Neft istehsalçısı olan ölkələrin gündəlik hasilatı azaltma qərarının ardından birjalarda “qara qızıl”ın qiymətlərində ciddi şəkildə artım hiss olunmasa da, müəyyən dərəcədə stabillik əldə olundu. Bir qrup ekspertlər müqavilənin şərtlərinin tətbiq olunmasından sonra neftin qiymətində davamlı artım gözlədiyi halda, digər qisim fikirləşir ki, bu addım yalnız birjalarda stabilliyin yaranmasına xidmət edəcək.
Səudiyyə Ərəbistanının enerji naziri Xalid əl-Falih mətbuata açıqlamasında bildirib ki, OPEC (Neft İxrac Edən Ölkələr Birliyi) üzvü olan və quruma üzv olmayan dövlətlər Vyanada əldə olunan gündəlik hasilatı azaltma sazişinin müddəalarına tam riayət edərlərsə, dünya bazarlarında “qara qızıla” olan tələbat artacaq və bununla da Vyanada neft ixracatçısı olan ölkələr arasında əldə olunan hasilatı azaltma sazişinin vaxtını uzatmağa ehtiyac qalmayacaq. Nazir Əbu-Dabidə Enerji Davamlılığı Konfransında bildirib ki, cari ilin birinci yarısının sonunda birjalardakı qiymətlər yenidən sabitləşəcək. 2016-cı ilin sonunda az hiss olunan stabilləşmə Vyana sazişinə əməl olunma və dünya bazarında neftə olan tələbin artması gözləntiləri ilə 2017-ci ilin birinci yarısında neft qiymətlərinin daha da yüksələcəyi proqnozlaşdırılır.
Səudiyyə Ərəbistanı və OPEC-in digər üzvləri ildə 2 dəfə baş tutan toplantı çərçivəsində may ayında Vyanada yenidən dünya birjalarını və qurumun hasilat strategiyasını müzakirə edəcəklər. Həmçinin, OPEC-ə üzv ölkələr anlaşmanın digər qütbünü təşkil edən müstəqil neft istehsalçısı olan ölkələrlə yanvar ayının sonunda Vyanada bir araya gələrək hasilatı azaltma sazişinə riayət olunub-olunmaması məsələsini müzakirə edəcəklər. Ekspertlərin fikirincə, bununla OPEC-in Vyana sazişindən gözləntisi birjalarda neftin ehtiyyatlarını azaltmaqdır. Qurum bu addımı ilə neft qiymətlərinin davamlı artımını hədəfləyib.
Xatırladaq ki, ötən il noyabrın 30-da Vyanada OPEC-ə üzv olan ölkələr uzun müzakirələrdən sonra gündəlik hasilatı 1,2 milyon barel azaltmaq istiqamətində razılıq əldə etmişdilər. Dekabrın əvvəlində Azərbaycanın da aralarında yer aldığı OPEC-ə üzv olmayan 11 müstəqil neft istehsal edən ölkə bu sazişə qoşularaq öz aralarında hasilat paylarının necə bölünməsini müəyyən etmişdilər. Sözügedən anlaşma bu ili yanvarın 1-dən qüvvəyə minib və iyun ayının sonuna kimi qüvvədə qalacaq. Həm OPEC, həm də müstəqil neft istehsalçısı olan ölkələr bu anlaşmanın müddətinin uzadılmasını istisna etmirlər. Bütün bu suallara yanvarın 22-də aydınlıq gələcək. OPEC üzvləri və qurumun üzvü olmayan digər 11 istehsalçı ölkənin bu tarixdə yenidən Vyanada bir araya gəlməsi gözlənilir. Güman edilir ki, toplantıda gündəlik hasilatın azaldılmasından sonrakı vəziyyət, öhdəlik götürmüş ölkələrin sazişin şərtlərinə əməl edib-etməməsi, sazişin müddətinin yenidən uzadılması kimi məsələlər müzakirə olunacaq.
Həmidağa Məcidov, “İki sahil”
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub