Süni intellektin radioloji görüntülərin təhlilində tətbiqi, MRT, KT və PET/KT müayinələrinin erkən diaqnostikadakı rolu, şüalanma ilə bağlı narahatlıqlar və Azərbaycanda müasir radioloji texnologiyaların tətbiqi isə bu sahənin gündəmini müəyyənləşdirən əsas məsələlərdəndir. Bütün bu yeniliklər fonunda əsas məqsəd xəstəlikləri daha erkən aşkar etmək, müalicəni fərdiləşdirmək və xəstənin sağlamlığını mümkün qədər az müdaxilə ilə qorumaqdır.
“Caspianinfo” bu istiqamətlərdəki yeniliklər, radiologiyanın gələcək perspektivləri və ölkəmizdə sahənin inkişafı ilə bağlı suallarını Səhiyyə Nazirliyinin Akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Şüa-diaqnostika şöbəsinin invaziv radioloqu Ruslan Əliyevə ünvanlayıb.
- Ruslan həkim, müasir radiologiya artıq yalnız diaqnostika deyil, həm də müalicə prosesinin mühüm hissəsinə çevrilib. Bu dəyişiklik necə baş verib?

- Əvvəllər radiologiyanın əsas vəzifəsi xəstəlikləri aşkar etmək, onların lokalizasiyasını və yayılma dərəcəsini müəyyənləşdirmək idi. Yəni radioloq əsasən diaqnozun qoyulmasında iştirak edirdi. Lakin son 20–30 ildə görüntüləmə texnologiyalarının, tibbi avadanlıqların və minimal invaziv müdaxilə üsullarının inkişafı radiologiyanın imkanlarını köklü şəkildə dəyişdi. Bu gün biz ultrasəs, kompüter tomoqrafiyası və angioqrafiya vasitəsilə yalnız xəstəliyi görmürük, eyni zamanda həmin görüntülərin nəzarəti altında birbaşa müalicə də həyata keçiririk. Məsələn, əvvəllər bəzi damar tutulmaları və anevrizmaların müalicəsi üçün böyük cərrahi əməliyyatlar tələb olunurdu. İndi isə müəyyən hallarda cəmi bir neçə millimetrlik damar girişindən xüsusi kateterlərlə həmin patologiyaya çatmaq və onu müalicə etmək mümkündür. Kəskin işemik insult zamanı beyində tıxanmış damardan trombun çıxarılması, anevrizmaların endovaskulyar bağlanması, daxili qanaxmaların embolizasiya vasitəsilə dayandırılması və bəzi şişlərin lokal müalicəsi buna nümunədir.
Mən hesab edirəm ki, müasir radiologiyanın ən böyük nailiyyəti diaqnostika ilə müalicə arasındakı sərhədi aradan qaldırmasıdır. Artıq radioloq yalnız xəstəliyi aşkar edən deyil, müəyyən hallarda onu bilavasitə müalicə edən mütəxəssisdir.
- Süni intellekt radioloji görüntülərin analizində həkimin işini hansı istiqamətlərdə dəstəkləyir?
- Süni intellektin tibbdə ən sürətlə inkişaf etdiyi sahələrdən biri məhz radiologiyadır. Çünki radiologiya çox böyük həcmdə rəqəmsal məlumatlarla işləyən bir ixtisasdır.
Məsələn, bir KT müayinəsi yüzlərlə, bəzən minlərlə görüntüdən ibarət ola bilər. Süni intellekt bu görüntüləri qısa müddətdə analiz edərək insan gözündən yayına biləcək bəzi dəyişiklikləri müəyyənləşdirməyə kömək edir. Bu texnologiya ağciyərlərdə kiçik düyünlərin aşkarlanmasında, mammoqrafiyada şübhəli sahələrin müəyyənləşdirilməsində, beyin qanaxmalarının təcili aşkarlanmasında və insult zamanı damar tutulmalarının qiymətləndirilməsində istifadə olunur.
Digər mühüm istiqamət görüntülərin kəmiyyət analizidir. Süni intellekt şişin ölçüsünü, həcmini, zamanla böyüməsini və müalicəyə reaksiyasını müqayisəli şəkildə qiymətləndirməyə kömək edə bilər. Bu isə daha obyektiv və standartlaşdırılmış nəticələr almağa imkan yaradır. Amma bir məqamı xüsusilə vurğulamaq istəyirəm: süni intellekt həkimi əvəz edən deyil, onun imkanlarını genişləndirən vasitədir. Çünki radioloji görüntü yalnız texniki informasiya deyil. Onun düzgün interpretasiyası xəstənin klinik vəziyyəti, anamnezi, laborator göstəriciləri və digər müayinələri ilə birlikdə aparılmalıdır. Yekun tibbi qərar təcrübəli mütəxəssisin nəzarətində qalmalıdır.
- Erkən diaqnostikada MRT, KT və PET/KT kimi müayinələrin rolu hansı xəstəliklərdə həlledici əhəmiyyət daşıyır?

- Erkən diaqnostika müasir tibbin ən mühüm istiqamətlərindən biridir. Çünki bir çox xəstəlikdə müalicənin effektivliyi onun hansı mərhələdə aşkar edilməsindən birbaşa asılıdır. MRT, KT və PET/KT fərqli fiziki prinsiplərlə işləyir və müxtəlif xəstəliklərdə bir-birini tamamlayır. MRT xüsusilə beyin, onurğa beyni, yumşaq toxumalar və bəzi onkoloji xəstəliklərin qiymətləndirilməsində çox informativdir. Məsələn, kəskin işemik insultun erkən mərhələsində diffuziya MRT-si beyin toxumasında yaranmış dəyişiklikləri müəyyən edə bilir. Prostat vəzi xəstəliklərində multiparametrik MRT də mühüm rol oynayır.
KT isə təcili tibbdə əvəzolunmaz müayinə üsullarından biridir. Beyin qanaxmaları, ağır travmalar, ağciyər patologiyaları, aorta anevrizmaları və damar tutulmalarında qısa müddətdə yüksək dəqiqlikli məlumat əldə etməyə imkan verir. KT-angioqrafiya ilə damarların anatomiyasını və patoloji dəyişikliklərini qiymətləndiririk.
PET/KT xüsusilə onkologiyada böyük əhəmiyyət daşıyır. Bu müayinə anatomik görüntüləmə ilə metabolik aktivliyin qiymətləndirilməsini birləşdirir. Müəyyən şişlərin yayılmasını, metastazları və müalicəyə reaksiyanı qiymətləndirmək üçün çox faydalıdır. Bununla belə, bütün xərçəng növlərində eyni həssaslığa malik deyil və hər xəstəyə rutin olaraq göstəriş sayılmır.
Əsas prinsip budur: hər xəstəyə ən bahalı və ya ən mürəkkəb müayinəni deyil, onun klinik vəziyyətinə ən uyğun olan müayinəni seçmək lazımdır. Erkən diaqnostika yalnız xəstəliyi tez tapmaq deyil, həm də onun ağırlaşmasının qarşısını vaxtında almaq deməkdir.
- Şüalanma ilə bağlı insanların narahatlığı nə dərəcədə əsaslıdır və müasir cihazlar bu riski necə azaldır?
- Şüalanma ilə bağlı narahatlıqlar müəyyən dərəcədə əsaslıdır. Çünki rentgen və KT müayinələrində ionlaşdırıcı şüalanmadan istifadə olunur. Lakin burada vacib məsələ şüalanmanın miqdarı, müayinənin hansı məqsədlə aparılması və əldə edilən tibbi faydadır. İlk növbədə qeyd etmək istəyirəm ki, bütün radioloji müayinələr şüalanma ilə aparılmır. Məsələn, MRT və ultrasəs müayinələrində ionlaşdırıcı şüalanma yoxdur. Müasir KT cihazlarında isə şüa dozasını azaltmağa imkan verən texnologiyalar tətbiq olunur. Avtomatik ekspozisiya tənzimlənməsi, iterativ rekonstruksiya və süni intellekt əsasında görüntü bərpası metodları daha aşağı dozalarla diaqnostik keyfiyyətli görüntülər əldə etməyə kömək edir.

Radiologiyada beynəlxalq səviyyədə qəbul olunmuş ALARA prinsipi mövcuddur. Bu prinsipə görə, diaqnostika üçün tələb olunan görüntü keyfiyyətini qorumaqla şüalanma mümkün qədər aşağı səviyyədə saxlanılmalıdır. Xüsusilə uşaqlarda və hamilə qadınlarda müayinə seçiminə daha həssas yanaşılmalıdır.
Mənim fikrimcə, xəstə üçün əsas təhlükə bəzən müayinənin özündən yox, zəruri müayinənin gecikdirilməsindən yarana bilər. Məsələn, aorta disseksiyasından və ya beyin qanaxmasından şübhələndiyimiz zaman düzgün göstərişlə aparılan təcili KT həyat qurtara bilər.
- İntervension radiologiyanın açıq cərrahiyyəyə alternativ kimi üstünlükləri nələrdir?
- İntervension radiologiyanın əsas üstünlüyü bir çox xəstəliyi böyük cərrahi kəsiklər olmadan, görüntüləmə nəzarəti altında minimal invaziv üsullarla müalicə etmək imkanının olmasıdır. Ənənəvi cərrahiyyədə müəyyən patologiyaya çatmaq üçün geniş kəsiklər tələb oluna bilər. İntervension radiologiyada isə çox vaxt damar daxilindən və ya dəri üzərindən kiçik bir giriş vasitəsilə hədəf nahiyəyə çatırıq. Bu yanaşma seçilmiş xəstələrdə əməliyyat travmasının, qan itkisinin, hospitalizasiya müddətinin və bərpa dövrünün azalmasına imkan verir. Bir çox müdaxilə lokal anesteziya və sedasiya altında həyata keçirilə bilir, baxmayaraq ki, bəzi mürəkkəb prosedurlarda ümumi anesteziya da tələb olunur.
Öz praktik fəaliyyətimə daha yaxın olan nümunələri qeyd etmək istərdim. Kəskin işemik insult zamanı mexaniki trombektomiya ilə beyində tıxanmış böyük damarın açılması, beyin anevrizmalarının koil və ya digər endovaskulyar vasitələrlə müalicəsi, daxili qanaxmaların selektiv embolizasiya ilə dayandırılması müasir intervension radiologiyanın mühüm istiqamətləridir.
Digər bir nümunə böyrəkdə baş verən qanaxmadır. Əvvəllər bəzi ağır hallarda böyrəyin çıxarılması zərurəti yarana bilirdisə, bu gün seçilmiş xəstələrdə superselektiv embolizasiya vasitəsilə qanaxmanı dayandırmaq və sağlam böyrək toxumasının böyük hissəsini qorumaq mümkündür. Burada çox vacib bir fəlsəfə var: məqsəd yalnız xəstəliyi aradan qaldırmaq deyil, mümkün qədər orqanın funksiyasını da qorumaqdır. Bununla belə, intervension radiologiya bütün hallarda açıq cərrahiyyəni əvəz etmir. Bəzi xəstələrdə cərrahiyyə daha məqsədəuyğun ola bilər. Əsas məsələ multidissiplinar yanaşma ilə konkret xəstə üçün ən təhlükəsiz və effektiv müalicəni seçməkdir.
- Radioloqun düzgün rəyinin cərrahın qərarına təsiri nə qədər böyükdür?
- Radioloqun düzgün və ətraflı rəyi bir çox hallarda müalicə taktikasını müəyyənləşdirən əsas faktorlardan biridir. Müasir cərrahiyyədə əməliyyatdan əvvəl patologiyanın dəqiq lokalizasiyasını, ölçüsünü, ətraf toxumalarla münasibətini və damar anatomiyasını bilmək son dərəcə vacibdir.
Məsələn, onkoloji xəstədə şişin hansı orqanlara yayıldığını, magistral damarlara invaziyasının olub-olmadığını müəyyənləşdirmək cərrahın əməliyyat qərarına birbaşa təsir edir. Damar cərrahiyyəsində isə angioqrafik görüntülər əsasında stenozun dərəcəsini, okkluziyanın uzunluğunu, kollateral qan dövranını və damarların anatomik xüsusiyyətlərini qiymətləndiririk. Bunlar həm müdaxilə üsulunun, həm də istifadə olunacaq materialların seçilməsi baxımından çox önəmlidir. Bəzən radioloji müayinədə aşkar olunan bir detal planlaşdırılmış əməliyyatın taktikasını tamamilə dəyişə bilər. Ona görə də radioloji rəy sadəcə görüntüdə gördüklərimizin təsviri olmamalıdır. O, klinik suallara cavab verməli, əsas nəticələri aydın ifadə etməli və müalicə komandasının qərarvermə prosesinə real töhfə verməlidir. Yaxşı radioloq yalnız görüntünü oxuyan mütəxəssis deyil, klinik qərarın formalaşmasında iştirak edən həkimdir.

- Azərbaycanda radiologiya sahəsində hansı yeni texnologiyalar tətbiq olunur?
- Son illərdə Azərbaycanda radiologiyanın inkişafında nəzərəçarpacaq irəliləyişlər var. Müasir çoxkəsikli KT, yüksək sahəli MRT, rəqəmsal angioqrafiya sistemləri və PET/KT kimi texnologiyaların istifadəsi diaqnostika və müalicə imkanlarını genişləndirib. Məsələn, TƏBİB-in məlumatına əsasən, 2023–2024-cü illərdə dövlət-özəl tərəfdaşlığı çərçivəsində səkkiz tibb müəssisəsində MRT, iki müəssisədə angioqrafiya xidməti qurulub. Bu, müasir diaqnostik imkanların regionlarda genişlənməsi baxımından müsbət addımdır. Amma mən intervension radioloq kimi xüsusilə endovaskulyar texnologiyaların inkişafını vurğulamaq istərdim. Bu gün ölkəmizdə müəyyən ixtisaslaşmış mərkəzlərdə beyin anevrizmalarının endovaskulyar müalicəsi, mexaniki trombektomiya, karotid və periferik arteriyaların stentlənməsi, aorta patologiyalarında stent-qraft tətbiqi, müxtəlif embolizasiya prosedurları həyata keçirilir.
İntervension onkologiyada isə kemoembolizasiya, termal ablasiya və digər görüntü nəzarətli müalicə üsulları mühüm yer tutur. Bu sahələrin ölkəmizdə mövcudluğu müasir minimal invaziv tibbin inkişafını göstərir. Lakin hesab edirəm ki, yalnız müasir cihazların alınması kifayət deyil. Əsas məsələ həmin texnologiyalardan səmərəli istifadə edə bilən peşəkar kadrların hazırlanması, multidissiplinar komandaların formalaşdırılması və təcili müdaxilə xidmətlərinin əlçatanlığıdır. Xüsusilə kəskin insult və həyati təhlükəli damar patologiyalarında ixtisaslaşmış xidmətlərin regionlarda da inkişaf etdirilməsi vacibdir. Texnologiya imkan yaradır, amma onun xəstənin həyatına real təsirini həkimin biliyi, təcrübəsi və düzgün təşkil olunmuş tibbi sistem müəyyən edir.
- Skrininq proqramlarının genişləndirilməsi hansı xəstəliklərin erkən aşkarlanmasına ciddi təsir göstərə bilər?
- Skrininqin əsas məqsədi xəstəliyi klinik əlamətlər meydana çıxmamış, yəni daha erkən mərhələdə aşkar etməkdir. Düşünürəm ki, Azərbaycanda xüsusilə onkoloji xəstəliklər üzrə elmi əsaslandırılmış skrininq proqramlarının genişləndirilməsi böyük əhəmiyyət daşıyır. İlk növbədə süd vəzi xərçəngini qeyd edərdim. Müntəzəm mammoqrafik skrininq bəzi şişləri qadın hələ heç bir şikayət hiss etmədiyi mərhələdə aşkar etməyə imkan verir. Beynəlxalq tövsiyələrin birində orta riskli qadınlar üçün 40–74 yaş arasında iki ildən bir mammoqrafiya nəzərdə tutulur; fərdi risk yüksəkdirsə, yanaşma dəyişə bilər. Digər mühüm istiqamət ağciyər xərçəngidir. Xüsusilə uzunmüddətli siqaret çəkmə anamnezi olan yüksək riskli şəxslərdə aşağı dozalı KT vasitəsilə erkən mərhələdə xəstəlik aşkar edilə bilər. Burada söhbət bütün əhalinin yox, konkret risk qrupunun skrininqindən gedir. Kolorektal xərçəngin skrininqində də böyük potensial var. Bu istiqamətdə əsas üsullar arasında nəcis testləri və kolonoskopiya xüsusi əhəmiyyət daşıyır; müəyyən hallarda KT-kolonoqrafiya da istifadə oluna bilər.
Fikrimcə, skrininq proqramlarının effektivliyi yalnız müayinə aparmaqla ölçülməməlidir. Aşkarlanan patologiyaların vaxtında biopsiyası, müalicəyə yönləndirilməsi və xəstənin sonrakı izlənməsi də sistemin ayrılmaz hissəsi olmalıdır. Ən uğurlu müalicə bəzən xəstəliyi ağırlaşmadan aşkar etməkdir.
- Radiologiyanın gələcəyində fərdiləşdirilmiş tibbin rolu necə olacaq?
- Fikrimcə gələcəyin tibbi getdikcə daha çox fərdiləşdirilmiş yanaşmaya əsaslanacaq. Bu gün eyni diaqnozu olan iki xəstə anatomik, genetik və bioloji xüsusiyyətlərinə görə bir-birindən ciddi şəkildə fərqlənə bilər. Dolayısı ilə eyni müalicə üsulu hər iki xəstədə eyni nəticəni verməyə bilər. Müasir radiologiya bu fərqləri daha dəqiq qiymətləndirməyə imkan yaradır. Məsələn, radiomika adlanan istiqamətdə MRT, KT və digər görüntülərdən çoxsaylı kəmiyyət göstəriciləri əldə edilir. Bu məlumatlar klinik və molekulyar nəticələrlə birləşdirilərək şişin bioloji davranışını və müalicəyə mümkün reaksiyasını proqnozlaşdırmaq üçün araşdırılır. Digər perspektivli istiqamət molekulyar görüntüləmədir. Xüsusi radiofarmasevtik preparatlarla bəzi patoloji proseslərin molekulyar xüsusiyyətlərini qiymətləndirmək mümkündür. Teranostika yanaşmasında isə uyğun molekulyar hədəfdən həm diaqnostikada, həm də müalicədə istifadə olunur.
