Müstəqil xarici siyasəti ilə beynəlxlaq münasibətlər sistemində öz yerini gündən-günə möhkəmlədən Azərbaycan milli maraqların daha səmərəli müdafiəsi, ölkə iqtisadiyyatının inkişafı, regional və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə geniş imkanlar yaradan nəhəng enerji və nəqliyyat-kommunikasiya layihələrini uğurla reallaşdırır. Preizdent İlham Əliyevin təşəbbüsü ilə uğurla icra olunan, Avropanın enerji təhlükəsizliyində və enerji mənbələrinin şaxələndirilməsində mühüm əhəmiyyətə malik “Cənub Qaz Dəhlizi”nin vaxtında istifadəyə verilməsi üçün dünyanın nüfuzlu beynəlxlaq qurumları gərəkli addımlar atırlar. Avropanın qarşıdakı 100 ildə enerji təhlükəsizliyinin təminatını, resurslarının şaxələndirilməsini şərtləndirən əsas amillərdən olan “Cənub Qaz Dəhlizi” Azərbaycanın liderliyi, eləcə də bu layihə ilə bağlılığı olan ölkələr və dünyanın maliyyə qurumlarının sıx əməkdaşlığı sayəsində uğurla reallaşdırılır.
Prezident İlham Əliyev fevralın 8-də “Əl-Cəzirə” televiziyasına müsahibəsində bildirdi ki, bu gün biz Avropanın ən nəhəng infrastruktur layihəsi və ya layihələrindən biri hesab olunan “Cənub Qaz Dəhlizi” layihəsini uğurla icra edirik: “Bu layihədə biz liderliyi öz üzərimizə götürdük və ümidvarıq ki, gələn il Cənub Qaz Dəhlizinin 4 seqmentindən 3-ü icra olunacaq. Sonuncu seqment olan Trans-Adriatik boru kəmərinin tamamlanması üçün bir az artıq vaxt tələb olunacaq. Bu, enerji təhlükəsizliyi layihəsidir və enerjinin şaxələndirilməsi bizə imkan verəcək ki, ən azı 100 il istehlakçıları qaz ilə təchiz edək”.
Bu günlərdə “Caspian Energy News” jurnalına müsahibəsində Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç bildirib ki, Xəzər dənizindən hasil olunan qazın Avropaya çatdırılmasını nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsi strateji təşəbbüsdür. M.Şevçoviçin sözlərinə görə, bu layihə Avropanın enerji təhlükəsizliyi strategiyasının əsas prioritetlərindən biridir. Azərbaycan Avropa İttifaqının əsas enerji tərəfdaşlarından biridir. Hazırda Avropa İttifaqı neftə olan tələbatının 5 faizini Azərbaycanın hesabına ödəyir. Lakin “Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında rolu artacaq. Layihənin nəzərdə tutulan vaxtda icra olunması olduqca əhəmiyyətlidir.
Bir müddət bundan əvvəl “Cənub Qaz Dəhlizi” layihəsində iştirak edən ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının ilk iclasında iştirak etmək üçün Bakıda səfərdə olan ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hoxstayn vurğulamışdı ki, bu, Azərbaycan hakimiyyətinin təşəbbüsü ilə ərsəyə gələn layihədir və Birləşmiş Ştatlar bunu yüksək qiymətləndirir.
Yeri gəlmişkən, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının 3-cü iclası 2017-ci il fevralın 23-də Bakıda keçiriləcək. ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Robin Danniqan bildirib ki, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının 3-cü iclası layihə ilə bağlı işləri daha da sürətləndirəcək.
Qeyd edək ki, 2011-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında “Cənub Qaz dəhlizi” ilə bağlı birgə bəyannamə, 2012-ci ildə Türkiyə ilə TANAP-a dair saziş imzalanıb, 2013-cü ildə TAP layihəsi əsas ixrac marşrutu kimi seçilib, 2013-cü il dekabrın 17-də “Şahdəniz-2” layihəsinə dair yekun investisiya qərarı qəbul edilib və 2014-cü ildə “Cənub Qaz Dəhlizi”nin təməlqoyma mərasimi keçirilib. 2015-ci il fevralın 12-də isə, qeyd edildiyi kimi, Bakıda “Cənub” qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşü keçirilib və bu layihənin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Zahid Rza, “İki sahil”
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub