Salyandakı Mirəşrəf ağa məscidində 150 ildən çox yaşı olan nadir çıraq saxlanılır. Çırağın hündürlüyü bir metrə çatır, ağırlığı isə 70 kiloqramdır.
AZƏRTAC xəbər verir ki, Mirəşrəf ağa məscidi 110 il bundan əvvəl xeyriyyəçi usta Hacı Tağı bəy tərəfindən tikilib. İstifadəyə verildikdən sonra Rusiyadan gətirilən çıraq məscidə bağışlanıb. Neftlə işləyən çırağı doldurmaq üçün xüsusi qaldırıcı mexanizm də olub.
Yaşlı nəslin nümayəndələrinin dediyinə görə, çıraqdan təkcə işıqlandırmada deyil, həm də istilik mənbəyi kimi istifadə edilib. Qış aylarında məscid soyuq olduğundan çıraq aşağı salınar, bura gələnlər onun ətrafına toplaşaraq istisinə qızınardılar.