10 mart 2017 14:24
359

Çində pandalara görə 172 min insan köçürülür

Çinin Sıçuan vilayətində 172 min sakin böyük pandalar üçün salınacaq yeni parka görə başqa əraziyə köçürüləcək.

Yerli KİV-lər məlumat verir ki, hökumət parkın salınması ilə bağlı təşəbbüsü dəstəkləyib. Parkın sahəsi Sıçuan ilə yanaşı, qonşu Qansu və Şensi vilayətlərinin ərazilərini də əhatə edəcək.

Çin 2025-ci ilədək vəhşi təbiətdə yaşayan pandaların sayını 18 faiz artırmağı planlaşdırır. Hazırda Çində vəhşi təbiətdə 1864 panda yaşayır, 471 panda isə xüsusi mərkəzlərdə saxlanılır.

Vətəni Çinin mərkəzi hissəsi sayılan pandaların nəsli kəsilmək üzrədir. Bu səbəbdən də dövlət tərəfindən onların qorunması ciddi nəzarət altındadır.