Bölgələrdə formalaşan yeni idman mühiti, milli komandaların qitə sınağı, klubların beynəlxalq arenaya çıxışı və çimərlik voleybolunda qazanılan uğurlar ölkə voleybolunun inkişafında yeni mərhələnin konturlarını müəyyənləşdirir
Yeni nəsil, yeni coğrafiya, yeni beynəlxalq hədəflər
Bölgələrdə kütləviləşən idman növündən Avropa klublarının rəqabət meydanına, milli komandaların qitə sınağından çimərlik voleybolunda beynəlxalq uğurlara qədər – Azərbaycan voleybolu inkişafın yeni mərhələsində həm imkanlarını, həm də qarşıda duran vəzifələri müəyyənləşdirir
İdmanda gələcəyi müəyyən edən amillərdən biri bu gün meydançada qazanılan qələbələrdirsə, digəri sabah həmin qələbələri davam etdirəcək nəslin yetişdirilməsidir. Bu iki istiqamət bir-birindən ayrı mövcud ola bilməz. Güclü milli komanda üçün güclü klub sistemi, klub sisteminin dayanıqlılığı üçün geniş idman bazası, həmin bazanın formalaşması üçün isə uşaqlıqdan başlayan hazırlıq və davamlı rəqabət mühiti lazımdır. Voleybolun inkişafı da məhz bu qarşılıqlı bağlılıq üzərində qurulur.
Azərbaycan voleybolunda son dövrdə baş verən hadisələrə bu prizmadan nəzər saldıqda, diqqəti çəkən əsas məqam inkişaf prosesinin müxtəlif istiqamətlər üzrə genişlənməsidir. Bir tərəfdə beynəlxalq yarışlara ev sahibliyi edən Bakı, digər tərəfdə peşəkar voleybolun yeni mərkəzlərindən birinə çevrilmək potensialı qazanan Tovuz və Gəncə dayanır. Milli komandalar Avropa səviyyəsində rəqabət aparır, klublar qitə turnirlərinə vəsiqə qazanır, çimərlik voleybolçuları beynəlxalq yarışlarda medal uğrunda mübarizə aparırlar. Eyni zamanda, uşaqların idmana cəlbi, regional inkişaf mərkəzlərinin fəaliyyəti və beynəlxalq federasiyalarla əməkdaşlıq da gündəmdədir.
Bütün bunlar Azərbaycan voleybolunun yalnız yarış təqviminin genişlənməsi deyil, inkişaf modelinin də dəyişməsi baxımından əhəmiyyətlidir. İndi əsas məsələ ayrı-ayrı təşəbbüslərin miqyasını genişləndirmək, əldə olunan nəticələri davamlı sistemə çevirmək və beynəlxalq rəqabətdə daha sabit mövqe qazanmaqdır.
Peşəkar idmanın ən böyük üstünlüyü onun kütləvi əsas üzərində formalaşmasıdır. İdman növünün geniş yayılmadığı, uşaqların məşq imkanlarının məhdud olduğu şəraitdə yüksək səviyyəli idmançıların yetişdirilməsi də çətinləşir. Bu səbəbdən voleybolun inkişafını yalnız Super Liqada çıxış edən komandaların nəticələri və beynəlxalq turnirlərdəki təmsilçiliklə qiymətləndirmək kifayət deyil. Əsas sual daha genişdir: bu idman növünə neçə uşaq cəlb olunur, regionlarda hansı şərait yaradılır, istedadlı yeniyetmələr necə seçilir və onların peşəkar səviyyəyə yüksəlməsi üçün hansı mexanizmlər mövcuddur?
