24 noyabr 2026 22:11
64

Tarixi Zəfərin, milli qürurun və Böyük Qayıdışın ünvanı - Kəlbəcər şəhəri

Azərbaycanın tarixində elə günlər var ki, onlar yalnız təqvimdə əlamətdar tarix kimi deyil, xalqın milli yaddaşında, dövlətçilik salnaməsində və tarixi ədalətin təntənəsi kimi əbədi yaşayır. 25 Noyabr – Kəlbəcər şəhəri günü də məhz belə möhtəşəm tarixlərdəndir. Bu gün xalqımız üçün doğma torpağa qayıdışın, milli iradənin, dövlətimizin qüdrətinin və Müzəffər Ordumuzun tarixi Zəfərinin rəmzidir.

2020-ci il noyabrın 25-də Kəlbəcərin işğaldan azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində atılmış mühüm tarixi addımlardan biri oldu. Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbədən sonra imzalanan üçtərəfli Bəyanata uyğun olaraq Kəlbəcərin Azərbaycana qaytarılması ilə uzun illər davam edən yurd həsrətinə son qoyuldu. Bu tarixi nəticə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsinin, düşünülmüş strategiyasının, Azərbaycan Ordusunun qəhrəmanlığının və xalqımızın sarsılmaz birliyinin təntənəsi idi.

Kəlbəcər Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri, zəngin tarixi və mədəni irsi ilə seçilən diyarıdır. Bölgənin tarixi kökləri minilliklərin dərinliyinə gedib çıxır. Burada aşkar edilmiş qədim yaşayış məskənləri, mağaralar, qayaüstü təsvirlər və arxeoloji nümunələr bu ərazinin hələ ibtidai dövrlərdən insanların məskunlaşdığı mühüm yaşayış məkanlarından biri olduğunu təsdiqləyir. Tərtər çayı boyunca yerləşən qədim mağaralar, 30 min ildən artıq tarixə malik yaşayış izləri, təxminən 6 min il yaşı olan qayaüstü təsvirlər Kəlbəcərin təkcə Azərbaycanın deyil, bütövlükdə regionun qədim sivilizasiya tarixində mühüm yer tutduğunu göstərir. Xudavəng monastır kompleksi və digər alban dövrü abidələri isə bölgənin zəngin memarlıq və mədəni irsinin qiymətli nümunələridir.

Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Əzəmətli dağları, uca zirvələri, geniş yaylaqları, sıx meşələri, gur çayları, saf bulaqları və zəngin təbii sərvətləri bu diyarı ölkəmizin ən nadir təbiət guşələrindən birinə çevirir. Camışdağ və Dəlidağ kimi möhtəşəm zirvələr, füsunkar dağ mənzərələri, mineral su ehtiyatları Kəlbəcərin təbii potensialını müəyyən edən əsas xüsusiyyətlərdəndir. Bu torpaq həm də Azərbaycanın iqtisadi, ekoloji və turizm imkanları baxımından böyük əhəmiyyətə malikdir.

Kəlbəcərin ən böyük sərvətlərindən biri də məşhur “İstisu” mineral bulaqlarıdır. Özünəməxsus mineral tərkibi və müalicəvi xüsusiyyətləri ilə tanınan İstisu uzun illər Azərbaycanın hüdudlarından kənarda da məşhur olmuşdur. İşğal dövründə bu qiymətli sərvətin istismarına və bölgənin inkişafına ciddi zərbə vurulsa da, bu gün dövlətimizin məqsədyönlü siyasəti nəticəsində İstisu yenidən dirçəldilir. Müasir texnologiyalar əsasında inşa edilən “İstisu” mineral sudoldurma zavodu və Müalicə-İstirahət Kompleksi Kəlbəcərin iqtisadi həyatında yeni mərhələnin əsasını qoyur. Bu layihələr yerli təbii sərvətlərin səmərəli istifadəsi, turizmin inkişafı, yeni iş yerlərinin yaradılması və bölgənin iqtisadi potensialının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin azad edilmiş Kəlbəcərə səfərləri bölgənin gələcək inkişafına dövlət səviyyəsində göstərilən xüsusi diqqətin və qayğının bariz ifadəsidir. Dövlət başçısının 2023-cü il avqustun 25-də Kəlbəcərə səfəri zamanı həyata keçirilən mühüm tədbirlər bu baxımdan xüsusi qeyd olunmalıdır. Həmin gün “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışı oldu, “İstisu” mineral sudoldurma zavodunun tikintisi və İstisu Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanışlıq keçirildi. Eyni zamanda, “AzərEnerji” ASC-nin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyaları istifadəyə verildi, Zar kəndinin təməli qoyuldu.

