Yemək yedikdən sonra bəzi adət etdiyimiz vərdişlər orqanizmimizə təsir edir: bəziləri diskomfort hissi yaradır, digərləri isə həzm prosesini sürətləndirir.
Həzm sistemi çox çətin prosesdir, ona diqqətlə və ciddi yanaşmaq lazımdır. Biz bəlkə min dəfə eşitmişik ki, yemək yeyərkən tələsmək olmaz, qidanı asta-asta qəbul etmək lazımdır. Yeməkdən sonra bir müddət aktiv hərəkətlər etmək olmaz. Lakin çoxları tələsik yeməyini yedikdən sonra dərhal işlərinin dalınca gedirlər. Qida qəbulundan sonra hansı zərərli vərdişləri unutmalıyıq?
Çay içmək
O kəslər ki, naharı və ya şam yeməyini çayla bağlayır, yadda saxlamalıdırlar ki, yeməkdən sonra dərhal çay içmək vərdişi düzgün hesab edilmir.
Belə ki, qida ilə qəbul olunan istənilən növ maye mədə sekresiyasının effektivliyini aşağı salır, turşuluğu azaldır, normal həzm prosesinə mane olur və mədədə şişkinlik hissi yaradır. Bir fincan çay isə dəmirin mənimsənilməsinə aktiv şəkildə mane olur.
Maye qəbulunun ən yaxşı vaxtı yeməkdən 20-30 dəqiqə qabaqdır. Belə olduqda siz mədəni qida qəbuluna və maddələr mübadiləsinə hazırlamış olursunuz. Ən yaxşısı bir stəkan limonlu su içməkdir. Lakin elə insanlar var ki, yeməkdən sonra çaysız özlərini təsəvvür etmirlər, belə insanların yemək yedikdən sonra ən az bir saat fasilə vermələri məsləhətdir.
Yuxu
Əgər siz yeməkdən dərhal sonra yatmağa gedirsinizsə, o zaman böyük ehtimal siz mədə göynəməsi və diskomfort hissi ilə yuxudan oyanacaqsınız. Uzanıqlı vəziyyətdə həzm prosesi zamanı mədə şirəsi qida borusuna düşür və bu da narahatçılığa səbəb olur.
Məsələnin həlli sadədir: qida qəbulundan ən az 2 saat zaman keçdikdən sonra yatmaq olar. Yadda saxlamaq lazımdır ki, şam yeməyi yüngül olmalıdır, belə olduqda səhər siz yuxudan yüksək əhval - ruhiyyə ilə oyanacaqsınız.
İsti vanna
Sağlam həzm prosesi istəyən insanlar yeməkdən sonra isti vanna qəbul etməkdən imtina etməlidirlər.
Vanna qəbul edərək siz bədən temperaturunu yüksəldirsiniz və orqanizm mədəyə yaxın hissəni zəif qan axını ilə təmin edir və nəticədə həzm prosesi zəif olur.
Meyvə
Yeməkdən sonra alma və ya banan yeyən kəslər bilməlidirlər ki, belə olduqda onlar normal həzm prosesinə mane olurlar.
Mədə turşusu mədədə qıcqırma prosesinə təkan verir, qida gec həzm olunur və siz diskomfort hiss edirsiniz. Sevdiyiniz meyvəni yeməmişdən qabaq bir neçə saat ara verməyi unutmayın.
Gəzinti
Çoxları hesab edir ki, yeməkdən sonra yürüyüşə getmək həzm prosesini sürətləndirir. Lakin burada hər şey bir az başqa cürdür.
Əgər yeməkdən sonra gəzinti zamanı siz boğazınızda turşuluq hiss edirsinizsə o zaman siz başa düşməlisiniz ki, buna səbəb yeməkdən dərhal sonra gəzintiyə çıxmanızdır.
Qəbul etdiyiniz kaloriləri yandırmağınız üçün gəzintiyə yeməkdən yarım saat sonra getməyiniz məsləhətdir: yalnız belə olduqda gəzintinin sizə və mədənizə xeyri olacaq və əsl rahatlıq hissi yaşadacaq.