21 noyabr 2026 21:59
120

Hindistanın şimal-şərqində saxta spirtli içkidən 11 nəfər ölüb, 180 nəfər zəhərlənib

Hindistanın şimal-şərqindəki Manipur ştatında ehtimal olunan saxta spirtli içkinin qəbul edilməsindən sonra 11 nəfər həyatını itirib, hadisə ilə bağlı araşdırmalara başlanılıb. Cümə günü verilən məlumata əsasən, zəhərli içkidən istifadə etdiyi ehtimal olunan 180-dən çox sakin Manipur xəstəxanalarına yerləşdirilib.

“İki sahil” xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.

Yerli medianın məlumatına görə, rəsmilər son bir həftə ərzində Manipurun Suqnu şəhərindən alınmış spirtli içkini qəbul edən sakinləri tibbi müayinədən keçməyə çağırıblar. Polis komissarının müavini isə əhaliyə mənşəyi məlum olmayan spirtli içkilərdən istifadə etməməyi tövsiyə edib.

Ştatın Baş naziri Yumnam Khemçand Sinqh cümə günü yaydığı açıqlamada bildirib: “İki xəstəxanaya indiyədək 180-dən çox xəstə yerləşdirilib, son 48 saat ərzində isə ölənlərin sayı 11-ə çatıb”. O, hadisənin araşdırılması barədə göstəriş verərək təqsirkarların cəzalandırılacağını vurğulayıb.