Azərbaycan təbii qazının Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu qaz boru kəmərinin (TANAP) Dardanel boğazından keçəcək dəniz hissəsi üzrə iki boru kəmərinin tikintisi 2 ay müddətində aparılacaq.
Bunu AZƏRTAC-a eksklüziv müsahibəsində TANAP-ın baş direktoru Saltuk Düzyol deyib.
“Bu il iyulun əvvəlində tikinti sahəsinə çatdırılması planlaşdırılan əsas xəttin borularının satın alınması artıq yekunlaşıb. Boru kəməri ilə yanaşı çəkiləcək fiber-optik kabellərin alınması prosesi isə davam edir. Fiber-optik kabellərin tikinti sahəsinə iyul-avqust aylarında çatdırılması planlaşdırılır”, - deyə TANAP-ın baş direktoru qeyd edib.
S.Düzyol bildirib ki, TANAP-ın dəniz hissəsində istifadə ediləcək avadanlıqların quraşdırılması üzrə hazırlıqlar başa çatdırılıb. Boruların çəkilməsi dinamik quraşdırma sisteminə malik müasir texnologiya ilə həyata keçiriləcək. İki boru kəmərinin və fiber-optik kabellərin çəkilməsi işlərinin 60 gün davam etməsi gözlənilir. TANAP-ın dəniz hissəsinin tikintisi işlərinə başlanılması üçün lazımi hazırlıqlar və icazələrin alınması prosesi davam edir.
Xatırladaq ki, boru kəmərinin Dardanel boğazından keçəcək 2x36 düymlük dəniz hissəsi və fiber-optik kabellərin çəkilişinin mühəndislik, satınalma və tikinti müqaviləsi ötən ilin sentyabrında “SapuraKencana” şirkəti ilə imzalanıb. Dəniz hissəsinin inşasına bu ilin yay aylarında başlanılması planlaşdırılır.
Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub” qaz dəhlizinin tərkib hissəsi olan digər layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur. Boru kəmərinə tələb olunan kapital xərcləri 8,5 milyard ABŞ dollarıdır. Layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur. TANAP layihəsi üzrə işlərin 60 faizi tamamlanıb. Boru kəmərinin quru hissəsinin inşası çərçivəsində 4 lot üzrə indiyədək 1574 kilometr uzunluğunda xəndək qazılıb. Boru kəmərinin 56 düym diametrli və ümumilikdə 1334 kilometr uzunluğundakı ilk üç lotu üzrə xəndəyin qazılması artıq yekunlaşıb. Bu vaxtadək TANAP-ın 4 lotu üzrə 1430 kilometr borular marşrut xətti boyunca düzülüb. Əsas xətt üzrə isə 1350 kilometr uzunluğunda boruların qaynağı tamamlanıb.
Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1334 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 450 kilometrdir. Bundan başqa, TANAP 2x36 düym diametrli 18 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir. TANAP-ın tikintisi üzrə ilk mərhələ sona çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub