23 oktyabr 2026 18:17
154

Azərbaycanın qətiyyətli mövqeyi Avrasiya məkanında uzunmüddətli sabitliyin qarantıdır - TƏHLİL

Ermənistanın baş nazirinin ilkin razılaşdırılmış sülh sazişinin imzalanması və ratifikasiyasını 2031-ci ilədək həyata keçirməyi özünün siyasi hədəfi kimi göstərməsi çoxsaylı sualların yaranmasına səbəb olmaya bilməz

Müasir beynəlxalq münasibətlər sistemində münaqişələrin həlli və postmünaqişə dövründə sülhün bərqərar olunması ən mürəkkəb geosiyasi proseslərdən biridir. Cənubi Qafqaz regionunda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi hər zaman əsas çağırışlar sırasında olub. 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edərək regionda tamamilə yeni geosiyasi reallıqlar yaratması əbədi sülhün qaçılmazlığını şərtləndirdi. Rəsmi Bakının təqdim etdiyi sülh modeli beynəlxalq dəstək qazandı. Münaqişə başa çatdıqdan dərhal sonra rəsmi Bakı qarşı tərəfə dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, güc tətbiq etməmək və bir-birinə qarşı ərazi iddialarından imtina etməyi nəzərdə tutan baza prinsiplərini təqdim etdi. Bu addım Bakının diktə edən deyil, beynəlxalq hüququn aliliyini əsas götürən sülhpərvər iradəsini nümayiş etdirdi. Bu prinsiplər postmünaqişə dövrünün yol xəritəsinə çevrildi və sülh müqaviləsi layihəsinin əsasını təşkil etdi. 2025-ci ilin avqust ayında dövlət başçısı İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində sülh müqaviləsinin mətninin paraflanması və de-fakto sülh razılaşmalarının əldə olunması məhz Azərbaycanın irəli sürdüyü sülh təklifi əsasında mümkün oldu.

Prezident İlham Əliyevin çağırışlarında bu məqam da əsas yer tutdu ki, Azərbaycan-Ermənistan münasibətləri süni şəkildə şişirdilir. Ermənistanın havadarları daim bu məsələni müzakirə etmək, öz səylərini göstərmək, yorğanı öz tərəflərinə çəkmək, vasitəçi olmaq istəyirlər. Birincisi, vasitəçi olmaq üçün sən gərək heç olmasa üzdə bitərəf olasan. Sənin qəlbində nə var, biz bilirik. Amma heç olmasa üzdə, diplomatik qaydalara riayət etməlisən. Bizə bu məsələdə vasitəçi lazım deyil. “Biz öz məsələmizi həll etmişik. Ermənistanla sülh müqaviləsinin imzalanmasının da təşəbbüskarı biz olmuşuq. Beş məlum prinsipin də müəllifi biz olmuşuq. Sülh müqaviləsinin mətnini də biz yazmışıq, Ermənistan tərəfinə göndərmişik” söyləyən cənab İlham Əliyev bildirdi ki, indi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək. Mən artıq dedim, bizim qarşımızda duran çağırışlara, bizə qarşı aparılan çirkin siyasətə biz onsuz da hazır olmalıyıq. Ona görə hesab edirəm ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir. Çünki yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir, gedin, öz işinizlə məşğul olun: “Biz öz məsələmizi həll etmişik. Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Bu yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla da davam edəcək. Bu yolda hamımıza uğurlar, yolumuz açıq olsun!”

Göründüyü kimi, sülh strategiyasının əsas prioritetlərindən biri kənar qüvvələrin manipulyasiyalarından uzaq, birbaşa ikitərəfli dialoq formatına üstünlük verilməsidir. Xüsusilə son bir neçə ildə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın, həmçinin nümayəndə heyətlərinin beynəlxalq platformalarda, “Avropa Siyasi Birliyi”nin sammitlərində, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində vasitəçisiz keçirdikləri görüşlər danışıqlar prosesinə ciddi dinamizm gətirdi. Sərhədlərin delimitasiyası və demarkasiyası üzrə hökumətlərarası komissiyanın işi əsasnamələrin qəbulu ilə irəliyə doğru addımladı. Prezident İlham Əliyev çıxışlarında bu çağırışı da etdi ki, işğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə o zaman məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağımız beynəlxalq ictimaiyyətlə paylaşa biləcəyimiz nadir bir təcrübədir: “Mən dəfələrlə demişəm ki, biz Ermənistanla sülhü yalnız kağız üzərində əldə etməmişik, sülh sazişi paraflandı və birgə bəyanat qəbul olundu. Lakin biz artıq real həyatda sülhü təmin etmişik. Sərhədimizdə sakit vəziyyət hökm sürür, atəş açılmır, artıq heç bir qurban və itki yoxdur.”

Sülhün bərqərar olunması prosesində Bakı Ermənistana qarşı tətbiq edilən çoxillik tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldıraraq regional kommunikasiyaların açılmasına yol açdı, Ermənistan vasitəsilə və Ermənistan istiqamətinə minlərlə ton humanitar və kommersiya yüklərinin daşınmasına şərait yaratdı. Hətta iqtisadi və energetika sahəsində etimad mühiti yaratmaq məqsədilə ilk dəfə olaraq İrəvana neft məhsullarının ixracına start verildi. Azərbaycan dövləti praktiki addımları ilə göstərir ki, sülh sadəcə qarşıdurmanın olmaması deyil, həm də regional inteqrasiya, iqtisadi əməkdaşlıq və gələcək rifahın təminatıdır. Lakin sülh gündəliyinin tam hüquqi status alması və dayanıqlı olması üçün fundamental bir maneə qalmaqdadır ki, bu da Ermənistanın daxili hüquqi bazası ilə bağlıdır. Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, sülh müqaviləsinin imzalanması üçün Ermənistan öz Konstitusiyasında Azərbaycana qarşı mövcud olan ərazi iddialarını rəsmən və birdəfəlik ləğv etməlidir. Ermənistan hakimiyyəti vaxtı uzatmağa meyil göstərsə də və sülh müqaviləsinin imzalanmasını növbəti illərə keçirmək barədə bəyanatlar səsləndirsə də, Bakının mövqeyi qətidir- ərazi iddiaları referendum yolu ilə konstitusiyadan çıxarılmadan imzalanacaq hər hansı bir sənəd gələcəkdə revanşizm təhlükəsi yaradacaq. Azərbaycan necə gözləməyi bildiyini və öz milli maraqlarını qorumaq üçün həm hərbi, həm də diplomatik gücə sahib olduğunu son illərin təcrübəsi ilə tam sübut edib.

Cənubi Qafqazda formalaşan yeni strateji mərhələnin arxitekturasını məhz Azərbaycan müəyyənləşdirir. Qalib gəlmiş ölkənin sülh təklifini etməsi beynəlxalq münasibətlər tarixində nadir hadisələrdəndir və bu, Bakının təkcə hərbi Zəfərin deyil, həm də regional sülhün, təhlükəsizliyin əsl müəllifi olduğunu nümayiş etdirir. Azərbaycan irəli sürdüyü mükəmməl sülh modeli ilə Cənubi Qafqazı münaqişə zonasından birdəfəlik çıxararaq onu sabitlik, tranzit-logistika və davamlı inkişaf mərkəzinə çevirmək missiyasını uğurla davam etdirir. İndi növbə və əsas tarixi məsuliyyət bu gündəliyi manipulyasiya etmədən qəbul etməli olan Ermənistan siyasi rəhbərliyinin üzərinə düşür.

Dövlət başçısı İlham Əliyev bu günlərdə ölkəmizin ev sahibliyi etdiyi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə bir daha bu çağırışı etdi ki, biz müharibədə qalib gəldik, işğalçıları torpaqlarımızdan qovduq. Lakin 30 illik əzablar, soyqırımı, şəhər və kəndlərimizin dağıdılmasına görə onlardan qisas almadıq. Biz döyüş meydanında qisas aldıq və Ermənistana sülh təklif etdik. Burada da xalqımızın mənəvi keyfiyyətləri bir daha özünü büruzə verdi. Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik. Biz sülh təklif etdik və bir ildən bir az çoxdur ki, sülh içində yaşayırıq. Bu sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır.

