18 fevral 2017 00:01
335

“Qazprom”un Türkiyəyə ixrac etdiyi qazın həcmi azalıb

Ötən ilin ayrı-ayrı vaxtlarında “Qazprom”un Türkiyəyə təbii qaz ixracı rekord həddə çatsa da, il ərzində ümumi ixracda azalma müşahidə edilib. Belə ki, Rusiya şirkətinin Türkiyəyə təbii qaz ixracı 2016-cı ildə əvvəlki illə müqayisədə 8,6 faiz azalaraq 24,7 milyard kubmetrə enib. Halbuki, “Qazprom” 2015-ci ildə bu ölkəyə 27 milyard kubmetr həcmində təbii qaz ixrac etmişdi.

Xatırladaq ki, hələ ötən il  “Qazprom”un İdarə Heyətinin sədr müavini Aleksandr Medvedev şirkətin təsisçisi olduğu nəşrə müsahibəsində 2016-cı ildə  Türkiyəyə ixrac ediləcək təbii qazın həcminin 9,2 faiz azalacağını, ümumi ixracın 24,5 milyard kubmetr olacağını qeyd etmişdi.

Maraqlıdır ki, hətta İrandan Türkiyəyə qaz nəqlində yaranmış texniki problemlər və bu ölkədə təbii qaza olan tələbatın kəskin artması da idxalın azalmasının qarşısını ala bilməyib.  

Türkiyənin təbii qaza olan tələbatının ödənilməsi prezident Rəcəb Tayyib Ərdoğanın körfəz ölkələri turu çərçivəsində Qətərə səfəri zamanı əsas müzakirə mövzusu olub. Belə ki, Qətər hazırda dünyanın LNG tələbatının 1/3-i ödəyir ki, Türkiyə təbii qaza olan tələbinin bir hissəsini məhz bu yanacaq növü hesabına təmin edir.

Qeyd edək ki, Türkiyədən fərqli olaraq, “Qazprom”un Qərbi Avropaya təbii qaz nəqli 11,1 faiz artaraq 146,2 milyard kubmetrə çatıb. Xüsusilə də Almaniyaya 49,83 milyard kubmetr, İtaliyaya 24,69 milyard kubmetr, İngiltərəyə 17,91 milyard  kubmetr həcmində təbii qaz ixrac edilib.

Ceyhun Piriyev, “İki sahil”