Fransız yazıçısı Antuan de Sent-Ekzüperinin "Balaca şahzadə" əsəri ərəb dilinin həsəniyyə ləhcəsinə (şivəsinə) tərcümə edilib.
AZƏRTAC lenta.ru saytına istinadən xəbər verir ki, bu, məşhur əsərin 300-cü dildə çapı olub. Bu barədə məlumatı France İnfo televiziya şəbəkəsinin məlumat portalı yayıb.
Bununla da, “Balaca şahzadə” “İncil” və “Quran”dan sonra ən çox tərcümə edilən 3-cü kitab olub.
Həsəniyyə, Mavritaniya və Qərbi Saxarada istifadə edilən və dövlət dili statusuna malik dildir. Mənbənin bildirdiyinə görə, bu dil haqqında məlumat çox olmasa da, əsərin müəllifi Antuan de Sent-Ekzüperi üçün böyük əhəmiyyətə malik olub. Belə ki, müəllif məhz həsəniyyə dilində danışılan Mərakeşin cənub hissələrində bu əsərini yaratmağa ilhamlanmışdı.
1943-cü ildə ilk dəfə işıq üzü görmüş əsər indiyədək 200 milyondan çox nüsxədə çap edilib.