1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü əsassız ərazi iddiaları və həyata keçirdiyi hərbi təcavüz ölkəmizi silahlı münaqişəyə sürüklədi. Bu münaqişə xalqımıza ağır faciələr yaşatdı, minlərlə insanın həyatına son qoydu, yüz minlərlə soydaşımızın doğma yurdlarından didərgin düşməsinə səbəb oldu. Müharibə və işğal dövründə mülki azərbaycanlılar qətlə yetirildi, əsir və girov götürülən insanlar qeyri-insani rəftara, ağır işgəncələrə məruz qaldılar. Baş verən faciələr nəticəsində minlərlə soydaşımız itkin düşdü və onların taleyi bu günədək naməlum olaraq qalır. İtkin düşmüş hər bir insanın arxasında bir ailənin yarımçıq qalmış həyatı, bitməyən intizarı dayanır.
Rəsmi məlumatlara görə, Azərbaycanda Birinci və İkinci Qarabağ müharibələri ilə əlaqədar itkin düşmüş şəxs kimi qeydiyyata alınanların ümumi sayı 4 010 nəfərdir. Onlardan 4 004 nəfəri Birinci Qarabağ müharibəsi, 6 nəfəri isə İkinci Qarabağ müharibəsi zamanı itkin düşüb. Bu gün minlərlə ailə yaxınlarının sağ olub-olmaması, harada dəfn edilməsi barədə həqiqəti öyrənmək istəyir. Onlar doğmalarının taleyinə aydınlıq gətiriləcəyi, məzarlarının yerinin müəyyən olunacağı və qalıqlarının ailələrinə təhvil veriləcəyi günü gözləyirlər.

Təəssüf ki, Ermənistan beynəlxalq normalar əsasında itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirə biləcək məlumatların təqdim edilməsi istiqamətində üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Bu da itkin düşmüş şəxslərin axtarışını çətinləşdirir, ailələrin ağrı-acısını daha da artırır.
Yeri gəlmişkən, işğaldan azad edilmiş ərazilərdə aparılan axtarış və qazıntı işləri zamanı kütləvi məzarlıqların aşkarlanması, insan qalıqlarının ekshumasiyası və onların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində mühüm işlər görülür. Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkarlanıb. Həmin məzarlıqlarda 253 nəfərin qalıqlarının olduğu bildirilib. Eyni zamanda, 328 itkin düşmüş şəxsin kimliyi müəyyənləşdirilib, 273 nəfərin nəşi isə ailələrinə təhvil verilib. Hazırda azad edilmiş ərazilərdə axtarış, qazıntı və identifikasiya işləri davam etdirilir.
Azərbaycan itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi məsələsini beynəlxalq aləmdə də ardıcıl şəkildə gündəmdə saxlayır. Belə ki, rəsmi Bakı beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə müraciətlər edərək bildirir ki, Ermənistan itkin düşmüş azərbaycanlılar barədə məlumata malik olduğu halda həmin məlumatları açıqlamır, kütləvi məzarlıqların yerlərinin müəyyənləşdirilməsinə kömək göstərmir.
İtkin düşmüş azərbaycanlıların ailələrinin beynəlxalq ictimaiyyətə müraciətləri də məhz bu məqsədə xidmət edir. Oktyabrın 20-də “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin təşkilatçılığı ilə Brüsseldə, Avropa Parlamentinin qarşısında bir qrup azərbaycanlının iştirakı ilə aksiya keçirilib, etiraz bəyanatı səsləndirilib. İtkin düşmüş azərbaycanlılarla bağlı bir dəfə də olsun məsələ qaldırmayan Avropa İttifaqına ünvanlanan sənəddə deyilir ki, ötən il BMT-nin Cenevrədəki ofisinə çatdırdığımız humanitar çağırışı bu gün Brüsseldə davam etdiririk. İnsan hüquqları universaldırsa, həqiqəti bilmək hüququ da universaldır. Onlar itkin düşmüş ailə üzvlərindən xəbər alanadək Avropada aksiyalarının davamlı olacağını bildiriblər. İnsan hüquqlarının müdafiəsini özünün əsas prinsiplərindən biri elan edən beynəlxalq qurumlar bu məsələyə münasibətdə obyektiv və prinsipial mövqe nümayiş etdirməlidirlər. Ermənistanın müdafiəsinə yönələn siyasi yanaşmaların insan talelərindən üstün tutulması yolverilməzdir. Onların fikrincə, itkin düşmüş azərbaycanlıların taleyi siyasi maraqların və ikili standartların kölgəsində qalmamalıdır.
Qvami Məhəbbətoğlu, “İki sahil”
Qarabağ Avrasiyanın ən mühüm ekoloji bərpa və ekoturizm mərkəzlərindən birinə çevriləcək - TƏHLİL
Qubadlının bərpası Şərqi Zəngəzurun iqtisadi potensialının inkişafına töhfə verir