İntervension radiologiyada fərdiləşdirilmiş tibbin əhəmiyyəti xüsusilə böyükdür. Məsələn, damar xəstəsində müdaxilə strategiyasını yalnız stenozun dərəcəsinə görə deyil, damar anatomiyasına, hemodinamikaya, yanaşı xəstəliklərə və klinik risklərə əsasən seçirik. Gələcəkdə süni intellekt, radiomika və molekulyar diaqnostikanın inteqrasiyası daha dəqiq risk qiymətləndirməsinə imkan verə bilər. Lakin bu yanaşmaların bir hissəsi hələ klinik validasiya mərhələsindədir. Fərdiləşdirilmiş tibbin əsas prinsipi sadədir: biz yalnız xəstəliyi deyil, həmin xəstəliyi daşıyan konkret insanı müalicə etməliyik.

- Sizcə, yaxın on ildə görüntüləmə texnologiyalarında hansı inqilabi dəyişiklikləri görəcəyik?
- Mən düşünürəm ki, yaxın on ildə radiologiyanın inkişafını əsasən üç istiqamət müəyyən edəcək: süni intellekt, yeni nəsil görüntüləmə sistemləri və diaqnostika ilə müalicənin daha sıx inteqrasiyası. Birinci istiqamət süni intellektdir. Gələcəkdə radioloji sistemlərin yalnız görüntünü analiz etməsi deyil, həm də əvvəlki müayinələrlə müqayisə aparması, klinik məlumatları ümumiləşdirməsi və həkimə qərar dəstəyi təqdim etməsi daha geniş tətbiq oluna bilər. İkinci istiqamət görüntüləmənin fiziki və texnoloji imkanlarının artırılmasıdır. Məsələn, artıq klinik istifadəyə daxil olmuş photon-counting CT texnologiyası daha yüksək məkan ayırdetməsi, spektral analiz və şüa dozasının optimallaşdırılması baxımından çox perspektivlidir. MRT sahəsində isə daha sürətli görüntüləmə və süni intellekt dəstəkli rekonstruksiya texnologiyaları inkişaf edir. Üçüncü istiqamət isə mənə xüsusilə maraqlıdır: görüntüləmə ilə real vaxt rejimində aparılan minimal invaziv müdaxilələrin inteqrasiyası.
Təsəvvür edin ki, gələcəkdə həkim damar daxilində hərəkət edərkən süni intellekt ona anatomik xüsusiyyətləri, kritik strukturları və mümkün riskləri daha dəqiq göstərir. Robotik kateter sistemləri, üçölçülü görüntü naviqasiyası və artırılmış reallıq texnologiyaları mürəkkəb prosedurların planlaşdırılmasında və icrasında daha geniş rol oynaya bilər. Bu imkanların bir hissəsi artıq mövcuddur, digərləri isə hələ tədqiqat və inkişaf mərhələsindədir.
Mənim fikrimcə, əsas inqilab sadəcə daha keyfiyyətli görüntü əldə etmək olmayacaq. Əsas dəyişiklik həmin görüntüdən istifadə edərək daha erkən diaqnoz qoymaq, daha dəqiq qərar vermək və xəstəni daha az travma ilə müalicə etmək olacaq. Radiologiyanın gələcəyi yalnız xəstəliyi daha yaxşı görməkdə deyil, gördüyümüz xəstəliyə daha dəqiq və daha təhlükəsiz müdaxilə edə bilməkdədir.
- Müsahibənin sonunda səsləndirə biləcəyiniz yekun fikirizi oxucularımızla bölüşərdiniz.
- Yekun olaraq bildirim ki, Müasir tibb artıq yalnız insan ömrünü uzatmağa deyil, həm də həyat keyfiyyətini qorumağa çalışır. Radiologiya isə bu inkişafın ön sıralarındadır. Bizim əsas məqsədimiz xəstəlikləri mümkün qədər erkən aşkar etmək, daha dəqiq müalicə aparmaq və insan orqanizminə minimum zərər verməklə maksimum nəticə əldə etməkdir. Çünki tibbin əsl uğuru yalnız həyatı xilas etmək deyil, o həyatı mümkün qədər keyfiyyətli şəkildə davam etdirməyə imkan yaratmaqdır.