05 aprel 2017 00:06
245

Dünyanın ən bahalı almazı Honkonqda satıldı

"Sotheby's" hərrac evində keçirilən satışda dünya rekorduna imza atılıb.

Honkonq şəhərində baş tutan hərracda 59.6 karatlıq "Çəhrayı ulduz" almazı 71 milyon dollara satılıb.

Honkonqun "Chow Tai Fook Jewellery Group" şirkəti dünyanın ən bahalı almazına sahib olub. Adıçəkilən şirkət dünya üzrə zərgərlik dükanlarının şəbəkəsinə sahibdir. "Çəhrayı ulduz" Asiya hərraclarının ən bahalı lotu kimi tarixə düşüb. Qeyd edək ki, hərraca qədər almaz 60 milyon dollara qədər qiymətləndirilirdi.

Almaz 1999-cu ildə tapılıb və çəkisi 132.5 karat olub. Cilalandıqdan sonra brilliant oval formasını alıb. Bu iş ilə "Steinmetz Diamonds" şirkəti 2 il ərzində məşğul olub. Əvvəlcə "Çəhrayı ulduz" almazına 83 milyon dollar təklif edən müştəri var idi. Amma Nyu-Yorklu Ayzek Volf ödəmə etmədiyi üçün alqı-satqı baş tutmamışdı.