13 noyabr 2026 18:57
67

Ev təsərrüfatlarının uçotu: Dövlətin sosial siyasətinin yol xəritəsi

Uçot sisteminin təkmilləşdirilməsi və rəqəmsallaşdırılması sadəcə texniki yenilənmə deyil, həm də dövlət idarəetməsində şəffaflığın artırılmasına, resurslara qənaət edilməsinə və vətəndaş məmnunluğunun yüksəldilməsinə yönəlmiş strateji addımdır

Müasir dövrdə dövlətlərin sosial-iqtisadi inkişaf strategiyalarının uğuru bilavasitə toplanan statistik məlumatların dəqiqliyindən və operativliyindən asılıdır. Ölkə əhalisinin real yaşayış səviyyəsini, gəlir və xərc strukturunu, məşğulluq vəziyyətini və sosial ehtiyaclarını düzgün qiymətləndirmədən effektiv idarəetmə qərarları qəbul etmək mümkün deyil. Ev təsərrüfatı dedikdə, bir yaşayış sahəsində birlikdə yaşayan, ümumi büdcəni paylaşan və gündəlik tələbatlarını birgə ödəyən şəxslər qrupu (və ya tək yaşayan şəxs) başa düşülür. Ev təsərrüfatlarının uçotu isə bu subyektlərin tərkibi, mülkiyyətində olan torpaq və əmlak, kənd təsərrüfatı fəaliyyəti, eləcə də sosial-demoqrafik göstəriciləri barədə məlumatların sistemli şəkildə qeydiyyata alınmasıdır.

Azərbaycanda 80 ildən artıq zəngin tarixi təcrübəyə söykənən ev təsərrüfatlarının uçotu və statistik müayinəsi bu gün ölkənin sosial-iqtisadi mənzərəsini formalaşdıran ən mühüm informasiya sütunlarından biridir. İlkin dövrlərdə bu proses əsasən kənd yerlərində əhalinin sayı, torpaq sahələri, mal-qara başlarının qeydiyyatı (təsərrüfatbaşına uçot kitabları), eləcə də müxtəlif sosial təbəqələrə aid ailələrin gəlir və xərc büdcələrinin öyrənilməsi məqsədi daşıyırdı. Onilliklər ərzində toplanan təcrübə bu sahəni lokal qeydiyyat mexanizmindən çıxararaq ümummilli statistik müşahidə sisteminə çevirdi. Müstəqillik illərində isə ölkəmizdə bütün sahələrdə olduğu kimi, statistika sistemində də köklü islahatlar aparıldı. Ev təsərrüfatlarının uçotu və büdcə tədqiqatları BMT, Dünya Bankı və Avropa İttifaqının müasir metodologiyalarına uyğunlaşdırılaraq tamamilə yeni keyfiyyət mərhələsinə qədəm qoydu.

Son illər ölkəmizdə dövlət idarəetməsinin bütün sahələrində olduğu kimi, statistika və uçot sistemində də köklü islahatlar aparılır. Dövlət Statistika Komitəsinin qəbul etdiyi müvafiq qərarlar və normativ hüquqi aktlar ev təsərrüfatlarının uçotu sənədlərinin müasir tələblərə uyğunlaşdırılmasına xidmət edir. Uçot formalarının yenilənməsi və elektron informasiya sistemlərinə inteqrasiyası məlumatların təkrarlanmasının qarşısını alır, insan faktorundan irəli gələn xətaları minimuma endirir. Müasir rəqəmsal həllər sayəsində yerli səviyyədə toplanan ilkin məlumatlar mərkəzi məlumat bazaları ilə uzlaşdırılır ki, bu da ölkə üzrə vahid və şəffaf informasiya mühitinin formalaşmasına zəmin yaradır.

2027-ci ildən etibarən ev təsərrüfatlarının uçotu da planşetlər vasitəsilə tam elektron qaydada həyata keçiriləcəkdir. Məlumatlar vahid informasiya sistemində cəmləşdiriləcək və Elektron Hökumət İnformasiya Sistemi ilə inteqrasiya olunacaqdır. Vətəndaşlar ev təsərrüfatlarına dair məlumatları ilə hər hansı sorğu etmədən proaktiv qaydada “mygov” platforması üzərindən “bir pəncərə” prinsipi əsasında tanış ola biləcəklər. Fərdi məlumatların işlənilməsi, istifadəsi və mühafizəsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçiriləcək, onların təhlükəsizliyi və konfidensiallığı təmin olunacaq.

Onu da qeyd edək ki, ev təsərrüfatlarının uçotundan əldə olunan məlumatlar sadəcə rəqəmlər toplusu deyil, həm də dövlətin sosial siyasətinin yol xəritəsidir. Bu məlumatların praktik əhəmiyyəti aşağıdakı istiqamətlərdə özünü qabarıq şəkildə göstərir: Ünvanlı sosial yardım və sosial müdafiə. Ailələrin real gəlir və xərc balansının müəyyən edilməsi yoxsulluq həddinin hesablanmasına, həssas əhali qruplarının dəqiq müəyyənləşdirilməsinə və dövlət yardımlarının məhz ehtiyacı olan vətəndaşlara çatdırılmasına imkan verir. İnfrastruktur və regional inkişaf: Müəyyən bir yaşayış məntəqəsində əhalinin yaş tərkibi və sayı barədə dəqiq məlumatlar orada yeni məktəblərin, uşaq bağçalarının, tibb məntəqələrinin inşası, yol və kommunal infrastrukturun yenilənməsi ilə bağlı investisiya qərarlarının əsasını təşkil edir. Ərzaq təhlükəsizliyi və aqrar siyasət: Kənd yerlərindəki ev təsərrüfatlarının əkin sahələri, istehsal etdikləri məhsullar və mal-qara sayı barədə uçot məlumatları daxili bazarın tələbatını proqnozlaşdırmağa və fermerlərə verilən subsidiyaların effektivliyini artırmağa kömək edir. İnflyasiya və istehlak qiymətləri indeksinin hesablanması: Ev təsərrüfatlarının istehlak xərclərinin strukturu ölkədə inflyasiya səviyyəsinin real mənzərəsini əks etdirən istehlak qiymətləri indeksinin hesablanmasında baza rolunu oynayır.

Beləliklə, ev təsərrüfatlarının uçotunun dəqiq, şəffaf və müasir standartlara uyğun aparılması dövlət və cəmiyyət arasında etibarlı məlumat körpüsü yaradır. Hər bir ev təsərrüfatı üzrə düzgün qeydiyyata alınan göstərici bütövlükdə ölkənin sosial-iqtisadi mənzərəsinin aydınlaşmasına xidmət edir. Bu isə öz növbəsində resursların səmərəli bölüşdürülməsinə, vətəndaşların rifah halının yüksəldilməsinə yönəlmiş dövlət proqramlarının daha hədəfli və uğurlu icrasını təmin edir.

Sevinc Azadi, “İki sahil”