SOCAR-ın “Azərikimya” İstehsalat Birliyində (İB) 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Kimyaçılar öncə ümummilli lider Heydər Əliyevin Sumqayıtdakı abidəsini ziyarət edib, önünə tər güllər düzüblər.
Sonra Birliyin akt zalında davam etdirilən tədbirdə çıxış edənlər bildiriblər ki, çağdaş tariximizin 25 ili Ümummilli Liderimizin siyasi kursu ilə bağlı olmaqla, xalqın taleyində şanlı və parlaq səhifəyə çevrilmişdir. 15 iyun 1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən Azərbaycan rəhbərliyinə qayıdışı xalqımızın, dövlətimizin və dövlətçiliyimizin sonrakı taleyində həlledici mərhələnin başlanğıcı olmaqla, tariximizə Milli Qurtuluş Günü kimi daxil olub. Qeyd edilib ki, bu, təkcə Azərbaycan vətəndaşlarının müsibətlərdən qurtuluş günü deyil, eyni zamanda, müstəqilliyimizin, dövlətçiliyimizin qurtuluşudur.
Ulu Öndərin neft-kimya sənayesinə göstərdiyi xüsusi diqqətdən danışan natiqlər vurğulayıblar ki, Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın iqtisadi cəhətdən qüdrətli bir dövlətə çevrilməsi üçün zəmin yaranıb, respublikamızın dünya miqyasında nüfuzu xeyli artıb. Natiqlər Sumqayıtın və buradakı kimya sənayesinin inkişaf və tərəqqisinin bilavasitə Ulu Öndərin adı ilə bağlı olduğunu da xüsusilə vurğulayıblar. “Bu şəhərin nəhəng kimya sənayesi kompleksi Sumqayıt və Azərbaycan sənayesinin böyük bir hissəsini təşkil edir. Mən Sumqayıtda kimya sənayesinin yaranması və inkişaf etməsinə xidmət etmiş adamların fəaliyyətini yüksək qiymətləndirirəm. Onların hamısı bu gün üçün, müstəqil Azərbaycan üçün gözəl təməl yaratmışlar” deyən dahi şəxsiyyət Heydər Əliyev Sumqayıtla bağlı həmişə yüksək fikirlər söyləyirdi.
Tədbirdə çıxış edən “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri İmran Arzumanzadə qeyd edib ki, indi xalqımız Azərbaycan dövlətinin tərəqqisi və qüdrətlənməsi, dövlətçiliyimizin qorunması, yeni-yeni iqtisadi uğurların qazanılması, ölkəmizin dünya dövlətləri sırasında layiqli yer tutması istiqamətində yorulmadan çalışan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə sabaha böyük ümid və inamla baxır. Ümummilli Liderimizin müəyyən etdiyi daxili və xarici siyasət xəttinin ölkə başçısı tərəfindən yeni şəraitdə uğurla davam etdirilməsi hər bir vətəndaşımızda o əminliyi yaradır ki, Azərbaycan qüdrətli bir ölkəyə çevrilməklə, beynəlxalq aləmdə mövqeyi və nüfuzu daha da möhkəmlənəcək.
Tədbir ərzində ümummilli lider Heydər Əliyevin hamıya örnək ömür yolu foto-slaydlar vasitəsilə iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirin sonunda Sumqayıt şəhər 31 saylı tam orta məktəbin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya təqdim olunub.
Orxan Vahidoğlu, “İki sahil”