Əsassız bəyanatlarla vaxt qazanmaq, bu gün dediyini sabah danmaq yaxşı hec nə vəd etmir
Cənubi Qafqazda tarixi sülhün əldə olunması üçün real imkanlar yaransa da, Ermənistanın baş naziri Nikol Paşinyanın sərgilədiyi ziddiyyətli və manipulyativ davranışlar prosesin yekunlaşmasına mane olur. Bir tərəfdən beynəlxalq platformalarda sülh tərəfdarı kimi çıxış edən, digər tərəfdən isə sülhün ən təməl hüquqi şərti olan Konstitusiya dəyişikliyini ertələyən rəsmi İrəvan açıq şəkildə vaxt qazanmaq taktikasına üstünlük verir. Bu siyasi manevrlər "gah nala, gah mıxa vurmaq" kimi xarakterizə olunur və sülh prosesinə ciddi inamsızlıq kölgəsi salır. Belə ki, oktyabrın 22-də hökumətin iclasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sülh sazişinin tezliklə imzalanmasının hökumətin siyasi öhdəliyi oduğunu bildirib : "Biz bu sənədin imzalanmasını və təsdiqlənməsini istəyirik, çünki kommunikasiyaların təkcə iqtisadi komponenti deyil, həm də sülhü möhkəmləndirmək missiyası var", - deyə o qeyd edib. Ermənistanın baş naziri Nikol Paşinyan isə sülh müqaviləsinin mümkün qədər tez imzalanmasının vacibliyini bildirib. Bununla da o, 2031-ci ildə sülh müqaviləsinin imzalanacağı ilə bağlı dediklərini təkzib edib: "Mən bunu 2031-ci ilə qədər bildirmişdim, yəni seçkilərdən sonrakı mandat beş il müddətinə verilib. Amma biz prosesi təxirə salmağı planlaşdırmırıq”, - deyə Paşinyan bildirib.
Xatırladaq ki, bundan bir necə gün öncə Paşinyan Azərbaycanla sülh müqaviləsini yalnız 2031-ci ilə qədər bağlamaq niyyətində olduğuna dair bəyanat vermişdi. Göründüyü kimi, bir tərəfdən "sülh müqaviləsinə hazırıq" deyən Paşinyan digər tərəfdən reallıqdan uzaq şərtlər və təkliflər səsləndirməklə prosesi faktiki olaraq çıxılmaz vəziyyətə salır. İrəvanda parlament seçkiləri, hökumətin formalaşdırılması və Hökumət Proqramının qəbulundan sonra sülh gündəliyində gözlənilən dinamika əvəzinə, informasiya səs-küyü və vaxtuzatma taktikası müşahidə edilir. İki ölkə arasında rəsmi təmaslar 2025-ci ilin avqustunda Vaşinqtonda bərqərar olmuş de-fakto sülh çərçivəsində əldə edilən razılaşmaların ətaləti hesabına davam edir. Hətta Bişkekdə Azərbaycan və Ermənistan liderləri arasında keçirilən son görüş konstruktiv atmosferdə baş tutsa da, ən kritik və vacib sahələrdə real irəliləyiş əlaməti görünmədi. Son iki ay ərzində də sülh gündəliyində real, addım-addım nəticələrə söykənən hərəkətlərdən daha çox mahiyyəti dəyişdirməyən informasiya manipulyasiyası üstünlük təşkil edib. Konkret addımların atılmaması və vətəndaş cəmiyyəti daxilində informasiya fasiləsinin yaranması sülh gündəliyinin psixoloji əsaslarını zəiflədir.
Sülh prosesinin ləngiməsində və etimad mühitinin zəifləməsində Ermənistan rəhbərliyinin qeyri-müəyyən siyasəti həlledici rol oynayır. Belə ki, Ermənistanın yeni Konstitusiyası layihəsi hələ də geniş ictimaiyyətə təqdim olunmayıb və bu sənədlə bağlı referendumun keçirilməsi məsələsi ümumiyyətlə gündəlikdən kənarda qalır. Eyni zamanda, TRİPP layihəsinin tikintisi üçün tenderlərin keçirilməsi barədə heç bir məlumat yoxdur və podratçı şirkətin kimliyi qeyri-müəyyən olaraq qalır. Prosesin texniki və icra mərhələsi tamamilə iflic vəziyyətindədir. Üstəlik Azərbaycan hərbçisinin hələ delimitasiya və demarkasiya olunmayan sərhəd xəttini keçməsi ilə bağlı yaşanan son insident sülhün qavranılması prosesinə əlavə çətinliklər yaradır.
Digər tərəfdən, Ermənistan baş nazirinin ərazi mübadiləsi haqqında verdiyi bəyanatlar cəmiyyətdə sanki bu mövzuda danışıqların aparıldığı təəssüratını yaratmağa hesablanıb. Lakin reallıq tamamilə fərqlidir: Hökumətlərarası Komissiyanın Ermənistan tərəfindən olan həmsədri Mher Qriqoryan da təsdiq edib ki, eksklavlar/anklavlar mövzusunda Komissiyada heç bir müzakirə aparılmayıb və razılıq əldə olunmayıb. Komissiya birgə iş qaydalarını və müşayiət olunan sənədləri təsdiqləyib, şimal-cənub sərhədini əsas kimi qəbul edib. Ermənistan rəhbərliyinin ərazi mübadiləsi mövzusunu Hökumətlərarası Komissiyanın işinə şərt kimi sırımaq cəhdi effektsizdir və komissiyanın işinə mənfi təsir göstərir.
Göründüyü kimi, Ermənistan rəhbərliyinin geostrateji dəyişikliklər ümidi ilə razılaşdırılmış gündəliyi dəyişdirməyə çalışması, eləcə də real vəziyyətdən uzaq müzakirələr aparması sülh gündəliyinə olan etimadı sarsıdır. Sülh prosesi informasiya manipulyasiyası və vaxtqazanma taktikaları deyil, fundamental qərarlar, qətiyyətli addımlar və real fəaliyyət tələb edir.
Bütün bu ləngimələrə baxmayaraq, Azərbaycan hər zaman sülhün tərəfdarı olub, hazırda da prosesdən imtina etmir və faktiki bərqərar olmuş sülh şərtlərinə ən yüksək səviyyədə sadiqdir. Lakin Bakının razılaşdırılmış sülh gündəliyi ilə bağlı mövqeyi prinsipial və dəyişməzdir. İlk növbədə Ermənistanda referendum keçirilməli, Azərbaycana qarşı ərazi iddiaları ehtiva etməyən yeni Konstitusiya qəbul olunmalı, yalnız bundan sonra sülh sazişi imzalanaraq təsdiqlənməli və dövlətlərarası rəsmi münasibətlər qurulmalıdır. Dayanıqlı sülhün əldə olunması üçün Bakının irəli sürdüyü tələblər tamamilə beynəlxalq hüquqa və sağlam məntiqə əsaslanır.
Sevinc Azadi, “İki sahil”
Qarabağ Avrasiyanın ən mühüm ekoloji bərpa və ekoturizm mərkəzlərindən birinə çevriləcək - TƏHLİL
Qubadlının bərpası Şərqi Zəngəzurun iqtisadi potensialının inkişafına töhfə verir