23 oktyabr 2026 14:17
122

Azərbaycan və Özbəkistanın turizm imkanları Avropanın dörd şəhərində təqdim olunub

Oktyabrın 19-22-də Azərbaycan Turizm Bürosu (ATB) və Özbəkistanın Milli PR Mərkəzinin birgə təşkilatçılığı ilə “İpək Yolunun inciləri 2026” (“Highlights of the Silk Road Roadshow 2026”) adlı tanıtım tədbirləri keçirilib. 

“İki sahil” xəbər verir ki, Almaniyanın Berlin və Münhen, İsveçin Stokholm və Finlandiyanın Helsinki şəhərlərində təşkil olunan tədbirlərdə Azərbaycan və Özbəkistanın ölkənin turizm imkanları, tarixi-mədəni irsi və birgə səyahət marşrutları Avropanın turizm sənayesi nümayəndələrinə təqdim edilib.

Proqram çərçivəsində hər şəhərdə  50 turizm sənayesi nümayəndəsinin iştirakı ilə B2B formatlı işgüzar görüşlər keçirilib. Görüşlərdə turizm məhsulları təqdim olunub, bazar imkanları və Avropanın turizm şirkətləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib. Həmçinin Azərbaycan və Özbəkistanın milli musiqi və rəqs nümunələrini əhatə edən mədəni proqram təşkil olunub.

Tədbirlərdə Azərbaycan və Özbəkistandan 15-ə yaxın turizm sənayesi tərəfdaşı, o cümlədən Azərbaycanı təmsil edən 6 turizm şirkəti (DMC) iştirak edib. Proqramda, həmçinin "Azərbaycan Hava Yolları" QSC (AZAL) Berlində, “Türk Hava Yolları” Berlin və Münhendə, “Uzbekistan Airways” və “Centrum Air” isə 4 şəhərin hər birində iştirak ediblər. Aviaşirkətlərin iştirakı iki ölkə üzrə səyahət marşrutlarının planlaşdırılması və hava əlaqələri barədə məlumat mübadiləsi baxımından əhəmiyyət daşıyıb.

Dörd Avropa şəhərini əhatə edən tanıtım tədbirləri Azərbaycanın və Özbəkistanın turizm məhsullarının beynəlxalq bazarlarda təşviqinə, yeni işgüzar əlaqələrin qurulmasına və İpək Yolu boyunca birgə səyahət imkanlarının tanıdılmasına xidmət edib.

Tanıtım tədbirləri ATB ilə Özbəkistanın Milli PR Mərkəzi arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində həyata keçirilib. Əməkdaşlıq iki ölkənin vahid turizm brendi altında təşviqini və tarixi İpək Yolu boyunca bir-birini tamamlayan səyahət istiqamətləri kimi təqdim olunmasını nəzərdə tutur. Bu çərçivədə tarixi abidələr, ənənəvi sənətkarlıq, incəsənət və qeyri-maddi mədəni irs nümunələrini əhatə edən turizm marşrutlarının inkişafına diqqət yetirilir.