Yəqin ki, hərdən nə üçün belə düşündüyünüz, nə üçün filan hərəkəti etdiyiniz və s. barədə özünüzə sual verirsiniz. Hər bir hərəkətimiz beynimizin öz funksiyasını necə yerinə yetirməsindən asılıdır. Maraqlıdır ki, bəzən hər kəsdə fərqli olan “unikal” ağıl müxtəlif insanlarda eyni cür işləyə bilir. İnsan psixologiyası ilə bağlı aşağıda bəzi faktları sadalayacağıq:
İnsan beyni ən qısa zaman kəsiyində, eyni anda 5-7 informasiya bloku yadda saxlaya bilir. Bu, orta ağıl göstəricisinə malik bütün insanlar üçün belədir. Qısamüddətli yaddaşında 10 informasiyanı bir dəfəyə saxlaya bilən insanlara çox nadir hallarda rast gələ bilərsiniz.
“Sözlərdə hərflərin hansı cürə düzülməsinin elə bir fərqi yoxdur, əsas olan odur ki, sözlərin iki və son hərfi yerində olsun”. Kembric Universitetinin alimləri müəyyən təcrübələrdən sonra bu nəticəyə gəliblər. Bu ona görə belədir ki, beynimiz hərflərə əsaslanmır, sözləri bütöv şəkildə qəbul edir. Gördüyünüz kimi, beynin qəbul etdiyi informasiya gözlə gördüyümüz, səhv yazılmış informasiyadan fərqlidir.
Müxtəlif məsələ və problemlərin həllini daha asan tapmaq istəyirsiniz? Onda tez-tez arzular qurun, xəyal edin! Psixoloqların fikrincə, bu adət insanlarda kreativliyi, problemi həlletmə bacarığını çox yüksəldir.
Əgər gecələr sizi qorxulu yuxular narahat edirsə, deməli, yatdığınız zaman sizə soyuqdur. Bu, elmi faktdır - yatdığınız otaq soyuqdursa, qorxulu yuxu görmək şansınız bir o qədər çoxdur.
İnsanlara hər hansı bir işi vərdişə çevirmək üçün düz 66 gün tələb olunur. Bu, orta göstəricidir. Əgər həmin iş sizin üçün maraqlı və ya çox mühümdürsə, onu adətə çevirmək daha asan olacaq.
Nubar Süleymanova, “İki sahil”