Ermənistanın baş nazirinin ilkin razılaşdırılmış sülh sazişinin imzalanması və ratifikasiyasını 2031-ci ilədək həyata keçirməyi özünün siyasi hədəfi kimi göstərməsi çoxsaylı sualların yaranmasına səbəb olmaya bilməz. Paşinyan hökumətinin prosesi qısa müddətdə başa çatdırmaq əvəzinə daha uzun siyasi zaman çərçivəsində idarə etməyə hazır olduğunu göstərir. Əgər sazişin mətni artıq razılaşdırılıbsa, onun imzalanması üçün daha beş il gözləməyə nə ehtiyac var? Hadisələrin təhlilindən də göründüyü kimi, sülh müqaviləsinin imzalanmasını uzatmaqla Paşinyan öz hakimiyyətinin ömrünü də uzatmağa çalışır. Bu gün Paşinyanın sülhpərvər olmasını iddia edənlər onun 2018-ci ilədək olan bəyanatlarını yada salsınlar. Paşinyanı sülhə sövq edən onun siyasi baxışları deyil, Azərbaycan Ordusunun gücüdür. Ermənistanın baş naziri hərbi cinayətlərdə əli olan eks-prezidentlər Sarkisyan, Koçaryan, Petrosyan haqqında da heç bir tədbir görmədi. Dövlətimizin başçısı İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə bu məqamlara xüsusi diqqət yönəltdi. “Ermənistanın əvvəlki rəhbərliyi – Ermənistanın hər üç keçmiş prezidenti və onların tərəfdarları, bu müharibə cinayətkarları və uşaq qatilləri hələ də layiq olduqları cəzanı almayıblar. Ermənistanın hazırkı rəhbərliyi 2018-ci ildən etibarən sələflərinin cinayətkar siyasətini davam etdirmişdir” söyləyərək onu da qeyd etdi ki, Ermənistanın hazırkı baş naziri 2019-cu ildə o vaxt işğal altında olan Xankəndidə, Qarabağda bəyan etmişdir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Həmin dövrdə Ermənistanın müdafiə naziri Azərbaycanı yeni ərazilər uğrunda yeni müharibə ilə təhdid edirdi. Bütün bu hədsiz həyasızlığa beynəlxalq, dırnaqarası beynəlxalq ictimaiyyət göz yumurdu. Heç kim Ermənistanı işğala, hərbi cinayətlərə, etnik təmizləməyə və qətliama, Azərbaycan xalqının dini müqəddəs yerlərinin təhqir edilməsinə görə qınamadı. BMT-nin Təhlükəsizlik Şurası qəbul etdiyi qətnamələrin icrasında təkid etmədi, ATƏT laqeyd qaldı. Beynəlxalq münasibətlərdə anaxronizm və atavizmin iki nümunəsi olan Avropa Parlamenti və Avropa Şurası davamlı təcavüz qurbanı olan Azərbaycanı hədəfə alırdı və təcavüzkar Ermənistanı həvəsləndirirdi. Münaqişənin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupu məsələni inhisara götürmüş və münaqişənin dondurulmasına yönəlmiş fəaliyyət həyata keçirən həmsədrlər tərəfindən iflic vəziyyətə salınmışdı. 2020-ci ilin iyul və avqustunda Ermənistan iki hərbi təxribat törətdi və nəticədə azərbaycanlı hərbçilər həlak oldular. Azərbaycan xalqının səbri tükəndi və haqq-hesab vaxtı gəldi.

Dövlət başçısı İlham Əliyevin vaxtilə “Sülh təklifi uzun müddət masa üzərində olmayacaq” çağırışı Ermənistanla sülh danışıqları prosesinin uzadılmasına qarşı etdiyi əsas xəbərdarlıqlardan biri idi. Cənab İlham Əliyev bu bəyanatla Bakının sülh təkliflərinin sonsuza qədər qüvvədə qalmayacağını və İrəvanın vaxt qazanmaq taktikasına qarşı Azərbaycanın öz şərtlərini yenidən nəzərdən keçirə biləcəyini vurğulamışdır. Azərbaycanın sülh təklifindən ötən 6 ilin reallıqları bir daha təsdiqləyir ki, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması yalnız beynəlxalq hüququn prinsiplərinə, suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında mümkündür. Bu gün rəsmi Bakının nümayiş etdirdiyi qətiyyətli mövqe bütövlükdə Avrasiya məkanında uzunmüddətli sabitliyin qarantıdır.

Yeganə Əliyeva, “İki sahil”