SOCAR-ın “Qaz İxrac” İdarəsində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş yığıncaq keçirilmişdir. Eyni zamanda “Qaz İxrac” İdarəsinin Abşeron, Hacıqabul, Ağdam, Ağdaş, Astara, Qazax, Siyəzən Magistral Qaz kəmərləri sahələri kollektivlərində və Naxçıvanda yerləşən Culfa qaz sahəsində də şəhidlərimizin xatirəsi yad edilmiş və müvafiq tədbirlər keçirilmişdir.
“20 Yanvar - Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizənin simvoludur” mövzusunda keçirilmiş yığıncaqda öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. “Qaz İxrac” İdarəsinin rəisi Qağaməli Seyfullayev 1990-cı il yanvarın 20- də Bakıda və ümumiyyətlə, Azərbaycan tarixində baş vermiş faciəli hadisələrdən söhbət açaraq demişdir: “Bu, xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. 1990 - cı il yanvarın 19 - dan 20 - nə keçən gecə sovet qoşunları Azərbaycan xalqına qarşı görünməmiş terror həyata keçirdilər. 1990 - cı ilin 20 Yanvar hadisələri 20 - ci əsr tarixinə ən amansız cinayətlərdən biri kimi yazılıb. Bu hadisələr həm də müstəqillik tariximizdə xalqımızın cəsarətli addımlarını əks etdirən səhifələrdəndir. Ona görə fəxrlə deyirik ki, 20 Yanvar günü milli qürur günümüzdür. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.”
Q.Seyfullayev qeyd etdi ki, heç şübhəsiz, 1990-cı il yanvarın 20-də Bakıda baş verən hadisələr haqqında Qarabağdakı erməni təcavüzündən ayrıca danışmaq düzgün olmazdı. Çünki Azərbaycan həmin dövrdə qonşu Ermənistanın təcavüzünə də məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə xüsusi təlim keçmiş erməni əsgər və zabitləri, eləcə də sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi. Ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlıq siyasəti və keçmiş SSRİ rəhbərliyinin onlara himayədarlığına öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun xüsusi təlim keçmiş hissələrindən istifadə olunması 1990-cı ilin 20 yanvarında qanlı faciəyə gətirib çıxardı.
Şəhidlərin xatirəsinə həsr olunmuş yığıncaqda “Qaz İxrac” İdarəsi rəisinin birinci müavini Nazim Səmədzadə, rəisin müşaviri Aydınbay Amanov çıxış edərək o zaman Mixail Qarbaçov başda olmaqla imperiya rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi qanlı hadisələri qətiyyətlə pislədilər.
Həzi Həsənli
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub