15 noyabr 2026 19:54
190

Türkiyədə PUA əleyhinə EJDERHA sistemi uğurla sınaqdan keçirilib

Türkiyənin müdafiə şirkəti ASELSAN güclü elektromaqnit şüalanmanın köməyi ilə eyni vaxtda 51 dronu bir neçə saniyə ərzində zərərsizləşdirən EJDERHA pilotsuz uçuş aparatına (PUA) qarşı mübarizə sisteminin uğurla sınaqdan keçirildiyini bildirib.

“İki sahil”in "Anadolu"ya istinadən məlumatına görə, sınaq ASELSAN-ın Gölbekdəki mərkəzində baş tutub və şirkətin yaradılmasının 51-ci ildönümünə təsadüf edib.

Sistem birinci mərhələdə təxminən 1 000 metr məsafədə iki kabellə idarə olunan dronu sıradan çıxarıb. İkinci mərhələdə EJDERHA eyni vaxtda havaya qalxan 51 drondan ibarət dəstəni zərərsizləşdirib.

Şirkətin açıqlamasına görə, sistem dronların elektron komponentlərini güclü elektromaqnit dalğaları ilə hədəfə alır, raket və ya sursat istifadə etmədən onların sıxışdırılmasına, yenidən işə salınmasına və ya sıradan çıxarılmasına imkan yaradır.

ASELSAN-ın baş direktoru Ahmet Akyol sınağı şirkət üçün əhəmiyyətli nailiyyət adlandırıb və EJDERHA-nın artıq istifadədə olduğunu və kütləvi istehsala başladığını açıqlayıb.

Sistem mini və mikro sinifli PUA-lardan müdafiə üçün nəzərdə tutulub və Türkiyənin çoxqatlı "Polad günbəz" (ÇELİKKUBBE) hava hücumundan müdafiə sisteminin tərkib hissəsi olacaq. O, aşkarlama, izləmə və dəqiq hədəfləmə üçün radar və elektro-optik sistemlə təchiz olunub.