22 may 2017 23:25
421

Ordumuzun cəbhə xəttindəki üstünlüyü davam edir

Azərbaycan Ordusu cəbhə xəttində hərbi vəziyyətə tamamilə  nəzarəti öz əlinə alıb. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat üçün açıqlamalarında ordumuzun erməni təxribatına layiqli cavab verdiyi, onların atəş nöqtələrinin dərhal susdurulduğu bildirilir. Artıq Ermənistan siyasi və hərbi rəhbərliyi yaxşı anlayır ki, hərb meydanında Azərbaycan Ordusuna qalib gəlmək mümkün deyil.

Son bir neçə ildə Azərbaycan Ordusunun Ermənistan ordusuna vurduğu ciddi zərbələr erməni ictimaiyyəttində də birmənalı qarşılanmayıb. Bunların xronologiyası isə belədir. 2015-ci ildə Ermənistan ordusuna məxsus hərbi vertalyot ordumuz tərəfindən cəbhə xəttində vuruldu.

Elə həmin il 20-25 nəfərlik erməni diversiya qrupu cəbhə xəttini keçmək istəyərkən məhv edildi. Həmçinin müxtəlif zamanlarda erməni kəşfiyyatçıları hərbçilərimiz tərəfindən tutularaq istintaqa təhvil verildi.

Ən nəhayət ötən ilin aprel döyüşləri Azərbaycan Ordusunun zəfər döyüşü kimi tarixə düşdü. Qısamüddətli əks hücum əməliyyatızamanı ordumuz önəmli mövqeləri işğaldan azad etdi.

Ən başlıcası isə ermənilər Azərbaycan Ordusunun ən müasir silahları qarşısında aciz duruma düşdüklərini etiraf etmək məcburiyyətində qaldılar. İdarə olunan DRON tipli pilotsuz uçan qırıcılar erməni qərargahlarını darmadağın etdi. (ermənilərdə bu tip qırıcı təyyarə yoxdur) Ermənistan ordusunun yüksək rütbəli hərbçiləri və onlarla əsgəri özgə torpağında gəbərdilər.

Bu gün Ermənistan ictimaiyyətində ciddi narahatlıq hökm sürür. Ermənilər öz hərbi qüvvələrinin Azərbaycan Ordusundan həm təchizat, həm də peşəkarlıq baxımından bir neçə dəfə geridə qalmasından narahatlıq keçirərək həyəcan təbili çalırlar.

Hətta bəzi erməni analitikləri etirazlarını qəzəbli açıqlamalarla davam etdirərək Serj Sarkisyan rejimini korrupsiyada, regionçuluqda, müstəqil və qətiyyətli siyasət yürüdə bilməməkdə qınayırlar. Təbii ki, onlar iradlarında haqlıdırlar.

Çünki Ermənistan ordusunda fərarilik, əsgər ölümləri ötən illərlə müqayisədə bir neçə dəfə artıb. Ermənilər əsgər övladlarının ölümünə görə dəfələrlə İrəvanda etiraz mitinqləri keçiriblər. Elə ötən həftə də belə bir mitinq keçirildi və erməni anaları övladlarının ölümünə görə Serj Sarkisyanı ittiham etdilər.

Erməni analitik: Ermənistan tərəfindən cəbhə xəttində atəşkəsin mütəmadi pozulması Serj Sarkisyanın korrupsiya əməlidir

Bu gün cəbhə xəttində atəşkəsi mütəmadi pozan Ermənistan ordusu, əslində bundan ciddi hərbi nəticə də gözləmir. Çünki Azərbaycan Ordusunun gücünü və peşəkarlığını dəqiq bilir.  Bəs hər gün atəşkəsin 120- 140 dəfə pozulması faktından erməni  hərbçilərinin qazancı nədir?

Prezident Serj Sarkisyanın qatı əleyhdarı Aviq Ambartsumyan adlı erməni analitiklərindən biri cəbhə xəttində atəşkəsin mütəmadi olaraq pozulmasını Serj Sarkisyanın korrupsiya əməli kimi qiymətləndirir. Onun sözlərinə görə, boşuna atılan, heç bir ciddi nəticəsi olmayan, ən nəhayət silah və sursatdan səmərəsiz istifadə erməni siyasi hakimiyyətinə “pripiska” üçün lazımdır. Bu, Serj Sarkisyanın dövlət büdcəsini silahdan istifadə adı ilə talamaq əməlidir.

Daha bir məqama diqqət yetirək: həm yerli, həm də xarici KİV-lərdə davamlı olaraq belə bir xəbərlər yayılır ki, cəbhə xəttində gərginlik yaradan ermənilər növbəti hərbi təxribatlara əl atmaq istəyirlər. Təbii ki, ermənilər istəyə bilərlər-ancaq cürətləri çatmaz. Ona görə ki, Azərbaycan Ordusu bütün parametrləri ilə Ermənistan ordusundan dəfələrlə güclüdür. Onların istənilən hücumunu ordumuz əks hücumu ilə darmadağın ediə bilər.

Elçin Zaman, “İki sahil”