Rusiyanın Energetika Nazirliyi son açıqlamasında rəsmi Moskvanın Ukraynaya yenidən təbii qaz nəql etməyə hazır olduğuna və bunun üçün Ukraynanın “Naftoqaz” dövlət neft-qaz şirkəti Rusiyanın şirkəti “Qazprom” şirkətinə müraciət etməsinin vacibliyinə diqqət çəkib. Nazirliyin rəsmi nümayəndəsinin mətbuata verdiyi açıqlamasında Rusiyanın Ukraynaya yenidən təbii qaz nəql etməsinin mümkün olma ehtimalının yüksək olduğu söylənilib: “Bizim sabit şərtlərlə “Qazprom” şirkəti ilə qüvvədə olan bir müqaviləmiz var. Ukraynaya təbii qaz ixrac etməyə hazırıq, ancaq bunun üçün Ukrayna “Naftoqaz” dövlət neft-qaz şirkətinin “Qazprom”a rəsmi şəkildə müraciət etməsi lazımdır”.
Ukrayna hökuməti isə ölkədə üzvi yanacaq növlərini elektrik enerjisinə çevirən istilik elektrik stansiyalarındakı daş kömür ehtiyatlarının təxminən 40 gün ərzində tükənəcəyini açıqlayıb. Ukraynanın dövlət “Ukrenergo” enerji şirkəti və ölkənin Enerji və Kömür Sənayesi Nazirliyi ukraynalı radikalların Donbass əyalətində yanvarın 25-dən başlatdığı “daş kömür blokadası”nı bitirmədiyi təqdirdə, hökumətə enerji sektorunda fövqəladə vəziyyət elan etməsini tövsiyə edib.
Ekspertlər həm Rusiya, həm də Ukrayna tərəfindən gələn son açıqlamalardan sonra hər iki ölkənin təbii qaz nəqlinin bərpasına müsbət yanaşdığını bildirirlər. Xatırladaq ki, Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsi və daha sonra Şərqi Ukraynada baş verən məlum hadisələrdən sonra iki dövlət arasında diplomatik əlaqələr pozulmuş və Rusiya Ukraynaya təbii qaz nəqlini dayandırmışdı. Krım məsələsindən sonra Rusiyadan qaz idxal edən bir çox Avropa İttifaqı ölkələri rəsmi Moskvanı iqtisadi blokadaya salmaq məqsədi ilə bir çox sanksiyalar tətbiq etmiş və bu ölkədən təbii qaz alışını dayandırmışdılar.
Həmidağa Məcidov, “İki sahil”
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub