25 yanvar 2017 22:05
638

Gözdən Əlillər üçün Respublika Kitabxanasının 1500 nəfər daimi oxucusu var

Gözdən Əlillər üçün Respublika Kitabxanası 1981-ci il iyunun 1-dən Azərbaycan Korlar Cəmiyyətinin tabeliyində fəaliyyətə başlayıb. Kitabxananın vəzifəsi I və II qrup gözdən əlillərə kitabxana-informasiya xidməti göstərməkdir. Kitabxananın fondunu Brayl kitabları (xüsusi şriftlə yazılmış kitablar), audiokassetlər, CD-lər və dövri mətbuat, 20 min nüsxə ədəbiyyat təşkil edir. Kitabxananın 1500 nəfər daimi oxucusu var. Oxucuların böyük əksəriyyətinin kasetləri oxutdurmaq üçün xüsusi və yaxud adi maqnitofonu var. Gözdən Əlillər Cəmiyyətində yaradılmış studiyada milli dildə kitablar yazılır, yaradılmış tipoqrafiyada Brayl şrifti ilə Azərbaycan dilində kitablar çap olunur.

Bu barədə Respublika Gözdən Əlillər Kitabxanasının direktorunun müavini, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin üzvü Tofiq Balayev AZƏRTAC-a müsahibəsində bildirib.

O qeyd edib ki, gözdən əlillər dövlət tərəfindən aylıq sosial müavinət və ya pensiya ilə təmin olunurlar. Əmək pensiyası hüququ olmayan I qrup əlil şəxslərə (o cümlədən I qrup gözdən əlillərə) aylıq sosial müavinətlə yanaşı, Prezidentin aylıq təqaüdü ödənilir. Digər tərəfdən, əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği I qrup gözdən əlillər üçün yaşa görə əmək pensiyasının baza hissəsi məbləğinin 200 faizi həcmində hesablanır. 2015-ci ilin dekabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhərində 12 mərtəbəli 132 mənzilli yaşayış evinin gözdən əlillərə təqdim olunub. “Fəxrlə deyə bilərəm ki, mən də o evdən mənzil aldım, şəxsən Prezident İlham Əliyev mənə evin açarlarını təqdim etdi. Ölkəmizdə Heydər Əliyev Fondu tərəfindən müvafiq layihə çərçivəsində ayrı-ayrı bölgələrində gözdən əlillər və görmə qabiliyyəti zəif insanlar üçün regional informasiya mərkəzləri yaradılıb. Bu mərkəzlərdə həmin şəxslər informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə imkanları əldə edirlər”, - deyə T.Balayev bildirib.

Onun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyi kitabların istər Brayl əlifbası ilə, istərsə də kompakt kaset, disk şəklində lentə alınması kimi maliyyə ayrılmasını öz öhdəsinə götürüb. Şagirdlər və abituriyentlər üçün dərs vəsaitləri də lentə alınıb. Kiçikyaşlı oxucular üçün nağıl kitabları, əfsanələr, lətifələr və s. əsərlər də lentə alınır. Uşaqlar maraqla, həvəslə kitabxananın xidmətlərindən istifadə edirlər. Kitabxana həm də rusdilli oxuculara xidmət edir. Kitabxanaya gəlməkdə çətinlik çəkən və digər fiziki qüsuru olan oxuculara kitabların səyyar formada mənzillərinə çatdırılması da həyata keçirilir. Kitabxanada fəaliyyət göstərən “Danışan Kitabxana”nın xidmətlərindən hətta sağlam insanlar da istifadə edə bilərlər. Həmçinin kitabxanada gündəlik dövri mətbuat, müxtəlif qəzet və jurnallar oxucuların istifadəsindədir.

Tofiq Balayev 2015-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi ilə gözdən əlil insanlar üçün “Qurani-Kərim” kitabını Brayl əlifbasına tərcümə edib. “Qurani-Kərim”in artıq dünyanın digər dillərində Brayl əlifbası ilə çap edildiyini deyən müsahibim onun Azərbaycan dilində ilk dəfə nəşr olunmasının əhəmiyyətini vurğulayıb. Diqqətə çatdırıb ki, son zamanlar gözdən əlil insanların həyatını yüngülləşdirən bir çox ixtiralar edilib. Onların arasında əlilləri lazımi istiqamətə yönəldə bilən xüsusi GPS naviqatorlar, həmçinin xəstənin virtual xəritə üzrə getdiyi xüsusi əlcəklər və əl ağacı var.

“Çətinliklə əldə etdiyim nailiyyətlərimlə qurur duyuram. Ailəliyəm, üç oğul atasıyam. Hamısı da sağlamdır, məni kimi gözdən əlil deyil. Böyük oğlumun 11 yaşı var, bazarlığa mənimlə gedir. Bacım da gözdən əlil olduğu üçün onu heç valideynlərimə belə etibar etmirəm. O da Prezident İlham Əliyevin mənə verdiyi evdə yaşayır. Ailə qurmayıb. Bacım da kitabxananın əməkdaşıdır. Tez-tez bura gəlir, kitablar oxuyur. Onun özünə qapanmasını istəmirəm. Hesab edirəm ki, əsil kor gözləri görməyən yox, mənəviyyatları məhv olmuş, ürəklərində insan sevgisi olmayan, hər addımında günaha batanlardır. Qəlbin, mənəviyyatın kordursa, gözlərinin görməsinin heç bir mənası yoxdur. Allah hər birimizi mənəvi korluqdan qorusun!”, - deyə T.Babayev əlavə edib.