21 may 2018 19:50
1753

“Azneft” İstehsalat Birliyinin rəhbər işçilərinə sertifikatlar təqdim edilib

“Effektiv idarəetmə bacarıqları”, “Liderlik bacarıqları” və “Layihələrin idarəedilməsi” üzrə Azneft İstehsalat Birliyinin rəhbər işçilərinə ADA Universitetinin peşəkar təlimçiləri tərəfindən təlimlər keçirilmişdir. Təlimlərdə liderin xüsusiyyətləri, emosional zəkanın liderlikdə rolu, effektiv komanda işinin təşkili, komanda üzvlərinin həvəsləndirilməsi, düzgün ünsiyyət qurmanın üstünlükləri, dəyişikliklərin idarə edilməsi, səlahiyyətlərin həvalə edilməsi, performansın idarə edilməsi, stressin idarə edilməsi, işlərin icrası zamanı layihə idarəetməsi yanaşmasının tətbiqi, təşkilati əlaqə, təşkilati struktur, layihədə maraqlı tərəflərlə işləmə bacarıqları, risklərin idarə edilməsi, vaxtın idarə edilməsi, xərclərin idarə olunması və digər mövzulara toxunulmuşdur.

Təlimlər fevral ayının 12-dən aprel ayının 4-dək əvvəlcə təşkilatların baş mühəndisləri üçün, daha sonra isə 24 aprel tarixindən 17 may tarixinədək birliyin təşkilat rəhbərləri üçün keçirilmişdir.

18 may tarixində ADA Universitetində SOCAR-ın Yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifovun, Baş Ofisin İnsan Resursları Departamentinin rəisi Asif Bəkirlinin və “Azneft” İB-nin baş direktoru Daşqın İskəndərovun iştirakı ilə dinləyicilərə görüş keçirilmiş, birgə müzakirələr aparılmış, bu tip təlimlərin əhəmiyyəti vurğulanmışdır. Həmçinin qeyd olunmuşdur ki, SOCAR-ın rəhbər işçiləri üçün belə təlimlərin davamlı təşkil olunması, onların müasir idarəetmə səriştəliliklərinin təkmilləşdirilməsi hazırda diqqət mərkəzində olan məsələlərdəndir və davranış səriştəliliklərinin inkişaf etdirilməsinin davamlı olaraq rəhbər işçilərin inkişaf proqramı şəklində həyata keçirilməsi zəruridir.

Sonda təlimi bitirən dinləyicilərə SOCAR rəhbərliyi tərəfindən sertifikatlar təqdim edilmiş və xatirə şəkli çəkilmişdir.