07 mart 2017 14:28
540

Bu tərəvəzlər yuxu rejimini qaydaya salır və stressi azaldır

Boulder Kolorado Universitetinin tədqiqatçıları apardıqları araşdırmalardan sonra tərkibi kəvər, ənginar və soğanla zəngin olan pəhrizin yuxu sisteminə təsir edən stresslə mübarizədə ən yaxşı vasitə olması qənaətinə gəliblər. Tərkibində prebiotiklər kimi tanınan pəhriz liflərinin aşkar olunduğu ənginar, kəvər və soğanın həzm sisteminə, eləcə də mədəyə faydası əvəz olunmazdır. Hər üç tərəvəz insan orqanizmindəki bakteriyaları çoxaldır, bağırsağın fəaliyyətini düzgün tənzimləyir, metabolizim prosesini gücləndirir və beynin funksiyasına təsir edərək qorxu və narahatlığı aradan qaldırır.

Tədqiqatın ilk müəllifi İnteqrativ Fiziologiya Departamentinin doktorant tədqiqatçısı Robert Tompson həmin tərəvəzlərin tərkibində aşkar olunan pəhriz prebiotiklərinin stresli hadisələrdən sonra non-REM sleep sistemini (yavaş yuxu) REM sleep (sürətli yuxu) sistemi ilə əvəz etdiyini bildirib. Belə ki, 3 həftəlik bir neçə erkək siçana tərkibində prebiotiklər olan ev heyvanları üçün nəzərdə tutulan qida verilib. Bir neçə gün sonra gəmiricilərin bədən temperaturu qaydaya düşüb, bağırsaq bakteriyaları və oyaq olduğu vaxt ilə yuxu fəaliyyəti xüsusi cihaz vasitəsilə ölçülüb. Əldə olunan nəticəyə görə, gəmiricilərin prebiotik pəhriz zamanı yuxu fəaliyyəti əvvəlki dövr ilə müqayisədə daha çox vaxtı əhatə etdiyi müəyyən olunub.

Başqa bir müəllif isə tərkibində məhz prebiotik liflərin daha çox olduğu ənginar, soğan və kəvərlə qidalanan insanların stressli hadisələrdən sonra belə yuxu rejiminin qaydasına düşəcəyini, sürətli yuxu rejiminə keçib beynin funksiyasının daha yaxşı tənzimlənəcəyini və fizioloji cəhətdən daha sağlam olacağını qeyd edib. İnteqrativ Fiziologiya Departamentinin baş professoru Monika Fleşner bu sahədə dəqiq nəticə əldə etmək üçün hələ bir neçə tədqiqatın aparılacağını qeyd etsə də, qidada prebiotik pəhrizlə zəngin olan tərəvəzlərdən daha çox istifadə etməyi məsləhət gördüyünü bildirib.

Leyla Şıxəliyeva, “İki sahil”