21 oktyabr 2026 17:12
169

Bakıda idman dırmanması üzrə Azərbaycan çempionatı keçiriləcək

Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 22–25 oktyabr 2026-cı il tarixlərində Bakıda idman dırmanması üzrə ölkə çempionatı keçiriləcək.

“İki sahil” xəbər verir ki, “Climb Baku” İdman Dırmanma Mərkəzində təşkil olunacaq yarışda 16 yaş və daha yuxarı yaş qrupundan olan idmançılar çətinlik və bouldering növləri üzrə mübarizə aparacaqlar. Dörd gün davam edəcək çempionatda qadın və kişi idmançılar texniki hazırlıqlarını, fiziki dözümlülüklərini və dırmanma bacarıqlarını nümayiş etdirəcəklər.

Yarış proqramına əsasən, oktyabrın 22-də çətinlik növü üzrə təsnifat, oktyabrın 23-də isə final mərhələsi keçiriləcək. Oktyabrın 24-də idmançılar bouldering növü üzrə təsnifat mərhələsində qüvvələrini sınayacaqlar. Çempionatın sonuncu günü - oktyabrın 25-də bu növ üzrə final yarışları təşkil olunacaq.

Çempionatın keçirilməsində əsas məqsəd Azərbaycanda idman dırmanmasının inkişafına töhfə vermək, idmançılar arasında rəqabət mühitini gücləndirmək, onların peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsini təşviq etmək, milli komandanın formalaşdırılması üçün perspektivli idmançıları müəyyənləşdirmək və bu idman növünə marağı artırmaqdır.

Oktyabrın 25-də final mərhələsi başa çatdıqdan sonra çempionatın rəsmi bağlanış və mükafatlandırma mərasimi keçiriləcək.

Azərbaycan Alpinizm Federasiyası kütləvi informasiya vasitələrinin nümayəndələrini çempionatın gedişini izləməyə və yarışları işıqlandırmağa dəvət edir.

Yarışın keçirilmə yeri: Bakı şəhəri, 8 Noyabr prospekti 61, “Climb Baku” İdman Dırmanma Mərkəzi.

Tarix:22–25 oktyabr 2026-cı il.