Komandanın hücumçusu Polina Rəhimova oyundan sonra qarşılaşmanın gedişi, komandanın çıxışı və növbəti mərhələyə hazırlıq barədə təəssüratlarını bölüşüb.
Voleybolçu qələbədən məmnunluğunu ifadə edərək bildirib ki, qarşılaşma komanda üçün asan keçməyib: “Qələbə münasibətilə komandamı təbrik edirəm. Oyun bizim üçün bir qədər çətin keçdi. Xüsusilə servis və qəbul zamanı çoxlu səhvlərə yol verdik. Buna baxmayaraq, sona qədər mübarizə apardıq və qələbə qazandıq”.
Növbəti mərhələdə Polşa təmsilçisi ilə qarşılaşacaqlarını qeyd edən Polina Rəhimova rəqibin daha güclü olduğunu, lakin komandalarının da mübarizəyə hazırlaşdığını vurğulayıb. Onun sözlərinə görə, qarşıdakı oyunlara hazırlıq prosesində buraxılan səhvlər üzərində işləmək və rəqibin oyun xüsusiyyətlərinə uyğun taktika seçmək vacibdir.
Polina Rəhimova azarkeşlərə də təşəkkürünü çatdıraraq onları növbəti qarşılaşmalarda da komandaya dəstək olmağa çağırıb. O bildirib ki, azarkeşlərin dəstəyi kollektiv üçün böyük əhəmiyyət daşıyır.