13 noyabr 2026 21:28
93

Bundestaq Almaniyanın NATO-nun “Sea Guardian” missiyasında iştirakının müddətini uzadıb

Almaniya Bundestaqı Silahlı Qüvvələrin NATO-nun Aralıq dənizində həyata keçirdiyi “Sea Guardian” dəniz təhlükəsizliyi əməliyyatında iştirak müddətini daha bir il uzadıb.

“İki sahil” xəbər verir ki, yeni mandat 2027-ci il noyabrın 30-dək qüvvədə olacaq.

Əməliyyatda iştirak edən Almaniya hərbçilərinin maksimum sayı 400 nəfər müəyyənləşdirilib. Almaniya Silahlı Qüvvələrinin 2016-cı ildə qoşulduğu bu missiyanın əsas məqsədi Aralıq dənizində nəzarət, terror təhdidlərinin erkən aşkarlanması və dəniz yolu ilə silah qaçaqmalçılığının qarşısının alınmasıdır. Missiya çərçivəsində şübhəli gəmilərin yoxlanılması, zərurət yarandıqda saxlanılması və istiqamətinin dəyişdirilməsi mümkündür.

Almaniya NATO müttəfiqləri və Aralıq dənizinin cənub sahilindəki tərəfdaşlarla əməkdaşlığı gücləndirməyi, həmçinin Aİ-nin EUNAVFOR MED IRINI əməliyyatı ilə koordinasiyanı genişləndirməyi planlaşdırır.