28 oktyabr 2026 22:39
151

Tramp: Mənim dəstəyim Netanyahu üçün böyük əhəmiyyət kəsb edib

ABŞ Prezidenti Donald Tramp onun dəstəyinin İsrailin Baş naziri Benyamin Netanyahunun seçkilərdəki mövqeyinə əhəmiyyətli dərəcədə təsir göstərdiyini bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə Tramp "Axios"a qısa müsahibəsində bildirib.

Trampın sözlərinə görə, əvvəl o Netanyahunun perspektivləri ilə bağlı narahatedici proqnozlar alıb, lakin hazırda İsrailin Baş naziri kifayət qədər yaxşı mövqedədir.

"Eşitmişəm ki, mənim dəstəyim Bibi (Benyamin Netanyahu) üçün böyük əhəmiyyət kəsb edib", - Tramp qeyd edib.

Netanyahunun rəhbərlik edəcəyi milli birlik hökumətinin formalaşdırılması səylərində mümkün iştirakı ilə bağlı suala cavabında ABŞ Prezidenti hələ bu barədə düşünmədiyini, lakin belə bir imkanı nəzərdən keçirməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, İsraildə hökumətin formalaşdırılması üçün Knessetin ən azı 61 deputatının dəstəyini qazanmaq lazımdır. İsrail Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, Baş nazir Benyamin Netanyahunun bloku 53, "Yaşar" partiyasının lideri Qadi Ayzenkotun başçılıq etdiyi blok 48, ərəb partiyaları isə 19 mandat qazanır. Bu, tarixi maksimum göstəricidir.

Adi seçki bülletenlərinin 93 %-i hesablanıb. Lakin ikiqat zərflərdə olan təxminən 600 min bülletenin hələ hesablanması tələb olunur.