22 oktyabr 2026 15:21
86

Ölkəmizin əldə etdiyi tarixi nailiyyətlər möhkəm təməllər üzərində qurulub

Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatının “C.Cabbarlı küçəsi 1, “Cəyli kənd”, “Yenikənd kənd” ərazi partiya təşkilatlarında VIII Qurultayın yekunlarına həsr olunmuş növbəti  tədbirlər keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirlərdə YAP Kürdəmir  rayon təşkilatının sədr müavini Elxan  Qafarov, ərazi partiya təşkilatlarının sədrləri və ərazi partiya təşkilatının üzvləri  iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Tədbirləri giriş sözü ilə açan YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov çıxış edərək Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi nitqin əhəmiyyətindən danışıb. Bildirib ki, Qurultay Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunduğu yeni tarixi mərhələdə keçirilməsi ilə xüsusi əhəmiyyət daşıyır.  Çıxışda Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ölkəmizin əldə etdiyi tarixi nailiyyətlərin möhkəm təməllər üzərində qurulduğu vurğulanıb. Qeyd olunub ki, Qurultayda irəli sürülən vəzifələr hər bir partiya üzvünün üzərinə böyük məsuliyyət qoyur. Bu baxımdan, Yeni Azərbaycan Partiyası üzvləri dövlətçilik prinsiplərinin qorunması, cəmiyyətlə əlaqələrin gücləndirilməsi, vətəndaşların müraciətlərinə həssas yanaşılması və ölkəmizin gələcək inkişafına töhfə verilməsi istiqamətində fəaliyyətlərini daha da gücləndirməlidirlər.

Çıxış edən Kürdəmir şəhər S.Paşayev adına 6 saylı tam orta məktəbinin direktoru Səyyaf Zülfiqarov ,  “C.Cabbarlı küçəsi 1” ərazi partiya təşkilatının sədri Türfə Kərimova , Kürdəmir rayon Cəyli kənd tam orta məktəbinin direktoru Rəşad Novruzov , “Cəyli kənd” ərazi partiya təşkilatının sədri Gülşən Zeynallı, “Yenikənd kənd” ərazi partiya təşkilatının sədri Müzəffər Musayev VIII Qurultayın əhəmiyyəti, Yeni Azərbaycan Partiyasının cəmiyyət həyatındakı rolu, partiya üzvlərinin məsuliyyəti və qarşıda duran vəzifələrin icrası ilə bağlı fikirlərini bildiriblər. VIII Qurultayın nəticələrinin əhəmiyyətindən danışaraq qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsində ərazi partiya təşkilatlarının fəal iştirakının vacibliyini qeyd ediblər. Bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin siyasi irsinə və dövlətçilik prinsiplərinə sadiqlik hər bir partiya üzvünün fəaliyyətində əsas meyar olmalıdır.

Sonda VIII Qurultayın qərarlarından irəli gələn vəzifələrin yerli səviyyədə həyata keçirilməsi, ərazi partiya təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsi və qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.