21 fevral 2017 23:21
2414

Qazmaçılar 2017-ci ilə uğurla başlayıblar

Artıq uzun illərdir ki, ölkənin quru və dəniz yataqlarında uğurlu qazma işləri həyata keçirən SOCAR-ın Kompleks Qazma İşləri Tresti 2017-ci ilə müsbət göstəricilərlə start verib. Belə ki, 2017-ci ilin yanvar ayı ərzində 8460 metr plana qarşı, 10714 metr qazma işi aparılıb ki, bu da plandan əlavə 2254 metr qazma keçidi və planın 126,6 faiz yerinə yetirilməsi deməkdir. Yanvar ayında planda 6 quyunun qazmasına başlanılması nəzərdə tutulduğu kimi, faktiki 6 quyunun qazmasına başlanılıb, planda 3 quyuda qazma işlərinin başa çatması nəzərdə tutulduğu halda, faktiki 6 quyuda qazma işləri başa çatdırılıb və planda 3 quyunun tikinti ilə başa çatması nəzərdə tutulduğu halda, faktiki  6 quyu tikinti ilə qurtararaq mədənçilərə təhvil verilib. Qeyd olunan göstəricilər üzrə planlar yüksək səviyyədə yerinə yetirilib.

Qeyd edək ki, Kompleks Qazma İşləri Tresti respublikanın quru və dəniz əraziləri üzrə 9 yataqda beynəlxalq standartların tələblərinə uyğun yeni texniki vasitələr və texnologiyadan istifadə etməklə, ətraf mühitə ziyan vurmadan və digər amillər nəzərə alınmaqla axtarış-kəşfiyyat və istismar qazma işləri aparır. Qazma işləri Quba-Xəzəryanı, Abşeron neftli-qazlı rayonlarında, dəniz akvatoriyası üzrə isə Bakı və Abşeron arxipelaqında həyata keçirilir. Trestin tərkibində 6 istehsalat bölümü (“Bulla-8 Mart-Ümid”, “Günəşli”, “Neft Daşları”, “Qaradağ-Qalmaz”, “Abşeron” və “Siyəzən”), Logistika, Tamponaj və Anbar təsərrüfatı bölümləri fəaliyyət göstərir.

Qazmaçılar sifarişçilər tərəfindən təqdim olunmuş məlumatlara əsasən, ölkəmizdə neft-qaz hasilatının sabit saxlanılması məqsədilə istismar və yeni yataqların aşkar edilməsi üçün axtarış-kəşfiyyat qazma işlərinin yerinə yetirilməsi sahəsində SOCAR-ın strukturuna daxil olan böyük elmi potensiala malik idarələrlə sıx əməkdaşlıq edir. Şirkət rəhbərliyinin qazma işlərinin aparılmasına xüsusi diqqətlə yanaşması qazmaçıları ölkəmizin iqtisadi qüdrətinin artırılması və neft sənayesinin inkişafı naminə daha böyük əzmlə çalışmağa sövq edir.

Ötən dövr qazmaçılar üçün xüsusi nailiyyətlərlə yadda qalıb. Bu uğurlar sırasında zəngin qaz-kondensat yatağı olan “Ümid” yatağını göstərə bilərik. “Ümid” yatağının istismara verilməsi ölkəmizin iqtisadi qüdrətinin təntənəsi, SOCAR-ın dünya səviyyəli bir şirkətə çevrilməsinin məntiqi nəticəsidir. Yeri gəlmişkən, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra kəşf olunmuş ilk yataq kimi “Ümid”də qazanılmış bu nailiyyət Azərbaycan qazmaçılarının möhtəşəm uğuru kimi tarixə düşüb.

 Bununla yanaşı, Pirallahı yatağında 1211 nömrəli horizontal quyunun qazılması da Kompleks Qazma İşləri Trestinin mühüm uğurları sırasına daxildir.  Bu quyunun qazılmasında dünya üzrə qazma sahəsində mövcud olan ən son mütərəqqi texniki və texnoloji yeniliklərdən istifadə edilib, quyuya hazır süzgəc endirilərək yataq üzrə yüksək hasilatla mədənçilərə təhvil verilib.

Kompleks Qazma İşləri Tresti tərəfindən mürəkkəb geoloji şəraitlərdə öz geoloji vəzifələrini yerinə yetirib axtarış və kəşfiyyat quyularının (“Ümid”, “Bulla-dəniz”, “Ələt-dəniz”, “Qoşadaş”, “Ağburun”, “Pirallahı”, “Bəyimdağ-Təkçay”, “Cahandar”, “Tumbul”, “Böyükdüz” və s. strukturlarda) müvəffəqiyyətlə qazılması, “Qaradağ” və “Qalmaz” yeraltı qaz anbarlarının imkanlarının genişləndirilməsi istiqamətində quyuların qazılması, vertikal və böyük inhiraflı maili-istiqamətlənmiş çoxlu sayda quyuların sifarişçinin tələblərinə uyğun qazılaraq təhvil verilməsini də Trestin mühüm uğurları sırasına daxil etmək olar: “Bakı arxipelaqında kəşf olunmuş yataqlar içərisində zənginliyi və gələcək axtarış-kəşfiyyat işlərinin perspektivliyi baxımından mühüm əhəmiyyət kəsb edən “Bulla-dəniz” yatağında yerləşən 122 nömrəli özüldən 124 nömrəli quyuda qazma işlərinin uğurla başa çatdırılması və gündəlik 1 milyon 250 min kubmetr qaz və 250 ton kondensat hasilatı ilə mədənçilərə təhvil verilməsi də Trestin möhtəşəm uğuru kimi qiymətləndirilməlidir.”

 “Bulla-dəniz” yatağında yerləşən 122 nömrəli özüldən növbəti layihə dərinliyi 6200 metr  olan 125 nömrəli istismar quyusunda qazma işlərinə 2016-cı ilin ilin iyul ayında başlanılıb və quyunun qazılmasında dünya üzrə qazma sahəsində mövcud olan ən mütərəqqi texniki və texnoloji yeniliklərdən istifadə edilib. Bunlardan karbohidrogen əsaslı məhlulu, quyu dibi mühərrikləri, müasir tip hidrogenişləndiriciləri, bisentrik baltaları və “Schlumberger” şirkətinin LWD/MWD telemetrik ölçü cihazları yığılmış QKAH-ni xüsusilə qeyd etmək lazımdır. Qazmaçıların  faziləsiz və gərgin əməyinin nəticəsi olaraq qazma işləri 6182 metr dərinliyə kimi aparılıb, layihə horizontu tam açılıb. 2016-cı il noyabr ayın 3-də isə hazır süzgəc (6092-6140 metr intervalında) istifadə etməklə 6182-6003,5 metr intervalına paker yığımlı “alt” istismar kəməri endirilib. Mənimsəmə işlərinə başlanılıb və 125 nömrəli  istismar quyusu noyabr ayının 11-də, gündəlik 550 min kubmetr qaz və 130 ton kondensat hasilatı ilə  N.Nərimanov adına NQÇİ-nin istismar fonduna təhvil verilib.

2017-ci ilin dekabr ayında “Bulla-dəniz” yatağında tikilən 12 nömrəli özüldən layihə dərinliyi 6300 metr olan 91 nömrəli kəşfiyyat quyusunda qazma işlərinin başlanılması planlaşdırılıb. “Günəşli” yatağında yerləşən 14 nömrəli özüldə 354 nömrəli quyuda qazma işləri başa çatdırılıb və hazırda quyuda mənimsəmə-sınaq işləri aparılır. Quyunun yüksək qaz hasilatı ilə mədənçilərə təhvili gözlənilir. Bu özüldə, Kompleks Qazma İşləri Trestinin kollektivi yaxın günlərdə növbəti 355 nömrəli quyuda qazma işlərinə başlayacaq. Bu quyuların da qazılmasında qazma sahəsində mövcud olan ən son mütərəqqi texniki və texnoloji yeniliklərdən istifadə ediləcək. Bundan başqa Qərbi-Abşeron yatağında yerləşən 54 nömrəli özüldən 6 nömrəli  horizontal quyunun may ayında qazılmasına başlanılması planlaşdırılır.

Kompleks Qazma İşləri Trestinin kollektivi 2017-ci ildə dəniz yataqlarından “Neft Daşları” yatağındakı  2585, 2150, 1954a, 1637a, 602a, 620a və 1541a “Darvin bankası” yatağındakı 740 və 730, “Çilov” yatağındakı 112 nömrəli özüllərdə qazma işlərini yerinə yetirəcək. Qazma işləri quru ərazilərdən “Pirallahı”, “Qaradağ” və “Sədan” sahələrində aparılır. Pirallahı yatağında da yüksək qazma sürətinə nail olmaq, köhnəlmiş avadanlıqların təzələnməsi istiqamətində mühüm iş görülüb. Belə ki, perspektiv baxımından önəmli olan 1132 nömrəli quyunun yeni ZJ-30 tip avadanlıqla qazılması üçün işlər həyata keçirilir.

Son illər ölkə əhalisinin payız-qış mövsümlərində “mavi yanacaq”la təminatının yaxşılaşdırılması məqsədilə mühüm tədbirlər həyata keçirilir. Dövlət Neft Şirkəti tərəfindən bu məqsədlə hazırlanmış tədbirlər proqramına əsasən, ölkə ərazisində fəaliyyət göstərən Qaradağ yeraltı qaz anbarlarının imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl işlər görülür. Hazırda “Azneft” İstehsalat Birliyi Qaz Anbarlarının İstismarı İdarəsinin Qaradağ sahəsində yeni quyuların qazılması davam etdirilir.  Yeni ZJ-50 və ZJ-40 tip avadanlıqlarla 2015-ci il ərzində  Qaradağ  sahəsində 5 quyu (482, 483,486,487 və 485 nömrəli quyular), 2016-cı il ərzində isə 4 quyu (475, 488, 481 və 484nömrəli quyular) sifarişçiyə təhvil verilib. 2017-ci ildə yataq üzrə qazma həcminin (16856 metr) artırılması ilə əlaqədar olaraq, quyuların daha da yüksək sürətlə qazılmasını təmin etmək məqsədilə ZJ-40 tip avadanlıq ZJ-50 tip avadanlıqla dəyişdirilib. Hazırda 489 nömrəli quyuda istismar kəməri endirilərək sementlənib və quyuda mənimsəmə-sınaq işlərinin aparılmasına hazırlıq gedir. 493 nömrəli quyuda isə yeni  ZJ-50 tip avadanlıqla qazma işlərinin qısa müddətdə başlanılması üçün işlər davam etdirilir.

Kompleks Qazma İşləri Trestinin rəhbərliyi müasir avadanlıqlardan, qabaqcıl texnika və texnologiyalardan istifadə edilməklə qazma işlərinin aparılması ilə yanaşı, innovativ proqramların da tətbiqinə xüsusi diqqətlə yanaşır. Belə ki, SOCAR-ın 2011-ci il tarixli “SAP ERP sisteminin İstehsalatın planlaşdırılması (PP-Production planning), Təmir və quraşdırma (PM- Plant maintenance), Layihələrin idarə olunması (Project system) və Keyfiyyətə nəzarət (QM-Quality Management) modullarının tətbiqi barəsində” və 2015-ci il tarixli SOCAR/15-1000/10/BRP-03-000001 nömrəli “SOCAR-da SAP ERP sisteminin PP, PM, PS, QM modullarının bazasında əməliyyat blokunun məhsuldar istismara başlaması barədə” əmrinə əsasən Şirkətdə istehsalat proseslərinin planlaşdırılması, qurğu və avadanlıqların təmiri və texniki xidməti ilə bağlı proseslərin, iş bölgüsünün avtomatlaşdırılması, müvafiq layihələrin planlaşdırılması və idarə edilməsi, bütün səviyyələrdə istehsal proseslərinin keyfiyyətinə nəzarətin təmin edilməsi məqsədilə 2015-ci ilin avqust ayından SAP ERP sisteminin əməliyyat blokunun məhsuldar serverdə istismarına başlanılıb, sentyabr ayından etibarən isə mənfəət vergi bəyannaməsinin avtomatlaşdırılması prosesinə start verilib.

Kompleks Qazma İşləri Trestinin aidiyyəti mütəxəssislərinin iştirakı ilə son istifadəçilər üçün treninqlər keçirilib, PS və PM modullarının iş prinsipləri və istifadə qaydaları tədris olunub. Bundan sonra 2015-ci ildə PS, 2016-cı ildə isə PM modulu məhsuldar serverdə istismara başlanılıb. Hazırda PS və PM modulları üzrə işlər uğurla davam etdirilir. Mütəmadi olaraq istifadəçilər arasında SAP ERP sisteminin bütün modulları üzrə görüşlər keçirilir və qarşıya çıxan məsələlər operativ olaraq həll olunur.

Xüsusi olaraq vurğulamaq lazımdır ki, yanvar ayında mühüm uğurlara imza atan Kompleks Qazma İşləri Trestinin kollektivi 2017-cı ilin qalan dövrü ərzində də ölkəmizin dəniz və quru sahələrində axtarış və istismar qazma işlərini müvəffəqiyyətlə davam etdirmək məqsədilə bütün imkanlarını səfərbər edib. Trest kollektivinin hər bir üzvü qarşıya qoyulan dövlət tapşırıqlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi istiqamətində səylə çalışır.

Nail Rəhimzadə, “İki sahil”