Vətən deyilən müqəddəs bir söz var. Bu o qədər doğma, o qədər əziz bir kəlmədir ki, uzaqda olarkən yadına düşəndə özündən asılı olmayaraq kövrəlirsən. Hamı üçün Vətən doğulub boya-başa çatdığı ata ocağından başlayır. Dəfələrlə şahidi olmuşuq ki, ulu öndər Heydər Əliyev Naxçıvanda doğulub boya-başa çatdığı evi göstərib “mən bu evdə doğulmuşam, mən bu məhəllədə böyümüşəm” deyəndə özündən asılı olmayaraq gözləri dolurdu. Ona görə ki, orada onun uşaqlığı, orada onun gəncliyi, ilk sevgisi, əlçatmaz, ünyetməz xatirələri qalıb. Hacı İslam İslamov üçün də Vətən İsmayıllının Təzəkənd kəndindən başlayır. O yollarda onun ayaq izləri, acılı-şirinli xatirələri qalıb. İslam onda bilmirdi ki, nə vaxtsa alim olacaq, təzəkəndlilərin ümid, iman, güvən yerinə çevriləcək. Bilmirdi ki, təkcə doğulduğu Tərəkəndin, İsmayıllının yox, bütün Şirvan elinin, xoşbəxtliyini tapdığı Sumqayıtın adını ucaldacaq, hörmət-izzət sahibi olacaq. Onda hələ çox şeyləri bilmirdi.
İslam İslamov 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirdikdən sonra təyinatla Sumqayıt Şəhər Elektrik Şəbəkəsində əmək fəaliyyətinə başlayıb. Müxtəlif illərdə növbətçi mühəndis, xidmət rəisinin müavini, şəbəkə rayonunun rəisi, baş mühəndis vəzifələrində işləyib. Bu müddət ərzində ağrılı-acılı günləri də az olmayıb. Ancaq hər çətinliklərə dözüb, səbr edib. Esman adına Energetika İnstitutunun dissertantı olub və orada müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb. MDB-nin əməkdar energetikidir. 1984-cü ildən 2001-ci ilədək - 17 il Sumqayıt Elektrik Şəbəkəsinin direktoru olub. 2002-2006-cı illərdə Azərbaycan Sənaye və Energetika Nazirliyində məsul vəzifədə çalışıb. Bu müddət ərzində 10-dan çox hüquqi-normativ sənədlərin, o cümlədən “Elektrik enerjisindən istifadə qaydaları”, “Elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın ərsəyə gəlməsində böyük əməyi olub. Sumqayıt Şəhər Bələdiyyəsinin ilk üzvlərindən olub.
SOCAR-ın “Azərikimya” İstehsalat Birliyində baş energetik vəzifəsində işləyib və oradan da təqaüdə çıxıb. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə “Respublikanın Əməkdar mühəndisi” fəxri adına layiq görülüb və “Tərəqqi” medalı ilə təltif olunub. “Dədə Qorqud” Mədəniyyət Mərkəzinin “İlin vətənpərvər oğlu” döş nişanına layiq görülüb. Hazırda Sumqayıt Dövlət Universitetində müəllim kimi fəaliyyətini davam etdirir.
Mənəviyyatı pak olan insanlar Tanrının sevimli bəndələridir. Sevimli insanlardan isə Yaradan heç nəyi - mərdliyi, alicənablığı, var-dövləti, səxavəti əsirgəmir. Ancaq bu da bir həqiqətdir ki, bu üstün cəhətlər eyni zamanda bir insanın varlığına nadir hallarda sığır. Yəni həm yaxşı insan, həm yaxşı valideyn, həm yaxşı qohum, yaxşı dost olmaq çox çətindir. Lakin belə adamlar dünən də olub, bu gün də var. Mübaliğəsiz demək olar ki, İslam İslamov məhz belə adamlardandır.
Ulu öndər Heydər Əliyevin “Biz milli mənəvi dəyərlərimizi, adət-ənənələrimizi qoruyub saxlamalıyıq və gənc nəsli bu ruhda tərbiyələndirməliyik” müdrik kəlamını unutmamalıyıq. İslam İslamovun atası Zalı kişi həmişə deyərmiş ki, insanın ən böyük mükafatı xalqın, millətin, sağoludur, sevgisidir, xeyir-duasıdır. Ata nəsihətini həmişə uca tutan İslam İslamov üçün dünyanın ən gözəl insanları haqqı sevən, insanlara dar gündə dayaq olan adamlardır. Ulu Tanrı İslam müəllimə böyük ürək bəxş edib, həssas qəlb verib. İki oğul, bir qız atası olan İslam müəllim qayğıkeş ata, sevimli babadır. Həm ailədə sevilir, həm kollektiv arasında. İslam müəllim deyir ki, hər dəfə nəvələrimi görəndə sanki cavanlaşıram.
Dostları İslam müəllim haqqında həmişə yüksək fikirdə olublar.
“Azərikimya” İB-nin Etilen-polietilen zavodunun baş energetiki, “Şöhrət” ordenli Akif Eminov:
- Desəm ki, Sumqayıt energetiklərinin hamısı İslam İslamovun “şinelindən çıxıb”, səhv etmərəm. Mən onunla bir yerdə işləmişəm. İslam müəllim əsl Allah adamıdır. Ulu Tanrı özünəməxsus olan nurdan sevdiyi adamlara bəxş edir. Bəli, İslam müəllimin üzündən nur yağır. Bu, Allahın İslam müəllimə olan sevgisindən rişələnir.
Tanınmış şair-aşıq Əli İsmayıllı:
- Mən əslən İsmayıllıdanam. İsmayıllıda onun necə hörmət sahibi olduğunun şahidiyəm. Altı kitab müəllifiyəm. Bu kitabların işıq üzü görməsində İslam müəllimin xeyli köməyi olub. İslam müəllim bütün varlığı ilə yurd-yuvasına bağlı adam olmaqla özünə əbədi hörmət qazanıb.
İslam müəllim söz sərrafı olduğundan sözə, söz adamına münasibəti də başqadır. “İnsanın ən böyük qüdrəti, möcüzəsi sözlə yaratdıqlarıdır” deyən İslam İslamov haqqında yazarkən həm məhəbbətlə, həm də məsuliyyətlə yazmalı olursan.
Biz də “İki sahil” qəzetinin kollektivi olaraq İslam müəllimə cansağlığı arzulayırıq.
Orxan Vahidoğlu, “İki sahil”
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub