Ekspert: Vahid idarəetmə sistemi tədris proqramlarının uzlaşdırılmasına, resurslardan səmərəli istifadəyə və keyfiyyətə nəzarət mexanizmlərinin gücləndirilməsinə şərait yarada bilər
Orta ixtisas təhsili sisteminin müasirləşdirilməsi, kolleclərin fəaliyyətinin təkmilləşdirilməsi və əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlığının təmin olunması qarşıdakı illərdə təhsil siyasətinin əsas istiqamətlərindən birinə çevrilə bilər. 2027–2030-cu illəri əhatə edəcək Sosial-İqtisadi İnkişaf Strategiyasında kolleclərin ali təhsil müəssisələrinə inteqrasiyasının nəzərdə tutulması bu baxımdan yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Nəzərdə tutulan dəyişikliklər yalnız idarəetmə strukturunun yenilənməsini deyil, həm də orta ixtisas təhsilinin məzmununun, tədris imkanlarının və mütəxəssis hazırlığı mexanizmlərinin təkmilləşdirilməsini hədəfləyir. Bu yanaşma kolleclərin ali təhsil sistemi ilə əlaqələrinin gücləndirilməsi, təhsil pillələri arasında ardıcıllığın təmin olunması və tələbələrin gələcək karyera imkanlarının genişləndirilməsi baxımından diqqət çəkir.

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) sədri, Təhsil İnstitutunun baş metodisti Pərvinə Qədimova mövzu ilə bağlı "İki sahil"ə açıqlamasında bildirdi ki, kolleclərin ali təhsil müəssisələrinə inteqrasiyası orta ixtisas təhsili sistemində keyfiyyətin yüksəldilməsi, idarəetmənin təkmilləşdirilməsi və mütəxəssis hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması baxımından mühüm strateji addım ola bilər: “Düşünürəm ki, bu prosesə yalnız kolleclərin universitetlərin strukturuna daxil edilməsi kimi yanaşmaq düzgün olmaz. Burada əsas məqsəd təhsilin bütün pillələri arasında çevik, ardıcıl və keyfiyyətə əsaslanan əlaqələrin qurulması olmalıdır”.
Universitetlərin imkanları kolleclərin inkişafına yönələcək
Ekspert qeyd etdi ki, ilk növbədə, inteqrasiya orta ixtisas təhsili müəssisələrində idarəetmənin daha səmərəli təşkilinə imkan yarada bilər. Universitetlərin elmi-pedaqoji potensialından, maddi-texniki bazasından, laboratoriyalarından, rəqəmsal resurslarından və tədris infrastrukturundan kolleclərin də istifadə etməsi təhsil mühitinin inkişafına müsbət təsir göstərəcək. Eyni zamanda, vahid idarəetmə sisteminin formalaşması tədris proqramlarının uzlaşdırılmasına, resurslardan daha səmərəli istifadəyə, keyfiyyətə nəzarət mexanizmlərinin gücləndirilməsinə və institusional imkanların birləşdirilməsinə şərait yaradacaq. Bu yanaşma təhsil pillələri arasında təkrarlanmaların və məzmun uyğunsuzluqlarının da aradan qaldırılmasına kömək edə bilər.
Əmək bazarının tələbləri mütəxəssis hazırlığında əsas meyar olacaq
P. Qədimovanın sözlərinə görə, ikinci mühüm istiqamət mütəxəssis hazırlığının keyfiyyətidir. Müasir əmək bazarı yalnız nəzəri biliklərə malik deyil, həm də praktik bacarıqları, peşə səriştələri, rəqəmsal savadlılığı və dəyişən iş mühitinə uyğunlaşma qabiliyyəti olan mütəxəssislərə ehtiyac duyur. Bu baxımdan kolleclərdə tədrisin universitetlərin elmi və akademik potensialı ilə əlaqələndirilməsi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, müasir tədris metodlarının tətbiqi və işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bununla belə, inteqrasiya kolleclərin əsas üstünlüyü olan praktik yönümlü təhsil modelini zəiflətməməli, əksinə, onu daha da gücləndirməlidir.
Kollecdən universitetə keçid üçün yeni imkanlar yarana bilər
Ekspert vurğuladı ki, bu islahatın ən mühüm nəticələrindən biri tələbələrin karyera imkanlarının genişlənməsi ola bilər. Kollec və universitet arasında vahid təhsil trayektoriyasının yaradılması tələbələrə təhsillərini davam etdirmək, bakalavriat səviyyəsinə keçid imkanlarından yararlanmaq, ixtisaslaşmaq və əmək bazarında daha rəqabətqabiliyyətli olmaq üçün əlavə imkanlar verə bilər. Xüsusilə təhsil pillələri arasında kreditlərin tanınması, fənn və proqramların uyğunlaşdırılması, əvvəlki təlim nəticələrinin nəzərə alınması kimi mexanizmlər tələbələrin vaxt və resurs itkisinin qarşısını ala bilər. Universitetlərin karyera mərkəzləri, beynəlxalq əməkdaşlıq əlaqələri, təcrübə proqramları və işəgötürənlərlə tərəfdaşlıq imkanları da kolleclərdə təhsil alan gənclərin gələcək perspektivlərinə müsbət təsir göstərə bilər.
İnzibati birləşmə deyil, keyfiyyətli təhsil əsas hədəf olmalıdır
P. Qədimova diqqətə çatdırdı ki, burada belə bir vacib məqamı da nəzərə almaq lazımdır ki, inteqrasiya sadəcə inzibati birləşmə ilə məhdudlaşmamalıdır. Kolleclərin özünəməxsus missiyası, ixtisas istiqamətləri, tədrisin praktik xarakteri və əmək bazarının konkret ehtiyaclarına çevik cavab vermək imkanları qorunmalıdır. Universitetlərin idarəetmə modelinin kolleclərə mexaniki şəkildə tətbiqi gözlənilən nəticəni verməyə bilər. Əksinə, hər bir kollecin fəaliyyət göstərdiyi sahənin xüsusiyyətləri, regional əmək bazarının ehtiyacları və məzunların məşğulluq perspektivləri nəzərə alınmalıdır.
Eyni zamanda, bu proses mərhələli şəkildə həyata keçirilməli, müəllimlərin və inzibati heyətin peşəkar inkişafı, tədris proqramlarının yenilənməsi, maddi-texniki bazanın gücləndirilməsi və keyfiyyət təminatı mexanizmləri paralel şəkildə inkişaf etdirilməlidir. İnteqrasiyanın nəticələri yalnız struktur dəyişiklikləri ilə deyil, məzunların bilik və bacarıqları, məşğulluq göstəriciləri, işəgötürənlərin məmnunluğu və tələbələrin təhsil imkanlarının genişlənməsi ilə qiymətləndirilməlidir.
Nəticə etibarilə, kolleclərin ali təhsil müəssisələrinə inteqrasiyası orta ixtisas təhsilinin nüfuzunun yüksəldilməsi, daha keyfiyyətli mütəxəssis hazırlığı və təhsilin fasiləsizliyinin təmin olunması üçün yeni imkanlar aça bilər. Əsas hədəf kollecləri sadəcə universitetlərin struktur vahidinə çevirmək deyil, onları vahid təhsil ekosisteminin güclü və funksional komponenti kimi inkişaf etdirmək olmalıdır. Çünki təhsil islahatının real uğuru idarəetmə strukturunun dəyişməsi ilə deyil, daha savadlı, peşəkar, çevik düşünən və əmək bazarında rəqabətədavamlı mütəxəssislərin yetişdirilməsi ilə ölçülür.
Nigar Orucova, “İki sahil”
“Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq” kampaniyasına həsr olunmuş konfransın açılış mərasimi keçirilib
Xaçmazda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda növbəti panel müzakirəsi keçirilib