Avropa Voleybol Konfederasiyasının 2025-ci ilin sonunda Azərbaycan voleyboluna həsr etdiyi materialda son üç ildə voleybol ictimaiyyətinin sayının iki dəfə artdığı, ölkə üzrə təşkil olunan gənclər yarışlarında 160-dan artıq komandanın iştirak etdiyi bildirilirdi. Gəncə, Oğuz və Naxçıvanda regional inkişaf mərkəzlərinin təşkil etdiyi oyunlarda müxtəlif yaş qruplarından olan uşaqların iştirakı, onların bir qisminin gənclərdən ibarət milli komandalara seçilməsi bu istiqamətdə görülən işlərin konkret nəticələridir.
Bu göstəricilər regional voleybolun inkişafının yalnız ayrı-ayrı tədbirlərlə məhdudlaşmadığını, daha geniş əhatə dairəsi qazandığını göstərir. Ancaq kütləviləşmənin peşəkar nəticəyə çevrilməsi üçün uşaq idmanı ilə yüksək nailiyyətlər idmanı arasında ardıcıl keçid mexanizmi qurulmalıdır. Məktəb yarışları, regional birinciliklər, yaş qrupları üzrə milli çempionatlar, seleksiya və ixtisaslaşmış məşq prosesi bir-birini tamamlamalıdır. Əks halda, uşaqların ilkin marağı ilə peşəkar idman arasındakı məsafə böyüyə bilər.
Məhz bu baxımdan Gəncədə ilk dəfə keçirilən “Voleybolun nəbzi Gəncədə döyünür!” festivalı diqqətəlayiqdir. Gəncə Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Voleybol Federasiyasının və “Gəncə” Voleybol Klubunun təşkilatçılığı, “AzerGold” QSC-nin dəstəyi ilə baş tutan tədbir voleybolun bölgələrdə təbliğini yeni formatda təqdim edib.
Festivalın üç mindən artıq insanı bir araya gətirməsi onun yalnız idman ictimaiyyətinə deyil, geniş şəhər auditoriyasına ünvanlandığını göstərir. Burada voleybol yarış, məşq və peşəkar idman fəaliyyəti çərçivəsindən çıxaraq ictimai ünsiyyət, ailəvi iştirak və sağlam həyat tərzinin təşviqi vasitəsinə çevrilib. Peşəkar idmançıların iştirakı ilə ustad dərslərinin keçirilməsi, dostluq oyunu, 10–14 yaşlı uşaqlar arasında mini voleybol turniri, müxtəlif idman və əyləncə proqramları tədbirin məzmununu genişləndirib.
Festivalın “Gəncə” Voleybol Klubunun 2026–2027-ci illər mövsümü üçün heyətinin təqdimatı ilə birləşdirilməsi də təsadüfi deyil. Bu yanaşma kütləvi idmanla peşəkar klub arasında əlaqə yaradır. Uşaq meydançada öz bacarığını sınayır, peşəkar oyunçunu yaxından görür, şəhərin komandasını tanıyır və gələcəkdə həmin kollektivin üzvü olmaq arzusunu formalaşdıra bilir. Beləliklə, festival həm yeni azarkeş auditoriyası, həm də potensial idmançı bazası yaratmaq baxımından əhəmiyyət qazanır.
Lakin belə tədbirlərin real səmərəsi onların davamlılığı ilə ölçüləcək. Festivaldan sonra uşaqların idman məktəblərinə, voleybol bölmələrinə və müntəzəm məşqlərə yönləndirilməsi, onların inkişafının izlənilməsi vacibdir. Əsas məqsəd bir günlük maraq yaratmaq deyil, həmin marağı idman vərdişinə, sonra isə peşəkar hazırlığa çevirməkdir.
Gəncənin bu təşəbbüsü bölgələrdə voleybolun inkişafı üçün mühüm nümunə ola bilər. Çünki regional idman siyasətinin uğuru yalnız paytaxtda keçirilən yarışların coğrafiyasını genişləndirməklə deyil, bölgələrdə müstəqil idman mühitinin, klub ənənələrinin və azarkeş mədəniyyətinin formalaşdırılması ilə müəyyən olunur.
Azərbaycan qadın voleybolçularının Avropa çempionatında iştirakı ölkə voleybolunun beynəlxalq səviyyədəki mövqeyini qiymətləndirmək üçün mühüm göstəricidir. Azərbaycan, Türkiyə, İsveç və Çexiyanın ev sahibliyi etdiyi qitə birinciliyinin Bakıda keçirilən C qrupu oyunları həm milli komanda, həm də təşkilatçılıq baxımından əhəmiyyət daşıyıb.
Ölkəmizin belə mötəbər yarışın ev sahiblərindən biri olması beynəlxalq voleybol təqvimində Azərbaycanın mövqeyini gücləndirməklə yanaşı, milli komandanın doğma meydanda qitənin güclü kollektivləri ilə qarşılaşmasına şərait yaradıb. Avropa çempionatına hazırlıq prosesində Azərbaycan Voleybol Federasiyasının geniş iclas keçirməsi, təşkilati, logistika, marketinq, media, könüllülər və bilet satışı istiqamətlərini nəzərdən keçirməsi yarışın yalnız idman deyil, kompleks idarəçilik layihəsi kimi həyata keçirildiyini göstərib.
Gənclər və idman naziri Fərid Qayıbovun, federasiya rəhbərliyinin və Təşkilat Komitəsinin üzvlərinin iştirak etdiyi iclasda milli komandanın hazırlığı da əsas müzakirə mövzularından olub. Baş məşqçi Faiq Qarayev komandanın iyul ayından etibarən intensiv məşqlər keçdiyini, təlim-məşq toplanışlarının və yoxlama oyunlarının təşkil edildiyini diqqətə çatdırıb. Burada qarşıya qoyulan iki əsas vəzifə – yarışın yüksək səviyyədə təşkili və milli komandanın uğurlu çıxışı – bir-birini tamamlayan, lakin fərqli meyarlarla qiymətləndirilməli istiqamətlər idi.
Azərbaycan millisi qrup mərhələsində Portuqaliya, İspaniya və Rumıniya yığmalarına qalib gələrək üç qələbə qazanıb. Belçika və Niderlanda məğlubiyyət isə komandanın qrupda üçüncü yeri tutması ilə nəticələnib. Səkkizdəbir finalda Türkiyə yığmasına 0:3 hesabı ilə uduzan komandamız mübarizəni dayandırıb.
Bu nəticələrə münasibətdə emosional qiymətləndirmədən daha çox idman təhlilinə ehtiyac var. Üç qələbə milli komandanın qrup mərhələsində rəqabət apara bildiyini, müəyyən oyun potensialına malik olduğunu göstərir. Digər tərəfdən, daha yüksək səviyyəli rəqiblərlə qarşılaşmalarda nəticəni qorumaq və oyunun bütün komponentlərində sabitlik nümayiş etdirmək hələ də ciddi vəzifə olaraq qalır.
Burada əsas fərq ayrı-ayrı oyunlarda uğurlu çıxışla turnir boyu yüksək səviyyəni qorumaq arasındadır. Müasir qadın voleybolunda rəqabət yalnız hücumun gücü ilə müəyyənləşmir. Servisin keyfiyyəti, topun qəbulu, blokun təşkili, müdafiədə mövqelənmə, keçid hücumlarının səmərəliliyi və psixoloji davamlılıq komandanın ümumi səviyyəsini formalaşdırır. Güclü rəqibə qarşı bu komponentlərdən birində yaranan boşluq belə oyunun taleyinə təsir edə bilir.
Türkiyə ilə qarşılaşmanın üçüncü setində Azərbaycan millisinin daha ciddi müqavimət göstərməsi də oyunun ayrı-ayrı mərhələlərində rəqabət imkanlarının olduğunu göstərdi. Lakin belə müqavimətin davamlı nəticəyə çevrilməsi üçün komandanın oyun intizamını bütün setlər boyu qoruması vacibdir.
Avropa çempionatının nəticəsi milli komandanın inkişafında nə yekun qiymət, nə də uğursuzluğun mütləq göstəricisi kimi qəbul edilməlidir. Bu yarış daha çox gələcək hazırlığın istiqamətlərini müəyyənləşdirən təcrübədir. Qrup mərhələsində əldə edilən qələbələr qorunmalı, məğlubiyyətlər isə taktiki və texniki təhlil əsasında növbəti hazırlıq prosesinə daxil edilməlidir. Əsas hədəf qitə çempionatında iştirak etməkdən mərhələlər üzrə irəliləməyə, rəqiblərlə oyunlarda daha sabit və iddialı çıxışa keçməkdir.
Bu məqamda bir məsələ də xüsusi əhəmiyyət daşıyır: milli komandanın nəticələri ilə daxili çempionatın rəqabət səviyyəsi arasında birbaşa əlaqə mövcuddur. Ölkə daxilində güclü oyun təcrübəsi qazanmayan, müxtəlif taktiki modellərlə qarşılaşmayan voleybolçuların beynəlxalq yarışlarda yüksək intensivliyə uyğunlaşması çətinləşir. Deməli, milli komandanın inkişafı yalnız yığmanın hazırlıq dövründə deyil, bütün mövsüm ərzində klublarda yaradılan rəqabət mühitində təmin olunmalıdır.
Milli komandaların beynəlxalq yarışlardakı çıxışı ölkə voleybolunun ümumi səviyyəsini müəyyənləşdirən amillərdən biri olsa da, bu səviyyənin formalaşmasında klubların rolu xüsusilə böyükdür. Məhz klublar idmançıların gündəlik hazırlığını, oyun təcrübəsini, rəqabət vərdişlərini və peşəkar inkişafını təmin edən əsas strukturlardır. Buna görə də Azərbaycan klublarının Avropa turnirlərində təmsilçiliyinin genişlənməsi voleybolun inkişafında ayrıca əhəmiyyət kəsb edir.
2025–2026-cı illər mövsümünün nəticələri bu istiqamətdə maraqlı mənzərə ortaya qoyub. Qadınların Super Liqasında “Turan”, kişilərin yarışında isə “Xilasedici” ölkə çempionu olub. “Turan”ın qızıl medala yüksəlməsi və ardınca Çempionlar Liqasında iştirak hüququ qazanması klub voleybolunda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
Xüsusilə diqqətçəkən məqam “Turan”ın Tovuz təmsilçisi olmasıdır. Cəmi bir mövsüm əvvəl Super Liqada debüt edən klubun ilk iştirakında ölkə çempionu adını qazanaraq Avropanın ən nüfuzlu klub turnirinə vəsiqə əldə etməsi bölgə voleybolunun potensialını nümayiş etdirir. Bu, paytaxtdan kənarda da peşəkar klub yaratmağın, rəqabətədavamlı komanda formalaşdırmağın və beynəlxalq hədəflər müəyyənləşdirməyin mümkünlüyünü göstərən nümunədir.
2026–2027-ci illər mövsümündə “Turan”ın Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Xorvatiyanın “Mladost Zaqreb” klubu ilə qarşılaşması bu baxımdan xüsusi hadisə olub. Tovuzda keçirilən ilk görüşdə Azərbaycan təmsilçisi 3:0 hesablı qələbə qazanıb. Bu qarşılaşma təkcə klubun Avropa debütü deyil, həm də bölgədə beynəlxalq səviyyəli idman tədbirinin təşkili baxımından əhəmiyyət daşıyıb.
Avropa Voleybol Konfederasiyasının məlumatına görə, tarixi qarşılaşma ərəfəsində Tovuz Olimpiya İdman Kompleksində əsaslı yenilənmə işləri aparılıb, tamaşaçı tutumu 700-dən 1500-ə çatdırılıb, texniki və idman infrastrukturu müasirləşdirilib. Beləliklə, beynəlxalq yarışa hazırlıq yalnız komandanın heyətinin gücləndirilməsi ilə deyil, ev sahibi şəhərin idman imkanlarının genişləndirilməsi ilə də müşayiət olunub.
Bu hadisənin əhəmiyyəti bir klubun nəticəsindən daha genişdir. Əvvəllər beynəlxalq voleybol qarşılaşmalarının əsas ünvanı kimi daha çox Bakı ön plana çıxırdısa, Tovuzun Çempionlar Liqası oyununa ev sahibliyi etməsi bu idman növünün coğrafiyasının genişlənməsinə yeni məzmun verir. Bölgədə yaşayan azarkeşlər Avropa səviyyəli qarşılaşmanı öz şəhərlərində izləmək, uşaqlar isə beynəlxalq təcrübəyə malik idmançıları canlı görmək imkanı qazanırlar.
Ancaq Çempionlar Liqasına yüksəlmək özü-özlüyündə son hədəf deyil. Bu səviyyədə iştirak klubun qarşısına daha ciddi tələblər qoyur. Heyətin keyfiyyəti, yerli və legioner oyunçular arasında düzgün balans, maliyyə dayanıqlılığı, məşq prosesinin təşkili, tibbi və elmi dəstək, oyunçuların fiziki bərpası və seleksiya siyasəti uzunmüddətli uğurun əsas şərtləridir. Avropada rəqabət aparmaq üçün yalnız güclü heyət toplamaq deyil, həmin heyətin sabit inkişafını təmin etmək lazımdır.
Ümumilikdə, 2026–2027-ci illər mövsümündə Azərbaycanın Avropa klub turnirlərində təmsilçiliyi də diqqətəlayiqdir. “Turan” və “Xilasedici” Çempionlar Liqasında, “DH Volley” və “ORDU” isə Çelenc Kubokunda mübarizəyə qoşulublar. Dörd klubun qitə miqyaslı yarışlarda iştirakı yerli çempionatın beynəlxalq əlaqələrinin genişləndiyini göstərir.
Bu təmsilçilikdən səmərəli istifadə etmək üçün Avropa oyunlarında qazanılan təcrübə daxili çempionata da daşınmalıdır. Klublar beynəlxalq rəqiblərin oyun modellərini öyrənməli, yerli oyunçuların hazırlığında həmin təcrübədən yararlanmalı, gənc voleybolçuların əsas heyətə inteqrasiyasını sürətləndirməlidirlər. Əks halda, Avropa turnirlərində iştirak ayrı-ayrı mövsümlərin hadisəsi olaraq qala bilər. Əsas məqsəd isə beynəlxalq yarışlarda müntəzəm iştirak edən və rəqabət səviyyəsini qoruyan klub sisteminin yaradılmasıdır.
Azərbaycan voleybolunun inkişafını yalnız zal voleybolu ilə məhdudlaşdırmaq düzgün olmaz. Çimərlik voleybolu həm beynəlxalq rəqabət, həm də idmançıların fiziki və texniki hazırlığının genişləndirilməsi baxımından mühüm istiqamətdir. Bu növün özünəməxsusluğu ondan ibarətdir ki, oyunçular daha məhdud heyətlə, fərqli meydança şəraitində və yüksək fiziki yük altında mübarizə aparırlar. Burada hər bir idmançının oyunun bütün elementlərini mənimsəməsi, taktiki qərarları çevik qəbul etməsi və tərəfdaşı ilə uyğunlaşması tələb olunur.
Azərbaycanın çimərlik voleybolçularının Türkiyədə keçirilən beynəlxalq yarışda əldə etdikləri nəticələr bu istiqamətdəki potensialı göstərir. İbrahim Məmmədov və Muhəmməd Aslanlı cütlüyünün 16 komanda arasında bütün rəqiblərini məğlub edərək qızıl medal qazanması, Səbinə Əlizadə və Leyla Əliyeva cütlüyünün isə qadınların yarışında dördüncü yeri tutması diqqətəlayiq nəticədir.
Burada əsas məsələ medalın özü ilə yanaşı, yarışın beynəlxalq reytinq xalları qazandırmasıdır. Belə turnirlər idmançılara beynəlxalq reytinqdə mövqelərini yaxşılaşdırmaq, daha güclü rəqiblərlə qarşılaşmaq və öz hazırlıq səviyyələrini obyektiv qiymətləndirmək imkanı yaradır. Beynəlxalq təcrübənin davamlılığı çimərlik voleybolunda inkişafın əsas şərtlərindəndir.
Digər tərəfdən, ölkə daxilində klublararası çempionatın təşkili bu sahədə rəqabət bazasının genişləndirilməsinə xidmət edir. Qadınlarda “AZERRAIL Salam”ın, kişilərdə FHN-2 komandasının çempion olması, mükafatçılar sırasında müxtəlif klub və təşkilatların təmsilçilərinin yer alması daxili yarışların iştirakçı dairəsinin formalaşdığını göstərir.
Çempion komandaların Avropa klublararası yarışlarında Azərbaycanı təmsil etmək hüququ qazanması da daxili çempionatın əhəmiyyətini artırır. Bu yanaşma ölkə birinciliyini beynəlxalq yarışlara hazırlığın və seçim prosesinin mühüm mərhələsinə çevirir.
Çimərlik voleybolunda daha bir vacib məqam yaş qrupları üzrə inkişafdır. Azərbaycan idmançılarının U-18, U-20 və U-22 Avropa çempionatlarında təmsil olunması bu istiqamətdə gələcək nəslin beynəlxalq təcrübə qazanması üçün imkan yaradır. Müxtəlif yaş qruplarının qitə yarışlarına cəlb edilməsi yalnız hazırkı nəticələrə deyil, gələcək milli komanda potensialına da xidmət edir.
Burada qarşıya qoyulan əsas vəzifə ayrı-ayrı uğurlu cütlüklərin nəticələrini geniş idmançı bazası ilə dəstəkləməkdir. Çimərlik voleybolu üçün ixtisaslaşmış məşqçilərin hazırlanması, mövsümi məşq imkanlarının genişləndirilməsi, beynəlxalq turnirlərdə iştirakın davamlı xarakter alması və gənc idmançıların seçilməsi bu növün inkişafına əlavə təkan verə bilər.
Müasir idmanda heç bir federasiya inkişaf prosesini yalnız daxili imkanlarla məhdudlaşdıra bilməz. Beynəlxalq əlaqələr, təcrübə mübadiləsi, birgə layihələr və regional əməkdaşlıq idman növlərinin inkişafında mühüm rol oynayır. Voleybolda da bu münasibətlər yalnız rəsmi görüşlərdən ibarət deyil. Onların əsas dəyəri əldə olunan təcrübənin məşq prosesinə, uşaq idmanına, hakimlik sisteminə və yarışların təşkilinə tətbiq edilməsidir.
Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırovun Gürcüstan Voleybol Federasiyasının prezidenti David Tevzadze ilə Tovuzda keçirdiyi görüş bu baxımdan əhəmiyyətlidir. Tərəflər iki ölkədə voleybolun inkişafı, xüsusilə uşaq voleybolu, federasiyalar arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri barədə fikir mübadiləsi aparıblar. 2024-cü ildə imzalanmış əməkdaşlıq memorandumunun icrası da müzakirə olunub.
Görüşün Tovuzda keçirilməsi və federasiya rəhbərlərinin “Turan” – “Mladost” qarşılaşmasını birgə izləmələri tədbirə əlavə məna verir. Beynəlxalq əməkdaşlıq müzakirələrinin bölgədə keçirilən Avropa səviyyəli yarışla əlaqələndirilməsi regional idman mərkəzlərinin inkişafı baxımından da əhəmiyyətlidir.
Bununla belə, belə memorandumların əsl səmərəsi onların konkret layihələrlə zənginləşdirilməsindən asılıdır. Məsələn, Azərbaycan və Gürcüstanın yaş qrupları üzrə yığmaları arasında müntəzəm turnirlərin təşkili, məşqçilər üçün seminarlar, hakimlərin təcrübə mübadiləsi, birgə təlim-məşq toplanışları və uşaq voleybolu üzrə proqramlar əməkdaşlığı daha praktik müstəviyə keçirə bilər.
Beynəlxalq təcrübənin yerli sistemə inteqrasiyası xüsusilə vacibdir. Çünki dünya voleybolu sürətlə dəyişir. Oyunun tempi artır, texniki hazırlığa yanaşmalar yenilənir, rəqib təhlili və fiziki göstəricilərin monitorinqi daha böyük əhəmiyyət qazanır. Bu dəyişikliklərə uyğunlaşmaq üçün federasiyalar və klublar beynəlxalq idman mühitində baş verən yenilikləri izləməklə kifayətlənməməli, onları öz hazırlıq sistemlərinə tətbiq etməlidirlər.
Azərbaycan voleybolunda son dövrdə baş verən hadisələrə ümumi nəzər saldıqda, inkişafın bir neçə istiqamətdə paralel getdiyi görünür. Bölgələrdə idmana marağın artırılması, uşaq və yeniyetmələrin cəlb olunması, milli komandaların beynəlxalq yarışlarda iştirakı, klubların Avropa turnirlərinə çıxışı, çimərlik voleybolunda əldə edilən nəticələr və federasiyalararası əməkdaşlıq vahid inkişaf mənzərəsinin müxtəlif tərəfləridir.
Lakin bu istiqamətlərin hər birinin öz nəticəsi və öz qiymətləndirmə meyarı var. Gəncədə festivalın keçirilməsi kütləviləşmə və ictimai maraq baxımından, Avropa çempionatında milli komandanın çıxışı beynəlxalq rəqabət qabiliyyəti baxımından, “Turan”ın Çempionlar Liqasında iştirakı klub sisteminin inkişafı baxımından, çimərlik voleybolçularının medalları isə fərqli idman istiqamətindəki potensial baxımından əhəmiyyət daşıyır. Bu nəticələri eyni meyarla qiymətləndirmək olmaz. Onları birləşdirən əsas məsələ isə ölkədə voleybolun inkişafına xidmət etmələridir.
Burada müqayisəli yanaşma da vacibdir. Əgər əvvəllər idmanın inkişafı daha çox yarışların təşkili, milli komandaların çıxışı və ayrı-ayrı klubların nəticələri ilə ölçülürdüsə, müasir mərhələdə qiymətləndirmə daha geniş göstəricilərə əsaslanmalıdır. İdmançıların hazırlanmasından tutmuş klub idarəçiliyinə, regional infrastruktura, beynəlxalq təmsilçiliyə və maliyyə dayanıqlılığına qədər bütün komponentlər nəzərə alınmalıdır.
Azərbaycan voleybolunun gələcək inkişafı üçün ilk növbədə uşaq və yeniyetmə idmanının davamlılığı təmin edilməlidir. Bölgələrdə yaradılan maraq müntəzəm məşqlərlə, məktəb və klub yarışları ilə dəstəklənməli, istedadlı idmançıların peşəkar səviyyəyə yüksəlməsi üçün aydın mexanizm formalaşdırılmalıdır. Digər tərəfdən, klubların yalnız bir mövsüm ərzində yüksək nəticə göstərməsi deyil, uzunmüddətli fəaliyyət strategiyası qurması vacibdir.
