13 noyabr 2026 20:36
225

Qana nümayəndələri Sumqayıt Sənaye Parkında olublar

Qana Respublikasının Ticarət, Aqrobiznes və Sənaye Nazirliyinin baş direktoru və inzibati rəhbəri Noah Tumfonun rəhbərlik etdiyi nümayəndə heyəti İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye Parkına səfər edib.

“İki sahil” xəbər verir ki, bu barədə agentlikdən bildirilib.

Qonaqlara məlumat verilib ki, Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Sənaye Parkında hazırda 46 rezident qeydiyyatdan keçib. İndiyədək sənaye parkına rezidentlər tərəfindən 5,5 milyard manatdan çox investisiya yatırılıb, 6500-ə yaxın daimi iş yeri yaradılıb. Sumqayıt Sənaye Parkında istehsal edilən məhsullar daxili bazarda satılmaqla yanaşı, həm də xarici bazara “Made in Azerbaijan” brendi altında ixrac edilir.

Parkda istehsal olunan məhsullar Türkiyə, Rusiya, Ukrayna, Belarusiya, Çin, Bolqarıstan, Rumıniya, Polşa, Hollandiya, İtaliya, Litva, Avstriya, Estoniya, Danimarka, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Gürcüstan, Qırğızıstan, Braziliya, Misir, BƏƏ, Livan, Yaponiya, ABŞ, Kanada və sair ölkələrə ixrac olunur.

Nümayəndə heyəti sənaye parkının rezidentləri olan “Assan-STP Panel” MMC, “AK Pack” MMC və “Bakı Karton və Qutu Fabriki” MMC -nin istehsal sahələrində olub, müəssisələrin fəaliyyəti və istehsal prosesi ilə yaxından tanış olublar.