28 oktyabr 2026 19:10
125

Qeyri-sabit regionda sabitlik adası… - ŞƏRH

Paytaxtımız Bakı artıq beynəlxalq və qlobal tədbirlərin keçirildiyi siyasi və mədəni mərkəzə çevrilib. Bu, onun göstəricisidir ki, Azərbaycan artıq geosiyasi nüfuzu və sosial-iqtisadi, mədəni inkişafı ilə dünyanın diqqət mərkəzindədir. Növbəti  belə beynəlxalq tədbir  oktyabrın 27-də Prezident İlham Əliyevin iştirakı ilə Bakıda  «Ortaq gələcək naminə dialoq» mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu oldu. Ölkəmizin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ISESCO-nun tərəfdaşlığı ilə keçirilən Forumda dünyanın 100-dən artıq ölkəsindən gəlmiş 500-dən çox qonaq, ümumilikdə isə 2000 nəfərdən artıq nümayəndə iştirak edib. Forumda yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gəliblər. İştirakçıların sayı ötən 15 il ərzində keçirilən forumun mədəniyyətlərarası münasibətləri və digər əlaqədar məsələləri həll etmək üçün olduqca səmərəli və əhatəli platformalardan birinə çevrildiyinin təsdiqidir.

Prezident İlham Əliyev Forumun açılış mərasimindəki çıxışında  bildirib ki,  Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu son illər ərzində, sözün əsl mənasında, effektiv və inklüziv bir platformaya çevrilərək mədəniyyətlərarası münasibətlərin inkişafına, həmçinin digər sahələrə öz töhfəsini vermişdir: «Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub. Biz Avropa ilə Asiya arasında yerləşirik və əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub».

Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycanda yaşayan xalqlar  multikulturalizm , həmçinin dini və etnik tolerantlıq ənənələrini daim uca tuublar və bu, əsrlər boy u davam edib. Ona görə də Azərbaycanda bir çox sahələrdə uğurlar əldə edilib. Çünki bütün etnik qrupların, dinlərin nümayəndələri Konstitusiyamız əsasında nəinki bərabər hüquqlara malikdir, o cümlədən bir ailədəki kimi yaşayırlar.

Bu, bir həqiqətdir ki, İkinci Qarabağ müharibəsində Azərbaycanda yaşayan xalqların nümayəndələri öz Vətənlərini  təcavüzkar Ermənstanın 30 illik işğalından  azad etmək üçün canları və qanları bahasına ölüm-dirim mübarizəsinə qoşuldular.  Çünki həmin  xalqlar  ölkəmizdə  həmrəylik, qarşılıqlı anlaşma  və hörmət mühitində yaşayırlar. Biz həmişə vahid  azərbaycançılıq  ideyası ətrafında birləşmişik və bu gündə bu birləşmə daha da böyük miqyasda davam edir.

Vurğulanıb ki, bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir. Azərbaycanda hər hansı daxili risklərin olmadığını dəfələrlə söylədiyini xatırladan dövlətimizin başçısı deyib ki,  bütün potensial risklər bizim hüdudlarımızdan kənardan gəlir: «İdeoloji risklər fiziki risklər qədər təhlükəlidir. Ona görə biz hər zaman ayıq-sayıq olmalıyıq və milli mənsubiyyətimizin, dövlətçiliyimizin qorunmasına, müstəqilliyimizin müdafiə olunmasına və həyat tərzimizin qorunmasına çox bağlı olmalıyıq».

Azərbaycanın dövlət başçısı çıxışında  işğal altındakı torpaqlarımızın 44 günə və həm də  ordumuzun dünyanı heyran edəcək  peşəkarlıqla  işğaldan azad etməsindən danışıb: « Biz beynəlxalq hüququ, ədaləti bərpa etdik. Biz öz gücümüz hesabına BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrin icrasını təmin etdik».

Bu gün dünyanın bir çox bölgələrində qanlı müharibələrin davam etdiyini xatırladan Prezident İlham Əliyev deyib ki,  müharibələrin dayandırılması ilə bağlı Azərbaycanın təcrübəsi mövcuddur: «Biz müharibədən qalib çıxdıq və bizim mübarizəmiz düzgün idi. Düşmən kapitulyasiya etdikdən sonra biz bundan o tərəfə getmədik, dayandıq və sülh təklif etdik». Bu təcrübəyə nəzər salınmalı olduğunu və müharibə tərəflərinin bunu tədqiq etməli olduqlarını deyən dövlət başçısı vurğulayıb ki, bizim qurduğumuz mövcud presedent bəzi münaqişələrin aradan qaldırılmasına da xidmət edə bilər.

Forumda Prezident İlham Əliyevin xüsusi vurğuladığı digər məsələ isə beynəlxalq münasibətlərdə ikili standartlara qarşı mübarizənin davam etdiriləcəyidir. Dövlətimizin  başçısı hesab edir ki, bu cür yanaşmalar beynəlxalq münasibətlər sistemindən tamamilə çıxarılmalıdır.  Ona görə ki, beynəlxalq hüququn prinsipləri ayrı-ayrı dövlətlərin siyasi maraqlarından asılı olaraq fərqli şəkildə tətbiq edildikdə ədalət anlayışı zərər görür, beynəlxalq institutlara etimad zəifləyir və münaqişələrin həlli daha da çətinləşir. Azərbaycanın müasir tarixində yaşanan hadisələr bu məsələnin nə qədər əhəmiyyətli olduğunu göstərir. Torpaqlarımızın uzun müddət işğal altında olması, münaqişənin həlli istiqamətində beynəlxalq səylərin nəticəsiz qalması və beynəlxalq hüququn norma və prinsiplərinin ardıcıl tətbiq edilməməsi ölkəmizin üzləşdiyi əsas problemlərdən  idi. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə milli iradəsini ortaya qoydu, beynəlxalq hüquqa əsaslanan mövqeyinin həyata keçirilməsinə nail oldu.

Bu gün ikili standartlara qarşı prinsipial mövqe nümayiş etdirərək  müdafiəsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunması, bütün ölkələrə münasibətdə eyni meyarların tətbiqi beynəlxalq təhlükəsizliyin təmin edilməsi üçün vacibdir. Bu yanaşma yalnız Azərbaycanın milli maraqlarına deyil, beynəlxalq münasibətlər sistemində ədalətin və bərabərliyin möhkəmləndirilməsi məqsədinə də xidmət edir.

Prezident İlham Əliyevin çıxışında  yer alan Azərbaycanın müstəqillik dövründə öz həyat tərzini qoruyub saxlaması və daha da gücləndirməsi barədə fikirləri də ölkəmizin keçdiyi inkişaf yolunun mühüm xüsusiyyətlərini əks etdirir. Müstəqilliyin bərpasından ötən 35 il ərzində Azərbaycan müxtəlif mərhələlərdən keçib, mürəkkəb siyasi və iqtisadi sınaqlarla üzləşib. Bu dövrün böyük hissəsində əsas məqsəd ərazi bütövlüyümüzün bərpası, Ermənistanın işğalı altında olan torpaqlarımızın azad edilməsi olub. Həmin strateji məqsədin həyata keçirilməsi Azərbaycanın qarşısında yeni imkanlar açıb.

Azərbaycan bu gün  suverenliyini tam təmin etmiş dövlət kimi inkişafının növbəti mərhələsinə qədəm qoyub. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, infrastrukturun yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsi bu mərhələnin əsas istiqamətlərindəndir. Bütün bunlar müstəqilliyin yalnız  siyasi-hüquqi  status deyil, həm də xalqın öz gələcəyini sərbəst müəyyənləşdirmək imkanı olduğunu göstərir. Prezident İlham Əliyev məhz  bunlara rəğmən vurğulayıb ki, bu gün ölkəmizin xarici siyasətinə, iqtisadi göstəricilərinə, roluna, qlobal enerji və daşımalar bazarlarında fəaliyyətimizə nəzər yetiriləndə gbrünür ki, Azərbaycanın qlobal rolu böyük dərəcədə artıb. Yəni, bir sözlə, bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür. Bundan başqa, Azərbaycanın milli maraqlara və bəşəri dəyərlərə söykənən beynəlxalq təmasları da  deməyə əsas verir ki,  dünya  ölkələrinin mütləq hissəsi bizə etibarlı tərəfdaş kimi yanaşır.

Elçin Zaman, "İki sahil"