Milli komandalar üçün isə daxili çempionatın keyfiyyəti xüsusi əhəmiyyət daşıyır. Güclü milli komanda güclü rəqabət mühitindən yetişir. Klublarda oyunçuların hazırlıq səviyyəsi yüksəldikcə, yığmanın seçim imkanları da genişlənir. Eyni zamanda, gənc voleybolçuların əsas heyətlərə cəlb edilməsi, yerli məşqçi potensialının artırılması və müasir hazırlıq metodlarının tətbiqi gələcək nəticələr üçün zəmin yaradır.
İdmanın inkişafında ictimai marağın rolu da unudulmamalıdır. Gəncədə keçirilən festivalın yaratdığı mənzərə göstərir ki, voleybolu yalnız peşəkar idmançıların və mütəxəssislərin fəaliyyət sahəsi kimi təqdim etməklə kifayətlənmək olmaz. Bu idman növü uşaqların, valideynlərin, məktəblərin, yerli icmaların və azarkeşlərin gündəlik həyatına daxil olduqca daha möhkəm sosial dayağa sahib olur. Bölgələrdə klub ənənələrinin yaranması, yerli komandaların azarkeş qazanması və beynəlxalq oyunların regionlarda keçirilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Digər tərəfdən, Avropa çempionatında əldə olunan nəticələr göstərir ki, beynəlxalq yarışların təşkili ilə idman nəticələrinin yüksəldilməsi eyni prosesin fərqli tərəfləri olsa da, biri digərini avtomatik təmin etmir. Yüksək səviyyəli yarışa ev sahibliyi etmək təşkilati təcrübə və beynəlxalq nüfuz qazandırır. Ancaq milli komandanın daha yüksək nəticələr əldə etməsi üçün uzunmüddətli hazırlıq, güclü daxili rəqabət və sistemli seleksiya tələb olunur. Bu fərqi düzgün qiymətləndirmək gələcək strategiyanın müəyyənləşdirilməsi üçün vacibdir.
Eyni yanaşma klublara da aiddir. “Turan”ın Avropa arenasına çıxışı bölgə voleybolunun inkişafı üçün mühüm imkan açır. Lakin bu imkanın həqiqi dəyəri klubun gələcək mövsümlərdə də rəqabət aparması, yerli idmançıların inkişafına töhfə verməsi və Tovuzda formalaşan marağın davamlı azarkeş və idmançı bazasına çevrilməsi ilə müəyyən olunacaq.
Nəticə etibarilə, Azərbaycan voleybolunun qarşısında təkcə yeni yarışlarda iştirak etmək deyil, bütöv inkişaf zəncirini gücləndirmək vəzifəsi dayanır. Bu zəncirin başlanğıcında idmana ilk addımını atan uşaq, davamında onu yetişdirən məşqçi, inkişafına şərait yaradan idman məktəbi, rəqabət imkanları verən klub, daha sonra isə beynəlxalq arenada ölkəni təmsil edən milli komanda dayanır. Bu mərhələlər arasında əlaqə nə qədər möhkəm qurularsa, əldə olunan nəticələr də bir o qədər davamlı olar.
Voleybol meydançasında qələbə bir hücumun deyil, komandanın bütöv fəaliyyətinin nəticəsidir. Ölkə idmanında da inkişaf eyni prinsipə əsaslanır. Bu gün Gəncədə voleybol topuna ilk dəfə toxunan uşağın sabah milli komandanın üzvünə, Tovuzda beynəlxalq oyunu izləyən yeniyetmənin gələcəyin peşəkar idmançısına çevrilməsi üçün ardıcıl və məqsədyönlü sistem lazımdır. Azərbaycan voleybolunun yeni mərhələdə əsas uğuru da məhz bu keçidi təmin etmək, bugünkü marağı sabahın nəticəsinə çevirmək olacaq.
Daha böyük uğurlara, daha inamlı qələbələrə...
Azərbaycan birinciliyinə qatılmaq istəyən komandalar üçün son qeydiyyat günləri
Qazaxıstanda dünya çempionatının son günü: Azərbaycan güləşçilərinin nəticələri