31 oktyabr 2026 17:13
117

Şirvan Milli Parkında ceyranların sayı 7 mini ötüb

Şirvan Milli Parkında ceyranların sayı artaraq 7 048 başa çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Report"un Aran bürosuna Şirvan Milli Parkından məlumat verilib.

Bildirilib ki, 2003-cü ildə Şirvan Milli Parkının yaradılması ceyranların qorunması, sayının artırılması və tarixi yaşayış areallarının bərpası istiqamətində geniş imkanlar yaradıb.

Qeyd olunub ki, 1961-ci ildə Şirvan qoruğunda cəmi 77 baş ceyran qeydə alınıb. Hazırda isə onların sayı 7 048-ə çatıb.

Ceyranların sayının artması onların tarixi yayılma areallarına qaytarılmasına da şərait yaradıb. Belə ki, 2010-cu ildən indiyə qədər Şirvan Milli Parkından 460-dan çox ceyran götürülərək ölkənin müxtəlif ərazilərinə köçürülüb.