Bu səfər bir daha nümayiş etdirdi ki, Azərbaycan dövləti Kəlbəcərin gələcəyini yalnız bərpa işləri ilə məhdudlaşdırmır, burada müasir iqtisadiyyatın, dayanıqlı enerji sisteminin, turizmin və sosial həyatın inkişafına hesablanmış kompleks strategiya həyata keçirir. Xüsusilə, kiçik su elektrik stansiyalarının istifadəyə verilməsi Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi istiqamətində atılan mühüm addımlardandır.

Bu gün Kəlbəcərdə həyata keçirilən quruculuq siyasətinin ən mühüm istiqamətlərindən biri də Böyük Qayıdışın təmin edilməsidir. Doğma yurdlarından didərgin düşmüş insanların ata-baba torpaqlarına qayıtması dövlətimizin qarşıya qoyduğu əsas prioritetlərdəndir. Kəlbəcər şəhərində və rayonun kəndlərində aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri bu tarixi missiyanın ardıcıl şəkildə reallaşdırıldığını göstərir.

Yanşaq kəndinin yenidən qurulması və burada 421 ailənin məskunlaşdırılması planlaşdırılır. Zallar kəndində 487 ailənin, Zar kəndində isə 855 ailənin məskunlaşması nəzərdə tutulub. Bu rəqəmlər sadəcə yaşayış evlərinin tikintisini ifadə etmir. Hər bir ailənin doğma torpağına qayıtması, yeni həyatın başlanması, kəndlərin sosial və iqtisadi mühitinin bərpası deməkdir. Məktəblərin, uşaq bağçalarının, sosial obyektlərin, yolların və kommunal infrastrukturun yaradılması Kəlbəcərdə müasir yaşayış standartlarının təmin olunmasına xidmət edir.

Artıq Kəlbəcər şəhərində də Böyük Qayıdışın real nəticələri görünməkdədir. 2025-ci il avqustun 20-dən etibarən şəhərə keçmiş məcburi köçkünlərin qayıdışına başlanılması bu tarixi prosesin yeni mərhələyə qədəm qoyduğunu göstərdi. Onilliklər ərzində doğma yurdunun həsrəti ilə yaşayan insanların yenidən Kəlbəcər küçələrində addımlaması, öz evlərinin qapısını açması tarixi ədalətin bərpasının ən təsirli mənzərəsidir.

Kəlbəcərin dirçəlişi həm də Azərbaycanın güclü dövlətçilik modelinin, milli həmrəyliyinin və gələcəyə hesablanmış inkişaf strategiyasının təzahürüdür. Bu gün burada qurulan yollar, elektrik stansiyaları, istehsal müəssisələri, yaşayış kompleksləri və sosial obyektlər yalnız bugünkü ehtiyaclara deyil, gələcək nəsillərin firavan həyatına xidmət edir. Kəlbəcər artıq işğalın və dağıntıların deyil, quruculuğun, inkişafın, sülhün və tərəqqinin məkanına çevrilir.

Əlbəttə, bu tarixi Zəfərin təməlində Ümummilli Lider Heydər Əliyevin yaratdığı güclü dövlətçilik ənənələri, müstəqil Azərbaycanın möhkəm siyasi və iqtisadi əsasları dayanır. Ulu Öndərin müəyyən etdiyi milli inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edərək yeni tarixi reallıq yaradıb. Bu gün işğaldan azad edilmiş torpaqlarda aparılan nəhəng quruculuq işləri də həmin siyasi kursun məntiqi davamıdır.

25 Noyabr – Kəlbəcər şəhəri günü münasibətilə xalqımızı, xüsusilə kəlbəcərliləri ürəkdən təbrik edirəm. Bu əlamətdar gün münasibətilə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə və müharibə iştirakçılarına minnətdarlığımı bildirirəm.

Kəlbəcər artıq həsrətin deyil, qayıdışın ünvanıdır. Bu torpaqda yenidən həyat canlanır, ocaqlar tüstülənir, küçələr abadlaşır, gələcəyə inam möhkəmlənir. Əminik ki, dövlətimizin gücü, xalqımızın birliyi və Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Kəlbəcər Azərbaycanın ən gözəl, müasir və inkişaf etmiş bölgələrindən birinə çevriləcəkdir.

İlqar İlyasov,
Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri