Heydər Əliyev Bakıya gəlməklə Azərbaycanı gözlənilən fəlakətlərdən xilas etdi
1992-ci ilin yay aylarından 1993-cü ilin iyun ayına qədərki müddəti Azərbaycanın dövlətçilik tarixində fəlakət dövrü adlandıranlar qənaətlərində haqlıdırlar. Həmin illərdə AXC-Müsavat iqtidarının səbatsızlığı ölkəni uçuruma aparmaqla yaranan iqtisadi böhranı daha da gərginləşdirdi. O dövrdə Gəncə şəhərində Sürət Hüseynov tərəfindən qaldırılan qiyamı yatırmaqda aciz olan iqtidarsız iqtidarların günahı üzündən qardaş qanı axıdıldı. Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə dayandı.
...4 iyun 1993-cü il. AXC-Müsavat iqtidarında yüksək mövqe tutan İsa Qəmbər- Əli Kərimli- Surət Hüseynov üçlüyü arasındakı qarşıdurmalardan yaranan Gəncə qiyamı, 130 və 709 saylı hərbi hissələrin ərazilərində baş verən qanlı hadisələr ölkədə xaos yaratdı. Müstəqilliyimizə təhlükə olan Gəncə hadisələri Azərbaycanın hərtərəfli məhvinə yönəldilmiş cinayət, hər an alovlana biləcək bir qığılcım idi. Korpus komandiri Surət Hüseynovun qiyamı, torpaqlarımızın itirilməsi ilə nəticələnən hadisələr, əvvəlcədən planlaşdırılmış xəyanətkar gedişlər vəziyyəti daha da gərginləşdirirdi. İnsanların qənaəti isə bu idi ki, hakmiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsiz iqtidarı belə çətin məsələləri həll etmək gücündə, bacarığında deyil. Ayrı-ayrı imperialist qüvvələrin strateji maraqlarına xidmət edən ölkə rəhbərlərinin xəyanəti Azərbaycanın müasir tarixinə qara hərflərlə yazıldı. O illərdə dövlətçiliyin əsasları qurulmamışdı, ekstremist elementlərə qarşı ciddi mübarizə aparılmamışdı, nizami ordu yaradılmamışdı, cəmiyyətdə milli həmrəylik, milli birlik yox idi. Yaranan belə şəraitdən istifadə edən, Azərbaycanın müstəqilliyinə hər vasitə ilə mane olmağa çalışan xarici dairələrin emissarları ölkədə qarışıqlıq yaratmaqda maraqlı idilər.
Respublikada cərəyan edən proseslər, büdcənin boşaldılması, yaranan iqtisadi böhran, sənayenin iflic vəziyyətinə düşməsi Ermənistanın Azərbaycan torpaqlarını asanlıqla zəbt etməsi ilə nəticələndi.
Müxtəlif partiyalara xidmət edən qanunsuz silahlı birləşmələr dövlətin maraqlarına , xalqın mənafeyinə deyil, bir qrup naşı siyasətçiyə xidmət edirdilər. Ən qorxulusu isə Ermənistan ilə qanlı döyüşlərin getdiyi bir zamanda AXC-Müsavat qruplaşması hakimiyyətlərini saxlamaq naminə vətəndaş müharibəsinin başlanması təhlükəsini belə ciddi məsələ kimi görməyəcək qədər kor idilər.
“Cəmi bir il ərzində AXC-Müsavat qruplaşmasının yarıtmaz, xəyanətkar fəaliyyəti nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini itirmək ərəfəsində idi və tarix sanki təkrarlanırdı. 1918-ci ildə əldə edilmiş müstəqilliyi 1920-ci ildə itirdik - 2 il ərzində. Bu dəfə də 2 ildən sonra artıq buna çox yaxın idik. Əgər o vaxt xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın taleyi çox ağır, acınacaqlı ola bilərdi. Onu da qeyd etməliyəm ki, Heydər Əliyevi Naxçıvanda devirmək, o cümlədən silahlı desant göndərmək istəyən AXC-Müsavat qruplaşması özü də ağır vəziyyətə düşəndən sonra Heydər Əliyevə müraciət etdi, onu Bakıya dəvət etdi ki, onların canlarını qurtarsın. Naxçıvana üç dəfə təyyarə göndərmişdilər. Heydər Əliyev Bakıya gəlməklə, ilk növbədə, Azərbaycan xalqının iradəsinə öz hörmətini göstərdi. O, böyük dövlət adamı, vətənpərvər insan kimi o ağır anlarda Bakıya gəldi və ondan sonra Azərbaycanda inkişaf dövrü başlamışdır.” O dövrdə yaranmış hərc-mərcliyi bu sözləri ilə ifadə edən Prezident İlham Əliyev həmin günü Ulu Öndərin xilaskarlıq missiyasının bağlanğıc tarixi adlandırır.
Cənab İlham Əliyevin vurğuladığı kimi, 1992-ci ilin yay aylarından 1993-cü ilin iyun ayına qədərki dövr biabırçılıq, rüsvayçılıq, fəlakət dövrü idi. Hakimiyyəti qanunsuz olaraq zəbt etmiş AXC-Müsavat qruplaşması ölkəmizi uçuruma aparırdı. Kəlbəcər rayonunun 1993-cü ilin aprel ayında işğal altına düşməsindən sonra Dağlıq Qarabağla Ermənistan arasında coğrafi əlaqə yaradıldı. Azərbaycanın daxilində gedən proseslər ölkəmizi çökdürürdü. Xalq respublikada cərəyan edən hadisələrdən xəbərsiz idi. “Siyasət dəllallarının” xəyanətləri insanlardan gizlədilir, Milli Məclisdə müzakirə olunan qərarlar haqqında ölkə əhalisinə məlumat verilmədən erməni kəşfiyyatçılarına çatdırılır, döyüşə gedən əsgərlərimiz arxadan vurulur, topraqlarımız ayrı-ayrı partiyalara, şəxslərə xidmət edən silahlı dəstələr arasında başlanan intriqaların qurbanına çevrilir, ermənilərə təhvil verilirdi.
İqtisadi böhran yaşanırdı, sənaye demək olar ki, iflic vəziyyətə düşmüşdü. O vaxtkı hakimiyyət ancaq öz maraqlarını təmin etmək üçün çalışırdı. Bakının küçələrində əlisilahlı adamlar dəstə-dəstə gəzir, insanları incidirdilər.
...Paytaxtda baş verənləri narahatlıqla izləyən və ölkəni uçuruma aparan vəziyyətin gərginləşməsinin sonda fəlakətlə nəticələnəcəyini uzaqgörən siyasəti ilə dərk edən ulu öndər Heydər Əliyevin iştirakı ilə keçirilən Naxçıvan MR Ali Məclisinin və muxtar respublika Nazirlər Kabinetinin birgə iclasında vəziyyət geniş təhlili olundu və hadisəyə münasibət bildirildi. “İyun ayının 4-də Gəncə şəhərində başlanmış və bu günə qədər davam edən hadisələr bizdə ciddi narahatlıq doğurur. Şəhərdə qan tökülüb, normal həyat pozulub, Faktiki olaraq vətəndaş müharibəsi başlanıb. Müstəqil Azərbaycan Respublikasının indiki ağır və keşməkeşli, tarixən məsuliyyətli bir dövründə baş verənləri dəhşətli hadisə kimi qiymətləndirir, qardaş qanı tökülməsini pisləyirik... Bunların qarşısı dərhal alınmalıdır Hamını bu yolda milli birliyə, vətəndaş həmrəyliyinə dəvət edirik” söyləyən ulu öndər Heydər Əliyev müdrik siyasətçi, təcrübəli dövlət başçısı kimi xalqı birliyə çağırdı. İnsanlar başa düşürdülər ki, Azərbaycanda gərginliyin səbəbi təkcə Qarabağ münaqişəsi deyil, ölkədə vətəndaş müharibəsi üçün qığılcım olan həm də Gəncə hadisələridir. Ümid yeri, xilas yolu axtaran xalqın nəzərləri yenə də Naxçıvana yönəldi. Yekdil ictimai fikir isə yeganə və dəyişilməz idi: Heydər Əliyev Bakıya gəlməli, Azərbaycanı düşdüyü ağır, çətin vəziyyətdən xilas etməlidir. O zaman ziyalılar adından tarixi əhəmiyyəti ilə seçilən “91-lər”in müraciəti Naxçıvana ünvanlandı. Azərbaycanın müstəqilliyinin itirilməsinin hansı faciələrlə nəticələnəcəyini muxtar respublika əhalisi də aydın başa düşürdü. Amma ulu öndər Heydər Əliyevin həyatına növbəti təxribatın, qəsdin olacağından ehtiyatlanan naxçıvanlılar xilaskarlarından ayrılmaq istəmirdilər. Həllini gözləyən Azərbaycanın müstəqilliyi, vətənin bölünməzliyi kimi taleyüklü məsələ tələb və təkidləri ortaq nöqtədə birləşdirirdi. Beləcə xalqın haqlı tələbi yerinə yetirildi.
9 iyun 1993-cü ildə paytaxta gələn Heydər Əliyev parlamentdə çıxış edərək bildirdi ki, əsl vəziyyəti öyrənmək üçün hadisə yerində olmalıyam. Daim həqiqət, ədalət tərəfdarı olan Ulu Öndər belə də etdi. Ziyalılardan, ağsaqqallardan, jurnalistlərdən ibarət qrupla Gəncədə oldu, vətəndaşlarla, hərbçilərlə görüşərək, siyasi böhranın, qarşıdurmanın aradan qaldırılması üçün müzakirələr apardı, çıxış yolları barədə faydalı, müdrik tövsiyələrini bildirdi. Zərər çəkən, əzizlərini itirən gəncəlilərə mənəvi dəstək oldu. Vəziyyət o qədər mürəkkəb idi ki, adi ehtiyatsızlıq daha ciddi fəlakətlərlə nəticələnə bilərdi. Canından artıq sevdiyi Azərbaycanı qurtarmaq üçün bütün mümkün variantalardan zəkasına güvənərək istifadə edəcəyini bildirən Ulu Öndər xalqı birlik və həmrəyliyə çağırdı.
Gəncədəki görüşün nəticələri barədə iyunun 15-də keçirilən Ali Sovetin fövqəladə sessiyasında açıqlama verən Heydər Əliyev bildirdi ki, göstərilən səylər, aparılan danışıqlar bu gərginliyi aradan qaldıracaq: “ Ancaq mən demişəm və bir də deyirəm ki, mən heç vəchlə silah işlədilməsinin tərəfdarı ola bilmərəm. Bu gərginlik, qarşıdurma yalnız sülh yolu ilə, barışıq yolu ilə , qarşılıqlı anlaşma yolu ilə , danışıqlar yolu ilə həll olunmalıdır.”
Azərbaycanın tarixinə xilas günü kimi yazılan həmin sessiyada deputatların yekdil səsverməsi ilə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu, seçim ilə Azərbaycanın xilas yolunun, müstəqilliyizin əbədiliyinin təməli qoyuldu.
“... Heç kəsin şübhəsi olmasın ki, mən ömrümün bundan sonra qalan hissəsini harada olursa -olsun yalnız və yalnız Azərbaycan Respublikasının mütəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm” söyləyən , daim xalqa arxalanan Heydər Əliyev qısa müddətdə ölkədə milli-həmrəyliyə, birliyə nail oldu. Reallıq isə bu idi ki, o günlərdə Heydər Əliyevin hadisələrə müdaxiləsi olmasa idi dünyanın siyasi xəritəsində Azərbaycan adlı dövlətin varlığına çoxdan son qoyulmuşdu.
Bu hadisədən üç gün sonra-18 iyunda Azərbaycan xalqı eşitdikləri xəbərdən şoka düşdü: Azərbaycan prezidenti Əbülfəz Elçibəy heç kimə məlumat vermədən , gizlincə Bakını tərk edib. Doğma kəndi Kələkiyə gedib. Belə olan halda ölkəyə rəhbərlik təbii ki, respublikada ikinci səlahiyyətli şəxs olan spikerə həvalə olunmalı idi. İyunun 24-də Ali Sovetin qəbul etdiyi qərarla Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə həvalə olundu.
Beləliklə, cəmi üç gün əvvəl Ali Sovetin sədri seçilən Heydər Əliyev dövlət başçısı funksiyalarını da yerinə yetirməli oldu.
Elçibəyə vəzifəsini davam etdirmək üçün müraciət qəbul olundu. Eyni zamanda Sürət Hüseynova vətəndaşlıq borcu xatırladılaraq bildirildi ki, Vətənin ali maraqları naminə hərbi qarşıdurmaya son versin. Ölkənin tanınmış şəxsiyyətlərinin, ziyalıların təmsil olunduğı bir qrup Kələkiyə göndərildi. Elçibəy isə “Azərbaycanı Kələkidən idarə edəcəyəm” cavabı ilə Bakıya dönməkdən imtina etdi.
Beləcə ölkəyə rəhbərlik Azərbaycanda hamının sevdiyi, qətiyyətinə inandığı, təcrübəsinə güvəndiyi, müstəqilliyin qarantı olan Heydər Əliyevə tapşırıldı.
Ulu öndər Heydər Əliyev Rusiya televiziyasına verdiyi müsahibəsində yaranmış vəziyyəti şərh etdi: “ Açığını desək, respublika demək olar ki, idarəedilməz olmuşdu, çünki prezident yoxdur. Baş nazir yox idi, -o , artıq çoxdan istefa vermişdi, mən tək qalmışdım, bir çox məsələlər isə prezidentin səlahiyyətlərindən istifadə edərək həll olunmalı idi. Bax, belə bir vəziyyətdə mən həmin vəzifələri öz üzərimə götürdüm.”
Beləcə 29 avqust 1993-cü ildə Elçibəyə etimad məsələsi ilə bağlı referendum keçirildi. Prezident seçkilərində ona bir milyon 800 yüz min nəfər etimad göstərmişdi. Referendumda isə onun əleyhinə üç milyon yarımdan artıq seçici səs vermişdi.
3 oktyabr 1993-cü ildə keçirilən prezident seçkilərində bütün Azərbaycan xalqı yedilliklə Heydər Əliyevə etimad göstərərək onu əbədi olaraq xilaskar, müstəqilliyin qarantı seçdilər.
Prezident kimi andiçmə mərasimində də xalqın dəstəyi ilə demokratik , müstəqil cəmiyyət quruculuğunda önəmli nailiyyətlər əldə olunacağına dövlət başçısı kimi əminlik ifadə edən Heydər Əliyev Azərbaycanı dünya birliyində qüdrətli bir ölkə kimi tanıdacağına söz verdi. Vədinə də əməl etdi.
Uzun illərin dövlətçilik təcrübəsinə əsaslanan xalq-iqtidar birliyi 1994, 1995-ci illərdə törədilən dövlət çevrilişlərinə cəhdlər zamanı da təsdiqləndi. İnamına, seçiminə sadiq qalan Azərbaycan xalqı yolunu müəyyənləşdirdi. Bu seçim sabaha böyük ümidlərlə dolu Heydər Əliyev yolu idi. Azərbaycanı qorumaq, saxlamaq, dövlətçiliyimizi möhkəmləndirmək və inkişaf etdirmək yolları hamar olmasa da ümummilli lider Heydər Əliyev zəkası ilə bütün çətinliklər qalib gəlmək əzmində olduğunu subut etdi. Onun fəaliyyəti dövründə Azərbaycan milli intibah zirvəsinə qədəm qoydu. Tükənməz əmzi hesabına ölkəmizdə yeni iqtisadi, siyasi, hüquqi təsisatlar yaradıldı, mühüm islahatlar həyata keçirildi, sosial-iqtisadi proqramların qəbulu nəhəng quruculuq prosesinin sürətlənməsi üçün real imkanlar yarandı. Sovetlərdən miras qalan planlı idarəetmə bazar iqtisadiyyatı ilə əvəz olundu. “Əsrin müqaviləsi” adlanan nəhəng neft kontraktının imzalanmasını gerçəkləşdirməklə xalqlar arasında əməkdaşlıq əlaqələri yaratdı, neft strategiyasını müəyyənləşdirdi, Azərbaycanın inkişaf parametrlərini düzgün istiqamətləndirdi.
Prezident İlham Əliyevin davam etdirdiyi varislik siyasəti ümummilli lider Heydər Əliyevin arzusunda olduğu möhtəşəm Azərbaycanı dünyada tanıtdı, fərqləndirdi, nüfuzunu artırdı. Hazırda Azərbaycan dünya birliyində vədinə sadiq etibarlı tərəfdaş, ölkələrin enerji təchizatının təminatında rolu artan qüdrətli bir ölkədir.
Bu inkişaf isə Qurtuluşa aparan 9 iyun 1993-cü ildən başlanır.
Xuraman İsmayılqızı, “İki sahil”