08 iyun 2018 23:09
2535

Avropanın “ərköyün uşaqları”nın yeni hoqqabazlığı

Orduxan Teymurxan, Emin Hüseynov, Tural Sadıqlı, Məhəmməd Mirzəli kimi “siyasi mühacirlər” Avropa ölkələrində  dövlətimizin və onun simvollarının əleyhinə məkrli çıxışlarını tündləşdirməkdədirlər. Artıq hamıya gün kimi aydındır ki, onları belə danışdıran, öz ölkələrinə qarşı qaldıran bəzi Avropa təşkilatlarından bu “ərköyün uşaqlar”a verilən vəsaitlərdir. Lakin Avropanın bu “ərköyün uşaqlar”ı indiyədək qazandıqları ilə kifayətlənmir və daha çox gəlir əldə etmək məqsədilə yeni ssenarilər, yeni şoular hazırlayırlar.

Sosial şəbəkələrin imkanlarından istifadə edən bu “ərköyün uşaqlar”  neçə illərdir ki, ölkəmiz əleyhinə iyrənc qarayaxma kampaniyaları aparırlar. Amma bu, bir həqiqətdir ki, onların arzuları ürəklərində qalmaqdadır və inşallah, qalmaqda davam edəcək. Müxtəlif ölkələrdə apardıqları antiazərbaycan kampaniyalarının heç bir effektiv vermədiyini  görən bu dəstənin bəzi üzvləri indi də taktikalarını  dəyişməklə öz “mübarizə”lərinə yeni fərdi “siyasi” rənglər verməyə başlayıblar. Yəni heç bir əsası olmayan belə bir “məlumat” yayıblar ki, guya Azərbaycan hakimiyyəti Almaniyanın Nürnberg şəhərində yaşayan Tural Sadıqlını öldürmək üçün “oğru aləmi”ndən istifadə etmək istəyir. Özü də bu missiyanı Azərbaycan əsilli Gürcüstan vətəndaşları üzərlərinə götürüblər. Bununla da həmin “məlumat”ı yayan Tural Sadıqlı  ölkəmizi gözdən salmağa, ictimai fikri çaşdırmağa səy göstərib. Halbuki bu gün demokratik dəyərlərə söykənən Azərbaycan hər bir vətəndaşının təhlükəsizliyini qorumaqdadır. Təbii ki, bütün bunlar Tural Sadıqlının  xislətindən irəli gələn cəfəngiyyatdır. Bu mənada onun son haray-həşiri ölkəmiz əleyhinə yönəlmiş növbəti iftirası, böhtanıdır. Bir feysbuk istifadəçisinin sözləri ilə desək, bilmirlər, day özlərini necə reklam etsinlər. Görünür, ağaları onları belə çirkin işlərə vadar etməklə nəyə isə nail olmaq istəyirlər. Digər bir nəfər isə belə yazıb: “Mən bu tərbiyəsizə yüz dəfə demişəm ki, xalqın adından danışma, o isə öz işindədir: insanda gərək sifət ola”.

Yeri gəlmişkən, bu “marionetka”lar özlərinə qarşı belə statuslarla çıxış edənləri topa tutmaqla yanaşı, onları hədəf seçirlər, söyüşlərə qərq edirlər. Üstəlik, barələrində yalan və yalnış informasiya yayırlar, məsələdən agah olmayan insanlara təhqir etdirirlər.

Şübhəsiz, bu satqınların, nankorların belə bir məlumatı yaymaqda məqsədləri özlərinin nə qədər vacib fiqurlar olduqlarını sübut etməyə çalışmaqdan başqa bir şey deyil. Həmin məlumatda adı hallanan Ələsgər Vəliyevin isə Tural Sadıqlının bu əməlinin kişiyə yaraşmayan bir hərəkət olduğunu yazması da dediklərimizin sübutudur.

Göründüyü kimi, turallar, orduxanlar... kişiyə yaraşmayan mübarizə üsulu seçiblər. Təəssüf ki, Avropanın bəzi ölkələri, qurumları isə onları əzizləməklə qoyunlarına möhkəm-möhkəm sıxmaqla bu “ərköyün uşaqlar”ının nazı ilə oynamaqdan xüsusi ləzzət alırlar. Heç şübhəsiz, bu kimi məsələlərdə həmin ölkələrin və qurumların da öz maraqları var.

Bir də başa düşmək olmur: Orduxan Teymurxan, Emin Hüseynov, Tural Sadıqlı, Məhəmməd Mirzəli kimilər hansı əsaslarla özlərini  siyasi fəal mühacirlər kimi təqdim edirlər? Axı onlara bu status  hansı fəallıqlarına və kim tərəfindən verilib? Kimlərdir onları belə şərəfləndirən? Fikrimizcə, heç kim. Görünür, özləri tərəfindən adlarının qarşılarına belə epitetlər yapışdırmaq onlarda bir növ xəstəlikdir. Bu isə sadəcə dəlilərin özlərinə dürlü-dürlü adlar verməsi kimi bir nəsnədir.

Qvami Məhəbbətoğlu, “İki sahil”