd etdiyimiz ərazilərdə vəziyyəti dözülməz həddə çatdıran təkcə səsinin tonuna və əl-qol hərəkətlərinə güc verən bəzi gənclərin, necə deyərlər, mənasız mırt vurmalarının və şit zarafatlarının ətrafdakı avtomobillərin fasiləsiz qulaqbatıran siqnal səslərinə qarışaraq xoşagəlməz aura yaratması deyil. Vəziyyəti daha da tündləşdirən bu məkanlarda yaz yağışından sonra torpaqdan baş qaldıran göbələklər kimi sıraları gündən-günə genişlənən “taksi sürücüləri”idir. Əslində qeyri-qanuni fəaliyyətlə məşğul olan bu adamları “taksi sürücüləri” deyil, köhnə ənənəyə uyğun olaraq “xalturşiklər” adlandırmaq daha doğru olardı. Çünki “taksi sürücüsü” anlayışı özündə geniş mənanı ehtiva edir. Müasir dünyada taksi sürücüsü deyəndə göz önünə yalnız sərnişinləri mənzil başına çatdıran peçə sahibi deyil, müvafiq lisenziya əsasında fəaliyyət göstərən, yaşadığı şəhərin sosial-mədəni simasını və mənsub olduğu xalqın mənəvi keyfiyyətlərini onun xidmətindən istifadə edənlərə aşılamağı bacaran geniş dünyagörüşünə malik şəxs canlanır. Qeyd etdiyimiz məkanlarda isə çox təəssüf ki, taksi sürücüsü adına yaraşmayan, qayda-qanun, ədəb-ərkan, sivil davranış forması tanımadan özfəaliyyətlə məşğul olanların heç birində bu keyfiyyətlərin bir faizini də görə bilməzsən. Əvəzində bu məkanlarda lövbər salıb bütün günü insanların əsəblərini tarıma çəkənlər öz aralarında təşkil etdikləri “özbaşınalıq yarışı”nın qalibi olmaq, başqa sözlə, daha çox “sərnişin ovlamaq” məqsədilə ürəkbulandıran çığır-bağırtılarına bir an da olsun ara vermirlər.
Bu “özbaşınalıq yarışı”nda 20 Yanvar metrostansiyasının istisnasız olaraq bütün çıxışlarında, xüsusilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin köhnə inzibati binasının qarşısındakı avtobus dayanacağında və adına “Velotrek” deyilən ticarət mərkəzinin metro stansiyasının şərq hissəsi ilə üzbəüz ərazisində və ətrafdakı dayanacaqlarda lövbər salıb “sərnişin ovlayan” “xalturşiklər” rekord nəticə göstərirlər desək, qətiyyən yanılmarıq. Sözün əsl mənasında “qarğa bazarı”nı xatırladan bu ərazilərdə hər gün sübh tezdən gecədən xeyli keçənədək davam edən ürəkbulandıran mənzərədən, bir-birinə qarışıb əks-səda verən əcaib-qəraib səslərdən qulaq tutulur. İlahi, daşı dəlib keçməyə belə “qadir olan” uca səslə eyni sözləri neçə dəfə təkrar etmək olar: “Binə, Binə, Lökbatan kruqu, 2 nəfər!”, “Sədərəyə, Sədərəyə! Gəlin görək, 3 nəfər!“, “Yeni Yasamal, Yeni Yasamal! 1 nəfər! Çıxıram haaaa!”, “Müşfiq, 2 nəfər!”, “Yeni qəsəbə!”, “Xırdalan!”, “Qaqaş, gəl otur, Biləsuvara çıxıram”, “Binə bazarına!”, “Sumqayıt, Sumqayıt, 1 bir yer qaldı! Çıxıram!” və sair, və ilaxir...
Bu ərazilərdən keçib getməyə və yaxud dayanacaqda dayanıb marşrut avtobusunu gözləməyə peşman olursan. Dərhal adamın üstünə eyni vaxtda 5-6 “xalturşik” hücum çəkir. Hara getdiyini soruşmadan “Qaqaş, Binə bazarına 1 yerim qalıb, gəl otur, çıxıram”, “Ağsaqqal, Masallıya çıxıram. Qabaq yer boşdur, əyləş, 1 nəfər də tapım gedək”, Nə bilim, daha nələr, nələr... Bir-iki manatdan ötrü min bir hoqqadan çıxan bu üzdəniraqların qeyri-etik davranışlarını işsizlik problemi ilə əlaqələndirməyə çalışanların fikirlərini qətiyyən bölüşə bilmərik. Birincisi, ona görə ki, bu gün Azərbaycanda qlobal səviyyədə işsizlik problemi yoxdur. İkincisi, bu şəxslərin hər birinə aylığı 1000 manata çatan iş yeri təklif etsən də artıq gündəlik həyat tərzlərinə çevrilən köhnə şakərlərindən əl çəkən deyillər. Üçüncüsü, “xalturşiklər” arasında haradasa növbəlilik əsasında işləyənlər də az deyil. Sadəcə, “artıq mal göz çıxarmaz” prinsipinə söykənərək boş vaxtlarında özlərini bu məkanlara yetirib “çax-çuxla” məşğul olurlar Nə isə, mətləbdən uzaqlaşmayaq.
Hər dəfə bu məkanlarda ürəkbulandıran mənzərəni seyr edəndə istər-istəməz çox-çox illər bundan əvvəl izlədiyim və artıq adını unutduğum məşhur Amerika filmindəki dəhşətli səhnə gözlərim önündə canlanır. Filmin qısa süjet xətti belədir. Cavan ailənin yeganə övladı avtoqəzada həlak olur. Gənc oğlunun faciəli taleyinə dözə bilməyən ana hadisədən dərhal sonra intihar edir. Aradan onilliklər keçir. Ailəsinin faciəli dramı ilə barışıb ömrünü tənhalıq içində başa vuran ata günlərin birində dünyasını dəyişir və heç bir günahın sahibi olmayan insan kimi cənnətə düşür. O, cənnətin qapısından içəri girən andan ruhlar dünyasında yenidən övladına və həyat yoldaşına qovuşmaq üçün onları axtarmağa başlayır. Çox keçmədən cənnətdə övladına qovuşur. Ondan anasını soruşur. Oğul “görmədim” deyir. Bir an belə rahatlıq tapmayan vəfalı ər xanımının axtarışını davam etdirir. Nəhayət, ruh ərin qulağına qeybdən belə bir səs gəlir: “Sənin xanımın intihar etməklə Allah-Təalanın dərgahında bağışlanmayan günaha yol verib. Belələrinə cənnətdə yer yoxdur. Onu cəhənnəmdə axtar.” Həyat yoldaşına qovuşmaq ümidi ilə cəhənnəmə üz tutan kişi orada gördüyü mənzərədən dəhşətə gəlir. Cəhənnəmin qır qazanında paqqapaq qaynayan, qadınlığı, kişiliyi bilinməyən başlardan qopub ərşə qalxan əcaib-qəraib səslər Tanrıdan imdad diləyirlər...
Bax, qeyd etdiyimiz məkanlarda sübh tezdən gecədən xeyli keçənədək eynilə “cəhənnəmin qır qazanında qaynayan başlar” kimi bir-birinə qarışıb ətrafa yayılan əcaib-qəraib səslər bu ərazilərdən keçib gedən, burada dayanıb gəlib çıxmaq bilməyən marşrut avtobuslarını gözləyən insanların hər birinin qulağını dəng edib, əsəbini tarıma çəksə də heç kim buna reaksiya vermir. İnsanların laqeydliyindən, biganəliyindən istifadə edib əcaib çığırtılarına daha da güc verən “xalturşiklər ” isə mədəniyyətdən, ictimai birgəyaşayış qaydalarından uzaq davranışları ilə dünyanın sayılıb-seçilən meqapolislərindən olan Bakının sivil şəhər imicinə zərbə vurmaqda davam edirlər.
Yazının əvvəlində qeyd etdiyimiz kimi, hər gün Bakıya müxtəlif məqsədlərlə təşrif buyuran çoxsaylı xarici qonaqların böyük əksəriyyəti ilk növbədə birinci dəfə ayaq basdıqları paytaxtımızla ətraflı tanışlığa üstünlük verirlər. Təbii ki, bu tanışlıq üçün onların ən çox istifadə etdikləri nəqliyyat vasitəsi metro olur. Bakı Metropoliteninin stansiyaları arasında hərəkət edən qatarlarda günün istənilən anında mövcud olan sərnişin sıxlığını bir tərəfə qoyub bir anlığa təsəvvür edək ki, hər hansı ingilis, alman, fransız, rus, daha nə bilim hansı dilli xarici ölkə vətəndaşı 20 Yanvar stansiyasının istənilən çıxışından yerüstü dünyaya varid olarkən bu “qarğa bazarı”nda “sərnişin ovlamaq” üçün ağız-ağıza verib var gücləri ilə qışqıran üzdəniraq “taksistlər”in əcaib-qəraib səs selinə düşür. Sizcə, bu qara-qışqırıqdan heç nə anlamayan, hətta baş verənləri vahimə, qorxu qarışıq heyrətlə izləyən əcnəbinin belədə paytaxtımız haqqında ilkin təəssüratı necə olar? Şübhəsiz, bu sualın cavabı birmənalıdır: çox pis. Bəs görəsən, belə anormal halların qarşısını almağa məsul olan, xüsusilə marşrut avtobuslarının dayanacaqlarında qayda-qanunun qorunmasına birbaşa məsuliyyət daşıyan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) rəsmilərinin bu aktual məsələyə münasibəti necədir? Elə AYNA-nın mətbuat katibi Tural Orucova zəng etməkdə də məqsədimiz əksər paytaxt sakinlərini narahat edən bu problemə aydınlıq gətirmək idi. Amma təəssüf ki, sualımızı sonadək dinləməyə səbri çatmayan hörmətli mətbuat katibinin hamını maraqlandıran aktual problemə münasibəti qısa və konkret oldu: ”Bu, bizim qurumun səlahiyyətinə aid olan məsələ deyil. Daxili İşlər Nazirliyinə müraciət edin.”
AYNA rəsmisinin diqqətinə çatdırdıq ki, axı, bu anormal vəziyyət bütün gün ərzində, necə deyərlər, sizin qurumun mülkiyyəti olan dayanacaqlarda cərəyan edir. Qeyri-qanuni taksi fəaliyyəti göstərən bu şəxslər etikadankənar davranışları ilə təkcə sərnişinlərin və ərazidən ötən insanların əsəbləri ilə oynamır, həm də sərnişin avtobuslarının normal hərəkətinə mane olurlar. Başqa sözlə, burada süni ajiotaj yaradırlar. Heç olmasa sizin əməkdaşlar bu “işbazlara” hərəkətlərinin qeyri-qanuniliyini xatırlada, onları nizam-intizama dəvət edə bilməzlərmi? Təəssüf ki, dediklərimizdən bir nəticə hasil olmadı və hörmətli mətbuat katibi dəfələrlə “Daxili İşlər Nazirliyinə müraciət edin” sözlərini təkrar etdi. Ona təmsil etdiyi qurumun mətbuat katibi kimi sualımızı cavablandırmağa borclu olduğunu xatırladanda isə bu sözləri eşitdik: “Mən mətbuata açıq adamam. Medianın istənilən sualını cavablandırmağa hazıram. Amma bu məsələyə münasibət bildirə bilmərəm. Daxili İşlər Nazirliyinə müraciət edin.” Təbii ki, hörmətli mətbuat katibi suallarımıza normal cavab versəydi onun nəzərinə çatırardıq ki, əgər AYNA-nın sərnişin avtobusları real vaxt rejimində çalışsalar, başqa sözlə, dayanacaqlararası intervallara düzgün əməl etsələr, bəzən hətta on dəqiqələrlə səbirsizliklə marşrut avtobuslarını gözləməkdən əsəbləri tarıma çəkilən insanlar qulaqlarının dibində fasiləsiz çığır-bağır salan “xalturşiklər”in toruna düşməz, nəticədə bu ərazilər “qarğa bazarı”na çevrilməz.
Bir halda ki, söhbət hərlənib-fırlanıb yenə də bu məkanlarda addımbaşı insanların əsəblərinin tarıma çəkilməsinin üzərinə gəldi, belə bir məqamda psixoloq Aytən Ələkbərovanın mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında toxunduğu problemləri hörmətli oxucularımızın diqqətinə çatdırmağı zəruri hesab edirik. Psixoloqun qənaətinə görə, insanlar bəzən ən kiçik qıcıqlandırıcı amillərə, hətta adi bir səsə belə dərhal reaksiya verə bilirlər. Bəzi hallarda bu reaksiyalar o həddə çatır ki, insan özünü idarə etməkdə çətinlik çəkir və nəticədə tərəflər arasında ciddi münaqişələr, hətta cinayət hadisələri baş verə bilir: “Müasir dövrdə insanların əsəbi və gərgin vəziyyətdə olması tez-tez müşahidə edilir. Bunun əsas səbəblərindən biri informasiya çoxluğunun yaratdığı stresdir. İnformasiya stresi insanın emosional vəziyyətinə və sinir sisteminə birbaşa təsir göstərir. Gündəlik həyatda da bunun müxtəlif təzahürlərini görürük. Bəzən kiçik bir səs, danışıq tonunun yüksəlməsi və ya adi bir qeyri-etik davranış insanlar arasında aqressiyaya səbəb ola bilir. Bu hallara təkcə metroda deyil, ictimai nəqliyyatda, xüsusilə dayanaqlarda uzun müddət marşrut avtobuslarını gözləyən sərnişinlər arasında və digər ictimai məkanlarda rast gəlinir. Beləliklə, informasiya yükü və gündəlik stress insanın emosional tarazlığına təsir göstərərək, onun xırda hadisələrə belə kəskin reaksiya verməsinə səbəb ola bilər.”
Psixoloq Aytən Ələkbərova belə bir qənaətə gəlməkdə tamamilə haqlıdır. Bununla belə, sözügedən problemdən söhbət açarkən bir vacib məqamı gözdən qaçırmaq olmaz. Məsələ burasındadır ki, yuxarıda qeyd etdiyimiz kimi, bu gün sübh tezdən gecədən xeyli keçənədək bəzi metro stansiyalarının çıxışlarında və sərnişin avtobuslarının dayanaqlarında dili boğaza qoymadan qışqıraraq “sərnişin ovlayanlar” ətrafdakı insanların əsəbləri ilə oynamaqla yanaşı, həm də özlərinin gələcək psixoloji problemlərinin bünövrəsini qoymuş olurlar. Biz bu qənaətə elə-belə deyil, real həyat hadisələrinə əsaslanaraq gəlirik. Ötən əsrin 90-cı illərinin əvvəllərində, Azərbaycan müstəqilliyini yenicə bərpa etdiyi iqtisadi-sosial çətinlik dönəmində bugünkü anormal vəziyyət Bakı şəhərinin əksər məkanlarında, o cümlədən 28 May metro stansiyasının qarşısında da mövcud idi. O zaman yeniyetmə uşaqlar bütün gün ərzində eynilə indiki kimi qışqırıb-bağırmaqla insanları burada dayanıb sərnişin gözləyən kiçik tutumlu avtobuslara dəvət edirdilər. Həmin vaxtlarda belə yeniyetmələrdən biri bu yazının müəllifinə etiraf etmişdi ki, gündüzlər qışqırdıqlarımı gecələr yuxuda da təkrarlayır, səhərəcən valideynlərimi yatmağa qoymuram. Kim bilir, bəlkə bu gün qeyd etdiyiniz ictimai məkanlarda nəfəs dərmədən qışqırmaqla “sərnişin ovlayanlar” arasında da belələri az deyil. Görəsən, əcaib-qəraib qışqırtıları ilə başqalarının əsəblərini tarıma çəkən və bu qeyri-etik davranışlarından məmnun qalan belələri heç olmasa özlərinin gələcəkdə psixoloji problemlərlə üzləşə biləcəklərini dərk edirlərmi? Bax, əsas sual budur!
Əhməd Qurbanoğlu, “İki sahil”
Şəkidə yeni turizm məhsulları yaradılır, tarixi abidələr bərpa olunur - Murad Ağabəyli