07 aprel 2017 00:46
1961

Adəm zirvəsinin sirri

Şri-Lankada bir dağ var. Konusabənzər bu dağ dünyanın dörd dininə etiqad edənlər tərəfindən müqəddəs məkan kimi ziyarət edilir. İl ərzində dünyanın dörd bir tərəfindən minlərlə, on minlərlə ziyarətçi bu dağı ziyarət etməyə axışır. Görəsən bunun səbəbi nədir?

“Ölkə.Az” Şri-Lankanın müqəddəs Adəm zirvəsi haqqında məlumatı oxuculara təqdim edir.

Şri-Lanada konusvari dağ dünyanın dörd tərəfindən axışan zəvvarlar tərəfindən ziyarət edilir. Bu zəvvarlar dünyada dörd dinə məxsus zəvvarlardır. Ziyarətin səbəbi dağın lap zirvəsində qayada olan ayaq ləpirinin izidir. Müxtəlif əfsanələrə əsasən bütün ada və əsasən də bu dağ Cənnət bağlarına ən yaxın hissə sayılır. Bəlkə də söhbət insanın yaradıldığı məkandan gedir.

Adəm zirvəsində məbəd

Adəm dağının hündürlüyü 2240 metrdir və Şri-Lankanın ən hündür dağ zirvəsidir. Quru mövsümdə, yəni yağışların yağmadığı fəsildə hər gün minlərlə zəvvar zirvəyə qalxır. Onlar arasında buddistlər, induslar, müsəlmanlar və xristianlar da var. Bəzi hallarda isə dağ cığırlarında adi turistləri də görmək mümkündür. İsti günəş şüaları altında dağa dırmanmaq əziyyətli sınaq olduğu üçün Adəm zirvəsinə ekskursiyalar əsasən gecələr həyata keçirilir. Zirvəyə qalxan ən qısa yolun uzunluğu 1 km-dir. Bu məsafəni seçən zəvvarlar 5 min pillə qalxmalıdırlar. Dağın zirvəsinə qalxan hər bir zəvvar ən azı 4 saat yol gedir. Zirvəyə qalxanlara isə qaynar çay təklif edilir və məsləhət görülür. Çünki zirvədə soyuq külək tüğyan edir və gecələr tempratur kəskin surətdə aşağı düşür. Nəhayət zirvəyə çatan zəvvarlar orta ölçülü məbədi görürlər. Məbəd sübh açılana qədər orada dua edən zəvvarlarla dolu olur.

Sübh tezdən isə fantastik mənzərə ilə rastlaşmaq mümkündür. Alatoran səmada ilk sübhün ilk işıltıları görünəndə duman qatı altındakı okeanın üzərində alov topu yüksəlməyə başlayır. Elə bu an inanclı zəvvarlar günəşi “Sadxu, sadxu” nidaları ilə qarşılayırlar. “Sadxu” hind dilində müqəddəs deməkdir.

Günəşin əks istiqamətində, yəni qərb tərəfdə də möhtəşəm görüntü gözlər önünə sərilir. Adəm zirvəsinin konusabənzər kölgəsi yavaş-yavaş aşağıdakı vadi üzərində hərəkət edir.

İnsan ayağının ləpiri?

Zəvvarların əsas məqsədi qaya üzərindəki insan ayağının ləpiridir. Bu ləpirin uzunluğu 160 sm, eni isə 75 sm-dir. Amma bütün zəvvarlar bu ləpiri görə bilmir. Çünki “müqəddəs ləpir”-in olduğu qaya parçası parça və güllər içində üzür. Onun üzərində isə kiçik məbəd ucaldılıb.
Zəvvarlar sıra ilə ləpirin qarşısından keçərək dodaqaltı pıçıltı ilə dua oxuyurlar. Sonra isə diz üstə çökərək daşı öpürlər və üstünə gül və çiçək atırlar.

Hindu inancına görə bu ayaq ləpiri  tanrı Şivaya məxsusdur. Onların fikrinə görə Şiva nə vaxtsa burada dayanıb. Bu səbəbdən hindu inancına sitayiş edən zəvvarlar dağı “Şiva-Nadi-Padan” adlandırırlar. Buddistlər isə dağı “Şri-Pada” adlandırırlar. Tərcümədə bu söz “müqəddəs ayaq izi” mənasını verir. Əfsanəyə əsasən, eramızdan əvvəl 500-cü ildə Budda bu dağı ziyarət edib. Ərazidə ilk buddist məbəd eramızdan əvvəl 300-cü ildə inşa edilib.

Xristianlar və müsəlmanlar bu müqəddəs məkanı dini kitablarla əlaqələndirirlər. Bildirilir ki, Cənnətdən qovulan Adəm Yerə düşür və ilk addımını dağın zirvəsinə qoyur. Bu ilk addımın izi dağın zirvəsində qalır. Bu səbəbdən Şri-Lanka sakinləri vətənlərini cənnətə ən yaxın torpaq sayırlar.

Xristian katoliklər üçün ayaq izi başqa anlam daşıyır. XVII əsrin ortalarında Seylon adası (Şri-Lanka nəzərdə tutulur-red.) portuqaliyalı koloniyaçılar tərəfindən işğal edilir. Onların fikrinə görə, Cənubi Asiyada missionerlik fəaliyyəti ilə məşğul olan həvari Foma bu dağa dırmaşaraq qayada ayaq izi qoyub. 

İlk dəfə zəvvarlar ərazidə XI əsrdə peyda olublar. Marko Polo isə dağın zirvəsində Adəmin qəbri olduğuna inanırdı.

Versiyalar

Qaya parçasının üzərindəki izlə bağlı müxtəlif dinlərin müxtəlif və çoxsaylı əfsanələri əlaqələndirilir. Bəs bu ləpirin əsl mənşəyi nədir? Bu iz qaya üzərinə necə düşüb? Bəlkə bu ləpir hansısa təbii hadisə nəticəsində baş verib və sadəcə mövhumatçı insanların ziyarət məkanına çevrilib? Bəlkə onun üzərində saxtakarlar işləyiblər? Axı söhbət çox böyük ölçülərdən gedir! Yuxarıda da qeyd etmişdim ki, ləpirin uzunluğu 160, eni isə 75 sm-dir. İnsan ləpirinin izi bu ölçülərə sahib ola bilərmi? Tarixin hansı dövründə Yer planetində boyu 10 metr və daha hündür olan nəhənglər yaşayıb?

Azmanlar və nəhənglər

Axı tarixdə nəhəng və azman insanların yaşadığına dair müxtəlif faktlar var. Bir çox ölkələrdə aparılan arxeoloji qazıntılar, tapılan insan və kəllə sümükləri buna dəlalət edir. Bəlkə Cənnətdən qovulan Adəm də nəhəng insan olub?

Gəlin keçmiş tarixə qısa bir nəzər salaq:

Yunan əfsanələrinə əsasən, azmanlar irqinə məxsus insanlar Uran tanrısının qanından doğulublar. Onlar arasında ən tanınmışı və şöhrətlisi Antey olub. Antey məğlubedilməz sayılırdı, çünki daim anası Geya ilə əlaqə saxlayırdı. Anteyi məhv etmək üçün onu ancaq torpaqdan ayırmaq lazım idi. Təkcə Herakl bu işin öhdəsindən gələ bildi. Yunan xalqlarına görə, Tanrılar və dahilər qohum idilər. Məsələn, Prometey adlı titan yerli xalqa oddan istifadə etməyi, təpəgözlər isə metallurgiyanın istifadə qaydalarını öyrədir.

“Təbii tarix” əsərinin müəllifi Pliniy yazır ki, təpəni uçuranda nəhəng skelet göründü. Skeletin uzunluğu 20 metrə çatırdı. Pliniy bu nəhəngə Orion adını verir. Filostrat adlı filosof xəbər verir ki, Efiopiyada tapılan məzardakı insan skeletinin uzunluğu 16 metr olub.
Tayların iddiasına görə, qədim dövrdə insanların nəhəng ölçüləri olub. Skandinaviya xalqların xristianlıqdan əvvəlki düşüncələrinə görə, ilk yaradılan insan dağ boyda olub.

16-cı əsrdə yaşamış tədqiqatçı Syes de Leon nəhənglərin hücumundan bəhs edir. Müqəddəs Yelena adasının yerli sakinləri bu hadisənin canlı şahidi olublar. Ada sakinlərinin dediklərinə inansaq, nəhəng adamlar bir gecə ərzində gəmilərlə üzüb gəliblər və Tiuanako adlı məbədi inşa ediblər.Qədim hind dastanı “Ramayana”ya əsasən, Ramanın əleyhinə çıxan azmanlardan danışılır. Meymuna bənzəyən Xanuman adlı nəhəng silahdaşlarına qarşı çıxaraq insanları müdafiə edir.

Tolteklərin tarixi keçmişi də müxtəlif məlumatlara malikdir. Qədim dövrlərdə tolteklərin ərazisində azmanlar yaşayıb. Amma planetdə güclü və dağıdıcı zəlzələlər olanda azmanlar yoxa çıxıb.

Yer kürəsində müəyyən dövrlərdə nəhəng insanların yaşadığını arxeoloji kəşflər də sübut edir.

Peru, Meksika, Tunis, Texas, Pensilvaniya, Suriya, Filippin, Mərakeş, İspaniya, Avstraliya, Gürcüstan və Okeaniya adalarında aparılmış qazıntılar zamanı azmanların skeletlərinə rast gəlinib.

2008-ci ildə Borjomi dərəsi yaxınlığında arxeoloqlar 3 metr hündürlüyü olan nəhəng insan skeleti tapırlar. Onun kəllə sümüyü adi insanın kəllə sümüyündən 3 dəfə böyük idi.

Nəhəng insan sümüklərinə Avstraliyada da rast gəlinib. Uzunluğu 67 mm, eni 42 mm olan insan dişi alimlərin heyrətinə səbəb olub. Məlum olub ki, bu dişin sahibinin boyu 7.5 metr, çəkisi isə 370 kq olub. Karbon analizindən sonra məxluqun 9 milyon il əvvəl yaşadığı üzə çıxıb.

Çin respublikasında aparılan arxeoloji qazıntılar zamanı çənə sümüyü tapılıb. Çənə sümüyü boyu 3.5 metr hündürlükdə olan, 300 kq çəkisi olan insana məxsus olub.

Cənubi Afrikada isə antropoloqlar böyük kəllə sümüyünə rast gəliblər. Kəllə sümüyü 9 milyon il əvvələ mənsub imiş.

Saxaranın Qobero rayonunda 5 min il yaşı olan insan sümükləri tapılıb. 2005-2006-cı illərdə bu ərazidə qədim tenerian və kifiy mədəniyyətinə mənsub 200 qəbir aşkar edilib. Kifiy mədəniyyəti bu ərazidə 8-9 minil əvvəl yaşayıb və onların boyu 2 metrdən hündür olub.

Anadoluda aparılan qazıntılar zamanı isə boyu 5 metr hündürlükdə olan insan sümükləri tapılıb.

And dağlarında, Titikaka gölü sahillərində azmanların yaşayış məskəni tapılıb.Tiauanako şəhərinin qalıqları bugünə qədər də arxeoloqların və alimlərin böyük diqqətinə səbəb olub. Şəhərdə “Günəş darvazaları” adlı sirli abidə də var. Abidənin üstü qədim heroqliflərlə doludur və bu yazılar planetlərə və astronomiya elminə aiddir.

Pasxa adasında hündürlüyü 20 metr, çəkisi 50 ton olan abidələri də göydən yerə enmiş ustalar tikib. Tarixçilərin fikrinə görə, bu ada Mu qitəsinin geoloji qalığıdır. Əfsanəvi qitə 25 min il əvvəl Sakit okeanda batıb.

Daş kitabələr üzrə mütəxəssis Ceyms Çerçvardın fikrinə görə, Mu qitəsinin sakinləri müasir texnologiyadan da yüksək səviyyədə inkişaf etmiş texnologiyadan istifadə ediblər. Məsələn, anti-qravitasiya vasitəsilə böyük obyektləri bir yerdən başqa yerə aparmaq, nəhəng tikililər inşa etmək mümkün idi.

Norveçli səyyah Tur Heyerdal da uzun müddət Pasxa adasındakı abidələrin tədqiqatı ilə məşğul olub. Alim bildirir ki, bu tikililəri Mu qitəsinin sakinləri inşa edib. Abidələrin məqsədi adanı yüksələn okean sularından qorumaq olub. Adada eyni zamanda “ronqo-ronqo” tabloları var və bu lövhələlərdə Mu qitəsi xalqlarının həyat fəaliyyəti əks dilib.

Hündür dağlar Mu ərazisini Antarktida tərəfdən əsən küləklərdən qoruyurmuş. Bu dağlar hələ də Sakit okeanın suları altında görünür. Tonqa, Fici, Nikafou, Manqaia, Samoa Taiti, Markiz və Pasxa adalarını misal çəkə bilərik. Bu adalarda böyük daşlardan böyük fiqurlar var.
Cənubi Filippinlərin Mindana adasının sakinlərini, yəni tasaidləri Mu xalqlarının qalıqları sayırlar. Filippinlilərin fikrinə görə, xilerlər cərrahlardır və ağrıkəsici preparatlardan istifadə etmədən əməliyyata girə bilirlər.

Karolin adalar qrupuna aid Ponapa adasında Mu qitəsinə məxsus bir məbədin qalıqları var. Məbədin divarlarında qitənin rəmzləri var. Ponapa adasını çoxsaylı kiçik adalar əhatəyə alıb. Temuen adlı adada Nan-Madol, yəni qədim abidələr kompleksinin qalıqları var. 

Əfsanəyə əsasən, Nan-Madol iki tanrı-Olosip və Olosop tərəfindən inşa edilib. Tanrılar adaya qərb tərəfdən qayıqla üzərək gəliblər.

Uşmalanın Yukatan yarımadasında Maya xalqının məbədi var. Məbəddə bu mətn yazılıb: “Bu bina Mu-Qərb Torpağının, bizim müqəddəs əcdadlarımızın doğulduğu ərazinin şərəfinə inşa edilib”.

Peruda tapılan ink mədəniyyətinə məxsus daş lövhələrdə yerli əhalinin dinozavrlarla birlikdə yaşadığı dövr təsvir edilib. Alimlərin fikrinə görə, dinozavrlar 100 milyon il əvvəl məhv olub. Əgər təsvirləri müqayisə etsək, maraqlı fakt ortaya çıxır. Dinozavr və insanlar demək olar ki, bənzər proporsiyalara məxsusdur. Məhz bu faktdan çıxış edən alimlər iddia edir ki, dinozavrlar dövründə yaşayan insanlar azmanlar olublar.

Teosof Yelena Blavatskaya

Yazıçı, teosof, səyyah Yelena Blavatskaya bu günə qədər mövcud olmuş yer mədəniyyətlərini, köklü insan irqlərini qruplaşdırıb:

1-ci İrq- Mələksimalı insanlar,
2-ci İrq- Ruha bənzər insanlar,
3-cü İrq- Lemurlar,
4-cü İrq- Atlantlar,
5-ci İrq- Ari (müasir insan)

“Məxfi doktrina” adlı kitabında Yelena Lemur aborigenlərinin planet xalqlarının köklü irqi olduğunu bildirir. Filosof Rudolf Ştaynerin fikrinə görə, Akaşi Xronikasına əsasən, lemurlar müasir insanların əcdadı sayılır.

Blavatskayanın fikrinə əsasən, lemurların boyu 10-20 metr arasında olub. Dünyəvi illərin bütün uğurları onlara məxsusdur.
Lemurlar bütün bilik və bacarıqlarını qızıl plastinkalara qeyd edərək anbarlarda gizlədiblər. Lemur mədəniyyəti bir neçə milyon il yaşayıb və 2-3 milyon il əvvəl yoxa çıxıb.

Sonradan lemurlardan biraz geri qalan, amma yaxşı inkişaf etmiş irq-atlantlar ortaya çıxır. Atlantların boyu 5-6 metr hündürlükdə olub və müasir insanın xarici görünüşü ilə eyni görünüşə malik olub. Bu irqin böyük hissəsi 850 min il əvvəl baş verən Tufan zamanı məhv olub. Məlumdur ki, bu irqin bəzi nümayəndələri 12 min il əvvələ qədər mövcud olub.

Arilər isə irq kimi 1 milyon il əvvəl peyda olub. Bugün planetimizin sakinləri bu irqə mənsubdur. İlk dövrdə arilərin boyu 3-4 metr olsa da sonradan boyları kiçilib.

Alimlərin fikrinə görə, Misir piramidaları, Pasxa adasındakı abidələr, Bamian abidəsi lemur və atlantlar tərəfindən inşa edilib.

Əfqanıstanın Bamian şəhərində Buddanın 5 heykəli var. Bu heykəllər eramızdan əvvəl 3-cü minillikdə inşa edilib. Bu dövrdə imperiya çar Aşok tərəfindən idarə edilirdi və heykəlləri də o inşa etdirib. Heykəllərdən biri 55 metr, digəri 37, üçüncü 18, dördüncü 7.5 metr və sonuncu isə müasir insanın boyu hündürlükdədir.

Şakyamuni və Vayroçanı Buddaları 2001-ci ildə taliblər tərəfindən dağıdılıb. 2003-cü ildən UNESCO Bamian heykəllərini mühafizə edir. Arxeoloqlar bu gün hündürlüyü 300 metr olan Budda heykəlini axtarır.

Çinin Luşan əyalətinin Xenan kəndində hündürlüyü 153 metr olan Vayroçan Buddasının heykəli var.

Nikolay Rerix

Nikolay Rerix rəssam, filosof və alimdir. O, eyni zamanda mistik elmlərlə də maraqlanır. Nikolay Bamian heykəlləri haqda yazır: “Bu beş heykəl Dördüncü İrqə aiddir. Qitəni su basandan sonra onlar Mərkəzi Asiyanın dağlıq ərazisində gizləniblər. Bu fiqurlar irqlərin müntəzəm inkişafını əks etdirir. Bəzi fiqurlar Birinci irqi təmsil edir. Bu irqə mənsub insanların boyu 36 metr olub.

Üçüncü 18 metrlik fiqur isə birinci irqdən sonra yaranan irqi təmsil edir. Onun sonuncu nümayəndələri Pasxa adasındakı heykəllərlə rəmzləndirilib. Dördüncü irq ən kiçik irq olsa da, beşinci irqə nisbətən nəhəng sayılır.

Drunvalo Melxisedek

Drunvalo alim-ezoterikdir və “Həyat Çiçəyinin qədim sirri” kitabında Misir ərazisinə təşrif buyuran paralel dünyaların sakinlərindən bəhs edir. Alim eyni zamanda müxtəlif dünyaların insanlarının boyunu da təsvir edir:

1.5-2 metr: üçüncü (müasir) ölçü xalqlarının boyu
3.6-4.5 metr: dördüncü ölçü xalqları
10.6 metr: beşinci ölçü insanları
18 metr: altıncı ölçü insanları
26-28 metr: yeddinci ölçü insanları

Melxisedekin fikrinə görə, Misir fironu Exnaton yer sakini deyildi və o Sirius ulduzundan gəlmişdi. Onun boyu 4.5 metr, həyat yoldaşı Nefertitinin boyu isə 3.5 metr olub. Bu insanlar dördüncü ölçüyə mənsub olub.

Ernst Muldaşev

Suriyada təşkil edilmiş ekspedisiya vaxtı professor Ernst Muldaşev qədim və tərk edilmiş məbəddə nəhəng insanın izlərinə rast gəlir. Ləpirin uzunluğu 90, eni isə 45 sm idi. Böyük barmaq 20 sm, çeçələ barmaq 15 sm ölçüdə olub. Belə çıxır ki, sözügedən insanın boyu 10 metrə çatırmış.

Şərqdə Budda haqda müəyyən məlumatlar var. Bu məlumatlar Buddanın 60 özəlliyi və 32 xarakteristikası adlandırılır. Belə çıxır ki, Buddanın boyu çox hündür olub. Onun barmaqlarının arasında pərdə olub və ağzında 32 yox, 42 dişi olub. Bu təsvir atlantlara daha uyğun gəlir.

Bir çox əfsanələrdə də azman, nəhəng insanlar, titanlar barədə məlumat var. Hətta müqəddəs kitablar sayılan İncil, Avesta, Veda, Eddada bu barədə məlumat var. Azmanlar haqqında məlumatlara Tibet və Çin xronikalarında da rast gəlmək mümkündür.

Bu faktlardan da göründüyü kimi, Yer üzərində kifayət qədər nəhənglər və azmanlar yaşayıblar. Çox güman ki, bu ləpir onlardan birinə məxsusdur. Bəlkə də bu ləpir atlantlara və lemurlara məxsusdur.

Amma ayaq izi ilə bağlı digər versiyalar da var. Bu versiyaya əsasən, Adəm zirvəsindəki ayaq izi sadəcə nüsxədir. Onun orijinalı mərmər pilətə üzərindədir və başqa yerdə mühafizə edilir. Bu əfsanənin real paraleli də var. Məhəmməd Peyğəmbərin atının ayaq izi Qüdsdə bir qayada var. Bu qayadan Məhəmməd Peyğəmbər Meraca qalxıb.

Göründüyü kimi, versiyalar çoxdur. Bəs bu qədər əfsanə, dini əsatir və mif, kitab və hekayələrin tərkibində həqiqət payı hansıdır? Adəm zirvəsi hansı sirrlərə sahibdir? Şri-Lanka sakinlərinin inancına görə, ilk insan Yer planetində ayağını ilk olaraq hara basıb?

Təəssüflər olsun ki, müqəddəs dağın zirvəsində və ərazisində elmi tədqiqatlar aparılmayıb...