26 yanvar 2017 14:40
302

İran Türkiyəyə təzminat ödəyəcək

İranın neft nazirinin köməkçisi və Beynəlxalq Qaz Şirkətinin baş katibi Həmid Rza İraqi Türkiyənin İranı beynəlxalq məhkəməyə verib iddianı qazanması səbəbi ilə təzminat olaraq Türkiyəyə ixrac edilən təbii qazın qiymətində 13,3% endirim edəcəklərini bildirib.

İSNA-nın (İranian Students News Agency) məlumatına görə, paytaxt Tehranda mətbuat konfransı keçirən H.R.İraqi Beynəlxalq Arbitraj Məhkəməsinin qərarından sonra Türkiyəyə ixrac ediləcək təbii qazın qiymətindəki endirimin və təzminat miqdarının müəyyən olunduğunu bəyan edib.

Məhkəmənin qərarı çərçivəsində Türkiyəyə satılacaq təbii qazın qiymətində 13,3% endirim olunacağını bildirən İraqi İran hökumətinin rəsmi Ankaraya təxminən 1,9 milyard dollar təzminat ödəyəcəyini də qeyd edib.

Qeyd edək ki, Türkiyə təbii qaz ehtiyacının təxminən 18%-ni İran qazının hesabına ödəyir.

2012-ci ildə Türkiyə hökuməti nəql olunan təbii qazın qiymətinin birjaların səviyyəsindən yüksək olduğunu səbəb gətirərək İranı Beynəlxalq Arbitraj Məhkəməsinə vermişdi. Elə həmin il Türkiyə hökuməti haqlı olaraq məhkəməni qazanmışdı. Beynəlxalq Arbitraj Məhkəməsinin yekun qərarına əsasən İranın 2011-ci ildən etibarən Türkiyəyə ixrac etdiyi təbii qazın qiymətlərində 10-15% endirimə getməsi və Türkiyə hökumətinə təzminat ödəməsi qərara alınıb. Bununla da iki ölkə arasında 5 ilə yaxındır ki, davam edən problemin aradan qalxması gözlənilir.

Həmidağa Məcidov, “İki sahil”