17 yanvar 2017 23:14
1164

Təcrübəli mütəxəssis, mehriban insan, səmimi dost

Azərbaycanın tanınmış neftçi-geofıziklərindən biri, geologiya-mineralogiya elmləri namizədi, mərhum Seyfulla Mahmud oğlu İbrahimovun 2017-ci il yanvarın 18-də anadan olmasının 70 ili tamam olur.

S.İbrahimov 1947-ci il yanvar ayının 18-də Naxçıvan Muxtar Respublikasında anadan olub. 1970-ci ildə dağ mühəndisi-geoloq ixtisası üzrə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib. 1968-ci ildən Geofizika ETİ-də əmək fəaliyyətinə başlayıb və texnikdən böyük elmi işçi vəzifəsinə qədər yüksəlib. 1993-cü ildə yeni yaradılmış Geofizika və Mühəndis Geologiyası İB-nin (indiki Geofizika və Geologiya İdarəsi) "Mədəngeofizika" İdarəsində əvvəlcə geofizik, sonra isə şöbə rəisi işləyib. 2009-cu ildə Seyfulla müəllimə böyük etimad göstərilib və o, Geofizika ETİ-də elmi işlər üzrə direktor müavini kimi məsul vəzifəyə təyin olunub. Seyfulla müəllim hər yerdə olduğu kimi, bu vəzifədə də özünü ən yaxşı tərəfdən göstərib, elmi-tematik mövzuların yerinə yetirilməsində alim və mütəxəssislərin yaxın köməkçisi olub, yeni metodika və texnologiyaların işlənib hazırlanmasında və istehsalatda tətbiqində fəal iştirak edib.

Əmək fəaliyyəti dövründə Seyfulla müəllim bir neçə elmi-metodik tövsiyələr işləyib hazırlayıb və onları müvəffəqiyyətlə istehsalata tətbiq edib. Mədən geofizikası və petrofiziki üsullar kompleksinə əsasən və eləcə də səthi keçiriciliyin məsaməlilik əmsalına təsiri nəzərə alınmaqla qazılan quyularda anomal yüksək lay təzyiqli intervalların seçilməsi və məsamə təzyiqinin qiymətləndirilməsi, "Səngəçal-dəniz", "Duvannı-dəniz", "Bulla-dəniz" yataqlarında Məhsuldar Qat çöküntülərinin V horizontunun neftli-qazlı obyektlərinin sınaqdan keçirilməsi və işlənməyə daxil edilməsi kimi tövsiyələrin istehsalatda tətbiqi nəticəsində böyük iqtisadi səmərə əldə edilib.

1983-cü ildə S.İbrahimov apardığı çoxillik tədqiqatların nəticələrini ümumiləşdirərək, "Dərin horizontlarda neft və qaz yataqlarının axtarışı ilə əlaqədar olaraq Şərqi Kür düzənliyi və Xəzərətrafı sahələrdə anomal yüksək lay təzyiqinin (AYLT) paylanma qanunauyğunluqları" mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi alıb. Onun apardığı tədqiqatların nəticələri 40-a yaxın elmi məqalədə öz əksini tapıb. Seyfulla müəllim elmi-tədqiqat işləri ilə yanaşı, 10 ildən artıq müddətdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində geofizika kafedrasında dosent kimi fəaliyyət göstərərək, qazandığı təcrübəni, bilik və bacarığını gənc nəslə öyrədib.

Tutduğu vəzifədən asılı olmayaraq, S.İbrahimov daim elmi axtarışlarını davam etdirərək geofizika və geologiya elminin inkişafı istiqamətində yorulmadan fəaliyyət göstərib. "Azərbaycanın quru və dəniz sahələri üzrə parametrik, axtarış-kəşfiyyat və istismar quyularında aparılacaq məcburi və tövsiyə olunan quyu geofiziki tədqiqatları kompleksi haqqında" hazırladığı təlimat Seyfulla müəllimin Azərbaycan geofizika və geologiyasına son töhfəsi olub.

O, Azərbaycan Milli Geofizika Komitəsinin, Azərbaycan Neftçi Geoloqlar Cəmiyyətinin, Amerika Kəşfiyyatçı-Geofiziklər Cəmiyyətinin (SEG), Avroasiya Geofizika Cəmiyyətinin (EAGO), Amerikanın Karotaj Məlumatlarının Peşəkar İnterpretatorlar Cəmiyyətinin (SPWLA) üzvü olub.

Yüksək ixtisaslı mütəxəssis, mehriban insan, səmimi dost olan Seyfulla müəllim öz işgüzarlığı, zəhmətsevərliyi və təvazökarlığı ilə dostları və həmkarları arasında böyük hörmət qazanmışdı. Onun çoxtərəfli həyat yolu dostlarının, iş və tələbə yoldaşlarının, ümumilikdə onu tanıyanların qəlbində silinməz izlər qoyub.

Seyfulla Mahmud oğlu İbrahimovun əziz xatirəsi onu tanıyanların, doğmalarının, dostlarının, iş yoldaşlarının və həmkarlarının yaddaşında alicənab insan, sədaqətli dost, əməksevər işçi, yüksək mədəniyyətli ziyalı, xeyirxah və demokratik rəhbər kimi əbədi yaşayacaq. Allah rəhmət eləsin!

Elçin Şirinov,

Geofizika və Geologiya İdarəsinin kollektivi adından